MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1

11:57 / 14.10.2016

“Xoşbəxtlik”. 50 yaşına çatıram, amma hələ də bu sözün mənasını dərindən başa düşməmişəm. Sovet dövründə, orta məktəblərdə tez-tez bu mövzuda inşalar yazardıq: “Xoşbəxtlik nədir”. Yaxşıcana uydururduq özümüzdən. “5” alan da olurdu, “4”, “3”, hətta “2” də. Belə çıxırdı ki, “əla” qiymət alanlar xoşbəxtliyin nə olduğunu başa düşdüklərinə görə inşanı da elə “5”-ə yazıblar. “4” alanlar isə qismən xoşbəxtdirlər. Bəs “2”? İndi başa düşmüşəm ki, demə sinfimizdə bədbəxtlər də varmış. Xoşbəxtliyin nə olduğunu anlamayan insanlar.

50 yaşına çatıram, amma bir dəfə də eşitməmişəm ki, kimsə özünə “Mən xoşbəxtəm” desin. Bəlkə də “göz”dən qorxurlar insanlar? Bircə Zeynəb Xanlarovanın bir mahnısında müsbət anlamda etiraf səslənib: “Dünyanın xoşbəxti mənəm dünyada”.

21 yaşına qədər mənə heç kim deməyib ki, bala, xoşbəxt ol. “Yekə oğlan olasan”, “Atalı-analı böyüsün” deyiblər. “O gün olsun”lar da ki, nə qədər istəyirsən. Amma elə ki, atamgil elçi getdilər... Bax onda “xoşbəxt”lik atəşinə tutdular məni. Elçilik, nişan, toy... axı, adama nə qədər deyərlər ki, “bala, xoşbəxt ol”. Hamı belə deyirdi. Amma heç kim demirdi ki, “Artıq xoşbəxtsən. Bu cür ailəylə qohum olmusan. Bu cür qız almısan”. Elə hey tutuquşu kimi bir ifadəni təkrar edirdilər: “Xoşbəxt ol! Xoşbəxt ol!” Bu alqış idimi, yoxsa arzu? Yəqin ki, alqış. Arzu olsaydı, ortaya belə bir nəticə çıxardı: “Deməli mən bədbəxtəm ki, hamı mənə olmayan şeyi – xoşbəxtliyi arzulayır”.

İndi deyəcəksiniz ki, Mahirin yadına orta məktəb illəri düşüb. “Xoşbəxtlik nədir” mövzusunda yarımçıq qalmış inşasını 50 yaşında başa çatdırmaq istəyir. Əsla. Sadəcə hər yazının yazılmasına bir səbəb olur. Bunu yazmağıma isə iki səbəb var.

Bu yaxında həyat yoldaşım belə bir söz işlətdi: “Mahir, xoşbəxt günlərimiz 9-cu mikrorayondakı, 2 otaqlı, 28 kvadratmetrlik evimizdə qaldı”. Bu mənə çox qəribə görünsə də, ciddiyə almadım. 8-ci mərtəbə, paneldən qurulmuş ev, qışda divarları nəm, rütubətli iki otaq, fasiləylə verilən su, tez-tez kəsilən işıq, qaz, tez-tez xarab olan lift, heç bir dəfə də verilməyən istilik enerjisi, pulsuzluq, sıxıntı – bu idimi bizim xoşbəxt günlərimiz? Bəs onda indi kimik? İndi nəyik? Fikirləşdim ki, yəqin nisbətdə deyir. Onda sadəcə xoşbəxt idik, indi isə super xoşbəxt. Amma yenə də yaddaşımı varaqlayıb, o illərdə heç olmasa xoşbəxtliyin cücərtilərini tapmağa çalışdım. Amma tapmadım. Heç bu mövzuda yazmaq ağlımdan da keçmədi. Həyatımın bu kəsiyi başqa bir böyük bədii əsərimin nə vaxtsa tərkib hissəsi olacaqdı. Amma, nəvaxtsa...

2015-ci ilin dekabrında 2-ci devalvasiya baş verdi. Hamı çaşqınlıq içində olsa da, gənclərin davranışları xüsusilə də məni incitdi. Axı devalvasiya ilk növbədə

yaşlı nəslə, əlillərə, pensiyonerlərə zərbə vurur. Gənc isə gəncdir. Lap gedib vaqon boşalda bilər, küçə süpürər, zibil daşıyar, özünü və ailəsini dolandıra bilər. Bununla bərabər gələcəyə inamı, “Yaman günün ömrü az olar” məsəli dilində əzbər olmaq şərtiylə. Şəxsən mən belə gənc olmuşam. Lazım olsa indi də olaram. Ona görə də yazmağa qərar verdim. Bəlkə oxuyub, indiki gənclər özləriyçün nəsə bir nəticə hasil edərlər.

 

ELƏ İSƏ BAŞLADIQ

 

1987-ci ildə əsgərlikdən qayıtdım. BDU-nun 3-cü kursuna bərpa olundum. Amma istəmirdim əyani oxumaq. Çünki əsgərlik beynimi, düşüncəmi tamam başqa bir səmtə çevirmişdi. Alim olmaq arzum ölmüşdü. Bərkə-boşa düşmüşdüm. Sərbəst olmuşdum. Əslində heç evə qayıtmamalıydım da... İki illik xidmət dövründə Əfqanıstana getmək imkanı yaranmışdı. Getmədim. Getmək istəyirdim, çox maraqlı idi mənimçün müharibə. Sonra dedilər ki, bəs səni bir sərhədçi kimi Moskvaya VŞK-ya – “Vısşaya Şkola KQB” (Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbi) - göndərmək istəyirik. Demə otraydın Xüsusi və Kəşfiyyat şöbələri bir il ərzində hər şeyi araşdırıb, yoxlayıb bu fikrə gəliblərmiş. Getmədim. Əsgəri xidmətin sonuna bir-iki ay qalmış təklif etdilər ki, sənə proporşik rütbəsi verək, qal zastavada. Qiyabiyə keç. İldə iki dəfə gedərsən oxumağa. Məzuniyyət qarışıq 12 ayın üç-dörd ayını Bakıda olarsan. Razılaşmadım. Ordudan tərxis olduğum gün isə, otraydda məni xüsusi qəbul edib dedilər ki, “sabah Qafan-Bakı qatarının qabağına çıxacaqlar - Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları. Birbaşa gedəcəksən idarəyə. Bizə sənin kimi kadrlar lazımdır. Sən artıq yoxlanılmış adam sayılırsan. Ona görə də evə getməməlisən. Getsən, gərək səni əvvəldən başlasınlar yoxlamağa”. Razılıq vermədim. Bircə şeyin xətrinə. Mən evin tək uşağıydım. Atama, anama lazım idim.

Saydığım bu təkliflər sizə qəribə gəlməsin. Elə düşünməyin ki, Mahir lovğalanır. Mən SSRİ DTK-sının Sərhəd Qoşunlarında xidmət edirdim. Məni həm də o vaxt ehtiyata çıxan, xalam əri, polkovnik (indi general-mayor) Abbasəli Novruzovun “bacısı oğlu” kimi tanıyırdılar. Otryadın Xüsusi şöbəsinin rəisi, podpolkovnik Qey və Kəşfiyyat şöbəsinin rəisi, podpolkovnik Yerijoqov xalam ərinə “On naş axsakkal” deyirdilər. Üstəgəl şair-müəllim oğlu, kommunist, Azərbaycan komsomolunun 32-ci qurultayına nümayəndə olmağım, rus dilindən hərbi tərcüməçiliyim, universitetdə oxumağımla diqqəti cəlb etmişdim. Xidmət etdiyim zastava isə nümunəvi hərbi hissə sayılırdı. İki il nizamnaməyə əsasən xidmət etməyin “dadını” isə əsgərlikdə olanlar yaxşı bilirlər. Bir çırtmaya görə əsgəri qaupvaxta göndərsəydilər, xoşbəxtçilik idi. Vay onda ki, Maqadana xidmət

etməyə göndərəydilər. Çox özümü təriflədim deyəsən. Amma olan şeylərdir hamısı.

Xülasə qayıtdım əsgərlikdən evə. Çox sərbəstləşmişdim. Bütün günü havada olan, gecə və gündüz bilməyən, gündə çiynində avtomat, belində güllə dolu sandıqça, SPŞ raket tapança, 12 kilometr gəzən mən evə güclə sığırdım. Birinci ultimatumum bu oldu ki, əyanidən keçirəm ya axşama, ya da qiyabiyə. “Nə? Sonra da hamı desin ki, Qabil bircə oğlunu oxutdura bilmədi?” cavabıyla ultimatumum elə kağızdaca qaldı. Məcbur olub Ağ bayraq qaldırdım. Gəldim ki, “bəs papa, universitetdə praktika borcum var, getməliyəm yeni kurs tələbə dostlarımla Ordubada – dialekt yığmağa. Buna da əks reaksiya verdi. “Səni gözümdən uzağa buraxa bilmərəm. Evin tək uşağısan, başına bir iş gəlsə neylərəm” demişdi ki, sifətim çöndü və məcbur olub cavab qaytardım: “Belə narahat idinsə iki il əsgərliyə niyə buraxdın məni? Hansı sınaqlardan çıxdım, bilirsən? Heç xəbərin var idi ki, nə yeyirəm, nə içirəm? Belimdə silah, yayın istisində, qışın soyuğunda səhərəcən sərhəddə veyllənəndə niyə narahat olmurdun, hə?...” Ürəyimi boşaltdım. Cavab verə bilmədi. Ordubada getməyimə razılaşdı. Amma kövrəldi də... Çünki gözündə hələ də uşaq idim. “Saqqallı uşaq”.

Bir əhvalat danışdı mənə. Dedi ki,” hər dəfə axşam saat 10-da, mərkəzi kanalda “Vremya” informasiya buraxılışı başlananda kövrəlirdim”. Başa düşdüm ki, nə deyir. Əsgərlikdən əvvəl hər axşam ata-bala evdə yemək olsa belə, kartoşka, kolbasa qızardar, böyük otaqda süfrə açardıq. “Vremya” başlayanda, xəbərlərə baxa-baxa, başlayırdıq yeməyə. Mən içməsəm də, atam yüz-yüz vurardı. Başa düşdüm ki, iki il “Vremya” başlayanda nələr çəkib. Ona görə də indi gözündən uzağa qoymaq istəmir.

Atama demədim ki, Bakı kəndlərinə də qrup var. Mən Ordubadı seçdim. Bu səfərdə çox şey görüb-götürdüm. Yığdığım şifahi xalq ədəbiyyatı nümunələrindən isə yalnız iki hakuşka əzbər yadımda qalıb:

 

O yandan maşın gəlir,

Bu yandan maşın gəlir.

Maşında işim yoxdur

Şoferdən xoşum gəlir.

 

Bu praktika çox yaxşı keçdi. Həm 3-cü kursda oxuyacağım yeni tələbə dostlarını yol yoldaşlığında sınaqdan keçirdim, həm də Ordubadın səfalı təbiətində istirahət etdim. Müəllimlərim Şaməddin Xəlilov, Elbrus Əzizov və Gülxanım Vəliyevanı həm də bir insan kimi yaxından tanıdım.

Qayıdandan sonra isə yay istirahəti Yardımlıda davam etdi. Bax elə burda da məni yavaş-yavaş yoldan çıxarmağa başladılar. Yəni ki, evlənmə marafonuna start

verildi. 1987-ci ilin yayından 1988-ci ilin yanvarınacan müqavimət göstərə bildim. Amma yanvar ayının ortalarında babam Ağasəfin vəfat etməsi 62 yaşlı atamı qorxuya saldı. Yəni ki, gözü qorxdu. “Deməli o da ölə bilər. Özü də məni evləndirməmiş. Arzuları gözündə qalar”. Beləcə 21 yaş 2 aylıq olan mən öz arzumla “zəncirlənməyə” razılıq verdim.

Heç babamın ilini də gözləmədilər. Babamın 40-ı çıxan günün səhəri ilk elçiliyə getdilər, sonra “həri”yə. Mayın 28-də artıq nişan mərasimi keçdi. Oktyabrın 22-sinə də toy təyin edildi. Sizə də məsləhət, əgər toy eləmək istəyirsinizsə nişanı maya, toyu isə oktyabra salın. Bu arada heç bir bayram yoxdur, “Bayramlıq” aparmayacaqsınız. Gör nə qədər qabağa düşürsünüz e..

Toy oldu və başa çatdı. Hər şey yaxşı gedirdi. 28 kvadrat metrlik iki otaqlı mənzildə İmamverdiyev familiyalı iki müstəqil sovet ailəsi mehriban şəraitdə yaşayırdı. Lap bir millət, iki dövlət kimi. Amma gəlinin ayağı düşmədi. Hər halda el ağzına belə deyirlər. Heç mənim də ayağım yüngül olmadı. Deyirlər ki, bəy toyunda oynasa ucuzluq olar. Nəinki ucuzluq oldu, əksinə.... Bir aydan sonra devalvasiya başladı. Buna o vaxt devalvasiya yox, qiymətlərin qalxması deyirdilər. Amma bu bahalaşma indikindən çox fərqlənirdi. İndi mal-çeşid boldur, amma ki, qiyməti bahalaşır. Amma onda mal qıt idi, üstəlik də qiyməti baha.

İndi sənədli filmlərə baxanda başa düşmüşəm ki, demə o vaxt ABŞ SSRİ-ni yıxmaq üçün neftin bir barelinin qiymətini 5 dollaracan salıbmış. 1 dolların məzənnəsi 96 kopeek-dən 6 rubla qalxıbmış. Bunu isə o vaxt heç kim bilmirdi. Bu barədə televizorda göstərmirdilər. Bunu qəzetlər yazmırdılar.

Qərbi Azərbaycandan didərgin salınanlar Bakıya üz tutmuşdular. Mitinq dalğası başlanmışdı. Atamdan yeni məsəllər eşitməyə başlayırdım: “Elnən gələn bəla toy-bayram olar”. Amma bir yox, üç bəla birdən gəlmişdi. Qaçqınlar, qıtlıq, bahalaşma.

Atamdan eşitdiyim və mənimçün yeni olan ikinci misal isə “El elə sığar, ev-evə sığmaz” Atalar sözü idi. Hamı qaçqınlara mehribanlıqla yanaşırdı. Bacardığı köməyi edirdi. Paltar, ərzaq və sairə. Amma ikinci – “El elə sığar, ev-evə sığmaz” məsəlinin demə bizim ailəyə də dəxilliyi varmış. 250 min didərgin doğma yurduna sığdı, amma iki İmamverdiyev ailəsi 28 kvadratmetrlik mənzilə yox. Çünki “...ev-evə sığmaz”. Atam demə bunu əvvəldən görürmüş. Ona görə də Yazıçılar İttifaqının xəttiylə 9-cu mikrorayonda tikilməkdə olan “Yazıçı” kooperativində bizimçün mənzil tikdirirmiş. Bunu da ona qapıbir qonşumuz, xalq yazıçısı Bayram Bayramov məsləhət görübmüş.

Mənzilin qiyməti 12 min rubla yaxın idi. Əvvəlcədən 40 faizi – 4659 rublu ödənmişdi. Qalanı isə 25 ilə bölünmüşdü. Yəni ki, mən iki ildən sonra - 2018-də bu mənzilin pulunu tam ödəyib qurtarmalıydım. 1987-ci ildə atamın çap olunan “Seçilmiş əsərləri” kitabından aldığı 16 min rubl qonorarı toy bazarlığına,

mənzilinin ilk ödənişinə, bir də maşını təzələməyə güclə çatdı. Bir sözlə pul qurtardı. Bu, atamın yazıçılıq karyerasında aldığı son qonorar idi.

Bir-iki ay keçdi. Ermənistanda bir Azərbaycanlı da qalmadı. Artıq Azərbaycanın öz ərazisində də həyəcanlı olaylar baş verməyə, Qarabağda lokal qarşıdurma ocaqları közərməyə başladı. Ölüm-itim xəbərləri də gəlirdi.

Sizdən nə gizlədim, elə bizim evdə də münaqişələr baş qaldırmağa başladı. Yəqin ki, anladınız – xalq arasında qaynana gəlin qarşıdurması derlər buna. Bu, elə bir qlobal problemdir ki, hətta əsərlər də, film də həsr olunub.

Düzünü desəm təqsir anamda idi. Həyat yoldaşım da onun kaprizlərinə çox anlaşıqlı yanaşırdı. Şikayətini yalnız mənə edirdi. Ağlayanda gizlin ağlayırdı. Sutkanın böyük hissəsini evdə olmurduq. O da tələbə idi, mən də... Səhər dərsə gedirdik, axşamlar bulvarda gəzirdik. Stipendiya alanda “Nərgiz” kafesinə gedirdik.

Amma mən neytral mövqe tutmuşdum. Nə anamın tərəfini verirdim, nə də arvada tərəf yıxılırdım. Hətta üzdə anama tərəf də çıxırdım, artistliyi gözəl bacarırdım... Lap rəsmi Moskvanın Qarabağ məsələsində tutduğu mövqe kimi. Bir də ki, bizim nəsil “Qaynana” filminə dönə-dönə baxmışdı. Vəziyyəti düzgün qiymətləndirməyi bacarırdıq.

1989-cu il noyabrın 24-də qızım Suğranın doğulması münaqişə ocağına su səpsə də, alov tam sönməmişdi. SSRİ Ali Soveti də Dağlıq Qarabağ Muxtar Vilayətində Volskinin rəhbərliyi ilə Xüsusi İdarəetmə forması yaratsa da qarşıdurma səngimirdi. Qıtlıq, bahalıq da öz yerində.

 

HAŞİYƏ: Bakıda qarışıqlıq idi. Ovatkı rəhbərimiz olan Əbdürrəhman Vəzirov demək olar ki, fəaliyyətsiz duruma salınmışdı. Azərbaycan Xalq Cəbhəsi böyük hörmətə malik idi. Xalq onlara inanırdı. Mitinqlər ara vermirdi. İranla Azərbaycan arasında sərhəd dirəkləri sökülmüşdü. Rayonlarda da qarışıqlıq yaranmışdı. Sovet ordusu Bakını mühasirəyə almışdı. Əliyalın insanlar paytaxtın giriş qapılarında, ordu hissələrinin darvazası önündə barrikadalar qurmuşdular. Ermənilər maşınlara doldurulub əvvəl 28 Aprel küçəsində (indi 28 May küçəsi) yerləşən aerokassanın qabağına, ordan da avtobuslarla aeroporta daşınıb yola salınırdılar. Bir gənc kimi mən də bu hadisələrin mərkəzindəydim. Mitinqlər ovaxtkı universitet tələbələrinin oylağıydı. Hər səhər dərsə getsək də, foyedə dayanıb əmr gözləyirdik. Sonra tanımadığımız biri bizə “Dərs olmayacaq, hamı küçəyə çıxsın. Mütəşəkkil şəkildə gedirik Domsovetin qabağına” deyirdi. Sonralar o meydan Azadlıq Meydanı adlandırıldı. Biz mitinqçilər Nərimanov prospekti, indiki Hüseyn Cavid küçəsiylə gəlirdik dayanırdıq İnşaat-mühəndislər institutunun, sonra da Politexnik institutunun qabağında. Başlayırdıq “Azadlıq” və “İstefa” deyə qışqırmağa. Daha doğrusu Xəlil Rzanın təbiriycə desək HAYQIRMAĞA. Bir də görürdük qapılar

açıldı. Bu institutların tələbələri də urreylə (URA!) bizə qoşulurdular. Sıralarımız daha da genişlənirdi. Müəllimlərimiz də bizimlə addımlayırdılar. Elmlər Akademiyasının alimləri də bizə qoşulurdu. Beləcə hayqıra-hayqıra üz tuturduq Baksovetə, indiki “İçərişəhər” metrosuna tərəf, amma Mərkəzi Komitəyə, indiki Prezident Aparatı tərəfə dönmürdük. İndi başa düşmüşəm ki, bu, çevrilişə cəhd, bir təxribat kimi qiymətləndirilə bilərdi. Metroya çatanda dönürdük sola. Gəlib dayanırdıq Xalq Təsərrüfatı institutunun, inidiki İqtisad Universitetinin qabağında. Başlayırdıq hayqırmağa. Onlar da Urra!!! deyib qaçırdılar dərsdən. Beləcə gəlib çıxırdıq meydanın yanına. Burda bizi qol-qola girib sədd forması alan Azərbaycan milisindən ibarət zaslonlar gözləyirdi. Yaxınlaşıb üz-üzə, burun-buruna dayanırdıq. Onlar da “ay uşaqlar, biz də sizinləyik. Amma o yandan rəislər baxır. Belə buraxa bilmərik sizi. Bir az irəli gəlin başlayın bizi arxaya itələməyə” deyirdilər. Biz də onlar deyən kimi edirdik. Onlar da guya ki, bizim təzyiqimizə davam gətirməyib əllərini buraxırdılar. “Azadlıq, azadlıq” qışqıraraq meydanı zəbt edirdik. Tətil dalğası Azərbaycanı bürüdüyündən müəssisələr fəaliyyətini dayandırmışdı. Əsas məqsədimiz isə “Ac qalsaq da azad olmalıyıq” idi. Qıtlıq pik həddinə çatırdı. İnsanlar hələ ki, qara gün üçün yığdıqlarını xərcləyirdilər. 1990-cı ilin yanvarında isə “Şəhid” sözü ilk dəfə leksikonumuza daxil oldu. (SON)

 

1990-cı ilin yanvarında “Yazıçı” kooperativ evi də istifadəyə verildi. İki ay sonra isə növbəti övladım da 9 aydan sonra gəlişi barədə ultimatumla çıxış etdi. O dövrdə ən əsas bir şey gələcəyə inamın olması idi. Hamı inanırdı. 20 Yanvarda bu inam 50 faiz ölsə də yenə inanırdıq. Xoş işıqlı gələcəyə inanırdıq. Çünki sovet adamı bundan da pis günlər yaşamışdı.

1990-cı ildə mən axırıncı kursda oxuyurdum. Əlaçılıq stipendiyam 50 rubl idi. Onun da 2 rubl 50 qəpiyini “postoyannı bilet”ə çıxırdılar. Yəni ki, avtobus, tramvay və trolleybusda bu talonu göstərib, pul vermirdik. Metro bura daxil deyildi. Yoldaşım da internatura keçirdi. 90 rubl maaş, üstə gəl uşaq pulu alırdı. Atam təqaüdçü idi, anam müəllimə. Rayondan qaynatam-qaynanam kənd sovqatı da göndərirdilər. Bilirdim ki, az da olsa kömək etmək istəyirlər. Amma adını “Sevincsiz boğazımızdan keçmir, onun payıdır” qoyurdular.

Günlərin bir günü kitab mağazasının müdiri olan dayım Fikrət Rəhimov bizə gəldi. Gülə-gülə “Mahir gedirsən diş həkiminə və bütün dişlərini çıxartdırırsan” dedi. Məəttəl-məəttəl soruşdum ki, “axı niyə?” Dedi ki, “səni mağazama satıcı götürmək istəyirəm. Ticarətdə yeyinti halları baş verə bilər. Bu da cinayət sayılır. Ona görə də indidən dişlərini çıxartdırıram ki, yeməyəsən”. Beləcə, dayım məni işə götürdü. Başa düşürdü ki, ailəli adamam, pula ehtiyacım var. İşə yalnız mal gələndə gedib-gəlirdim. Kitab paçkalarını daşımağa kömək edirdim. Maaşım da 100 rubl idi. İndiki pulla 16 dollar 60 sent. Vəssalam.

 

Universiteti bitirməyimə isə az qalırdı. 20 yanvar hadisələri olmamışdan qabaq Abşeron rayon Partiya Komitəsinin 1-ci katibi, yəni ki, icra başçısı Sadıq Murtuzayev məni işə götürəcəyi barədə atama söz vermişdi. Çünki bütün tələblərə cavab verirdim - kommunist, ali təhsilli, evli, əsgərliyini çəkmiş biri kimi. Amma ki, 20 Yanvar faciəsi baş vermişdi.

Ali məktəbi bitirməyimə isə az qalırdı. Təyinatım (evli olduğuma görə) azad olduğundan işi özüm tapmalıydım. Filoloji təhsil elə bir sahə idi ki, seçim çox da geniş deyildi. Ya Azərbaycan dili və Ədəbiyyat müəllimi olmalıydın, ya da elmi işçi. Bunların da heç birinə məndə həvəs yox idi. Sovet qanunları isə aldığın diploma görə işə düzəlməyini tələb edirdi... ailə isə pul.

Rusların bir məsəli var: “Popıtka, ne pıtka”. Azərbaycanca təqribən belə səslənir: “Tutar qatıq, tutmaz ayran”. Başladım “qatıq” axtarışına.

Ağlıma bir fikir gəldi. O vaxt “Vətən” Cəmiyyəti adlı bir qurum yaradılmışdı. Xalq yazıçısı İlyas Əfəndiyevin oğlu, qonşumuz Elçin Əfəndiyev də (indi xalq yazıçısı, Baş nazirin müavini) sədr idi. Ora işə düzəlmək ideyamı atama dedim. Çox yaxşı qarşıladı. Dedim ki, bəs tapşır Elçinə məni işə götürsün. Atam da “Elçin özgə adamdır ki, ona tapşırım? Səni də uşaqlıdan tanıyır. İndi də qonşuyuq. Hər gün demək olar ki, salamlaşıb görüşürsən. Həyətdə yaxınlaşıb demə. Get idarəyə yanına. Boş yer varsa götürəcək. Mənim deməyimə ehtiyac yoxdur”. Atama qulaq asdım. Sevinə-sevinə getdim Kommunist küçəsində yerləşən “Vətən” cəmiyyətinə. Elə qapını açıb içəri girmişdim ki, universitetdən tanıdığım tələbə dostlarımla rastlaşdım. Orda işləyirdilər. Soruşdum ki, görəsən boş yer var? Bəs mən də bura işə düzəlmək istəyirəm. Onlar da “öz aramızda qalsın, VAR” cavabı verdilər. Ürəklə Elçinin qapısını açıb girdim içəri. Əvvəlcə məni görməyinə təəccübləndi. “Mahir, xeyir ola” dedi. İzah etdim ki, bəs Universiteti bitirirəm bir aya. Mümkünsə məni işə götür. Cavab isə belə oldu: “Böyük məmnuniyyətlə. Amma boş yer yoxdur”. Bilmirəm yalan dedi, ya düz. Amma üstündən 25 il keçib. Bugünəcən bir nəfərdən də eşitməmişəm ki, Elçin kiminsə “yaralı barmağına yod töksün”. Yox. Bircə dəfə eşitmişəm. Qonşum, yazıçı Elmira Axundova bu yaxınlarda tərifləmişdi onu. Deyirdi ki, yaxşı adamdır. Təki olsun - Yenə olsun. Birinci cəhdim beləcə boşa çıxdı, yəni ki “ayran”. Başqa yollar axtarmağa başladım. .

Diplomumu əlimə almamışdım. Bu ərəfədə bir şad xəbər eşitdim. Qonşumuz, Xalq şairi Bəxtiyar Vahabzadənin böyük oğlu İsfəndiyarı 26-lar rayon (indiki Səbail rayon) İcraiyyə Komitəsinin sədri təyin ediblər. Atam bu dəfə də “özün get də... İsfəndiyar səni, sən İsfəndiyarı tanımırsan ki” desə də risk etmədim. Atam da məcbur olub Yazıçılar İttifaqından çıxanda qonşuluqda yerləşən rayispolkoma girib və məni İsfəndiyara tapşırıb. O da deyib ki, “Başüstə. Mahir gəlsin yanıma”.

Sevinə-sevinə getdim atam dediyi ünvana. İnsafən o saat qəbul elədi. Yanında bir nəfər də vardı:

* Sənədlərini gətirmisən? – deyə soruşdu.

* İsfəndiyar, nə sənəd?

* Sənəd də. Anket, tərcümeyi-hal, balaca şəkil, diplomun surəti...

* İsfəndiyar, anket nədir? – deyə ömrümdə heç vaxt işə düzəlməyən mən

İsfəndiyarın sifətinə baxdım.

* Mahir, get dediklərimi yığ, gətir.

* Ay İsfəndiyar, anket nədir axı? – deyə yerimdən tərpənmədim. Bunu görən yanındakı cavan oğlan:

* Nazirlər Sovetini tanıyırsanmı? – deyə soruşdu.

* Hə.

* Aşağıdan - “Partşkola” tərəfdən girişi var. Axşam saat 4-cün gəl ora, mən verərəm.

Bundan sonra mən otaqdan çıxdım. Axşam 5 radələrində həmin yerə gəldim. Gördüm ki, tabloda SKA komsomol Azerbaydjana (Komsomolun Mərkəzi Komitəsi) sözləri yazılıb. Qapını açıb pilləkanlarla yuxarı qalxdım. Onda yadıma düşdü ki, bəs həmin adamın nə adını soruşmuşam, nə də vəzifəsini. Otaqlardan birinin qapısını açdım. Qəşəng bir qız:

* Kim lazımdır sizə? – deyə soruşdu.

* Bilirsinizmi, adını soruşmadım. İsfəndiyarın – Bəxtiyar Vahabzadənin oğlunun yanındaydı. Kök, oçkili, qıvrımsaç oğlan idi.

* O, indilərdə gələr. Bəlkə mən nəsə kömək edə bilərəm, - deyə qız gülə-gülə soruşdu. Mən də anket nə olduğunu soruşdum. O da ayağa durub şkafı açıb,– Baxın, anket forması budur. Heç kimə deməyin. 5-6 dənə həm bundan, həm də tərcümeyi-hal forması verirəm. Birdən çaşarsınız yazanda.

Razılığımı bildirib otaqdan çıxanda qapıda həmin oğlanla rastlaşdım. İçəri dəvət etdi. “Qız sağ olsun, anket verdi mənə” deyib bir daha razılığımı bildirdim. Otaqdan çıxanda qapının üstündəki lövhəyə baxdım. Demə o, respublika komsomolunun katibi imiş. Adı yadımdan çıxıb. İndiki ağlımla fikirləşirəm ki, əcəba, Bakının mərkəzi rayonu sayılan 26-lar rayonunun İcraiyyə Komitəsində anket yox idimi ki, İsfəndiyar məni Komsomolun Mərkəzi Komitəsinə göndərirdi? Belə çıxır ki, o vaxtlar adi kağız da qıt imiş?! Ya da İsfəndiyar məni başından eləyibmiş. Sənədləri düzəldib gətirib şəxsən İsfəndiyara verdim. O da “zəng edəcəyəm” deyib, qovluğu qoydu stolun üstünə. Sözün qısası gün keçdi, ay ötdü. İsfəndiyardan isə səs çıxmadı. Sonu nə oldu? Yaxşı oldu. İsfəndiyarın özünü çıxartdılar işdən. Vəzifə ömrü üç ay çəkdi.

 

HAŞİYƏ: Bir dəfə həyətdə maşını silirdim. Harasa gedəcəkdim. Bu vaxt Bəxtiyar əmi blokdan çıxdı. Dedim ki, hara lazımdır aparım. Əyləşdi maşına. Soruşdum ki, Bəxtiyar əmi, bu nə işdir? İsfəndiyarı 26-lara rayispolkom qoyub çıxarmaqları bir oldu. Dedi ki, a bala, mən burda yox idim. Təklif ediblər buna. Kabinet, hökumət telefonu, xidməti maşın – o da cavan adam. Həmən razılıq verib. (SON)

 

Mən sizə bir dənə söz deyim. Sonralar başa düşmüşəm. Mənim atam Qabil o vaxt, indiki dildə desək radikal, destruktiv müxalifət sayılırmış. Nə Vəzirovu sayırdı, nə də Ayaz Mütəllibovu. Elçin də, İsfəndiyar da o dövrün quruca məmurları, partokratlar idilər. (Elə indi də...) Qısa desək buyruq qulları. İndi özünüz deyin, necə götürəydilər məni işə? Ovaxtki ağlımla incimişdim, indiki ağlımla incimirəm. Amma yaddan da çıxartmıram. Bir sözlə ikinci cəhdim də belə boşa çıxdı.

Evdə isə lokal münaqişə ocağı körüklənməkdə davam edirdi. Buna bədii ədəbiyyatda “göz verib, işıq verməmək” deyirlər. Mən isə arada qalmışdım. İndiki matışkə oğlanlardan olsaydım, çoxdan boşanmışdım. Yaxud da ki, həyat yoldaşım indiki qızlardan olsaydı çoxdan fors edib atasına evinə qayıtmışdı. Amma dözürdü, dözürdüm, dözürdük.

Günlərin bir günü dedi ki, Mahir, axı atan bizimçün ev alıb. Gəl köçək ora. Cehizim də Lökbatanda, dayımgilin qarajındadır. Dedim ki:

* Ay qız, 8-ci mərtəbə, lift işləmir.

* İşləyər inşallah. Müvəqqətidir. Dözərəm.

* Ay qız, su gəlmir.

* Dözərəm.

* Qaz yoxdur.

* Dözərəm.

* İsitilik – “Otopleniya” yoxdur.

* Balaca otaqlardır. Bir təhər qızdırarıq.

* Sən hamilə adam. Suğra altı aylıq. Qıtlıq, pulsuzluq...

Nə dedimsə, “dözərəm” cavabı verdi. Mən də atama bu barədə dedim. Vəziyyəti çox gözəl başa düşür, düzgün qiymətləndirirdi. “Müvəqqətidir. Bütün evlərdə belə hallar olur. Hamısı keçib-gedəcək. Köçün. Allah xeyir versin. Anan da səhv elədiyini anlayar. Sonra geri qayıdarsınız. Bu ev də sənindir də...” deyə razılıq verdi. Beləcə mənim XOŞBƏXT GÜNLƏRİM başladı.

 

XOŞBƏXT GÜNLƏR

 

“Nə? Yazı hələ indi başlayır? 10 səhifə yazmısan, biz də oxuyuruq-oxuyuruq qurtarmır. Demə bütün bunlar giriş imiş?” Ey oxucu, hara tələsirsən e... Söhbətdir də eləyirik özümüzçün bala-bala... Hələ müstəqillik qazanmağımıza 3-4 ay var...

 

(ARDI VAR)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM