Repressiya dövründə Bakıda çalışan və yaşayan ziyalılar arasında ən parlaq və qəribə şəxsiyyətlərdən biri də eston mənşəli Azərbaycan dilçisi, tarixçisi, regionşünası Artur Rudolfoviç Zifeld-Sumumyaqi idi. A.Zifeld-Sumumyaqi Azərbaycanın elmində, ictimai həyatında və kadrların yetişdirilməsində əhəmiyyətli rol oynamışdır.
Tallindən Bakıya qədər olan qısa avtobioqrafiya
Artur Rudolfoviç Zifeld (o, soyadının ikinci hissəsini daha sonra götürmüşdür, amma heç bir mənbədə bu ləqəbin haradan qaynaqlandığı qeyd edilməmişidr) 1889-ci ildə Revel (Tallinn) şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1898–1905-ci illərdə Odessada lüteran-kilsə məktəbində təhsil almışdır. 1905–1912-ci illərdə inqilabi fəaliyyətlə məşğul olmuşdur. 1912-ci ildə Almaniyaya mühacirət etmişdir. 1917–1921-ci illərdə Odessada, Kubanda, Tiflisdə mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olmuşdur. 1921-ci ildə Bakıya gələrək Azərbaycanda elm və təhsil sahəsində fəaliyyətini davam etdirmişdir. 1921–1926-cı illərdə Bakı Xalq Maarif Şöbəsinin müdiri, Ali Partiya Məktəbinin təhsil bölməsinin rəhbəri vəzifəsində işləmişdir. 1925–1926-cı illərdə I Türkoloji Qurultayın təşkilat komitəsinin məsul katibi olmuşdur.
A.Zifeld-Sumumyaqi 1923–1930-cu illərdə isə Azərbaycanı Öyrənmə və Araşdırma Cəmiyyətinin sədr müavini, Azərbaycan Elmi Tədqiqat Neft İnstitutunda ölkəşünaslığın tarixi-etnoqrafik şöbəsinin müdiri, 1932–1935-ci illərdə Gürcüstanda Qafqazşünaslıq İnstitutunun dil şöbəsinin müdiri və baş mütəxxəsisi kimi işləmişdir. 1935–1937-ci illərdə Azərbaycanda SSRİ EA-nın Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun direktoru olmuşdur. 1937-ci ilin sentyabrında İnstitutun direktoru vəzifəsindən azad edilmişdir. SSRİ EA-nın Azərbaycan Filialında Qədim Şərq tarixi üzrə professor-məsləhətçi vəzifəsində çalışmışdır. A. Zifeld-Sumumyaqi 1938-ci ilin fevral ayının 11-də həbs edilmişdir.
Eser, menşevik, bolşevik və...
Yuxarıda qeyd olunduğu kimi, onun gənclik illəri Odessada keçmiş, özünün dediyinə görə, Novorossiysk Universitetində 1912-ci ildə tarix və ədəbiyyat fakültəsində kursa qatılmışdır. Onun universitet diplomu olması dəqiqləşməsə də, Sovet dövründə “professor” elmi adına layiq görülmüşdür.
Amma A.R. Zifeld-Sumumyaqinin Odessadakı işlərinin əsasını gizli inqilabi fəaliyyət təşkil etmiş, üstəlik, özünün etiraf etdiyi kimi, onun siyasi meyli dəfələrlə dəyişmişdir. 1906-ci ildə o, Eser Partiyasına (“Па́ртия социали́стов-революционе́ров” – inqilabçı-sosialistlər partiyası (rus dilində С-Р abreviaturu “eser” kimi səsləndiyi üçün partiya bu cür adlanırdı) üzv olmuş, 1907-ci ildə "Xalq Sosialistləri"nin (Sağçı Eser Partiyası) tərəfinə keçmiş, amma 1908-ci ildə onlardan da uzaqlaşmış və "anarxist sosialistlər" qrupunun rəhbəri olmuş, yəni yenidən solçularun ideologiyasına yaxınlaşmışdır. Bundan sonra A.Zifeld-Sumumyaqi “təxribatçı” elan edilmiş, gizli fəaliyyətə keçmiş, saxta pasportla Almaniyaya getmişdir.
Zifeld-Sumumyaqi pasportla əlaqədar problem ucbatından Almaniyadan deportasiya edilmiş və İsveçrəyə keçmişdir. Bu ölkədə, ümumiyyətlə, Sürix şəhərində 1917-ci ilə qədər yaşamışdır. Onun sözlərinə görə, hələ Odessada olduğu zaman G.V. Plexanovun əsərlərinin təsiri altında sosial-demokrat ideologiyasını mənimsəmiş və 1911-ci ildə özünü marksist saymışdır. İsveçrəyə getdikdən sonra Artur Rudolfoviç Menşevik Partiyasının kiçik qrupuna liderlik edən G.Plexanovla tanış olmuş və onların Xarici Bürosuna üzv olmuşdur. I Dünya müharibəsinin başlamasından sonra savaşı müdafiə etmək fikrini mənimsəyən G. Plexanovla
yollarını ayıran Zifeld-Sumumyaqi bolşeviklərlə əlaqələri düzəltmətəyə çalışmışdır. Zifeld-Sumumyaqi 1914-cü ilin sonunda Dövlət Dumasının 2-ci çağırış millət vəkili olan A.G. Zurabovla birlikdə Sürixdə müharibə əleyhdarı ideyaya malik Sosial Demokrat İnternasionalist Birliyini qurmuşdur. Onun özü sonradan bu birliyi "müxtəlif siyasi axınların zibilliyi, siyasi “Nuhun gəmisi” adlandırmışdır. 1915-ci ildə o, nəhayət, bolşeviklərin tərəfinə keçdi, bu il onun partiyaya üzvlük illərinin başlanğıcı sayılır.
Şumer-türk əlaqələrinin ilk tədqiqatçısı
Mühacirətdə olduğu dövrdə Zifeld-Sumumyaqi dilçiliklə maraqlanırdı. Gənc inqilabçı o dövrdə elm sahəsində müzakirə edilən fin-uqor, samodi, türk, monqol, tunqus-mancur (bəzi hallarda koreya və yapon) dillərini Böyük Ural-Altay dil ailəsində birləşdirən Ural-Altay hipotezi ilə maraqlanırdı. Çağdaş elm bu hipotezi sübut edir. Belə ki, müxtəlif formalarda: Ural (fin-uqor, samodi) və Altay (türk, monqol, tunqus-mancur, koreya, yapon) dilləri Hind-Avropa və digərləri ilə Makroailəyə daxil edilir, amma Ural-Altay dil ailəsi ayrı şəkildə təqdim edilmir. Ancaq XX əsrin 10-30-cu illərində bu hipotezi sübut etmək və ya rədd etmək mümkün deyildi. Çünki Ural və ya Altay dillərinin bir çoxu hələ də tam araşdırılmamışdı. Amma daha yeni başlayan və hələ yaxşı bir dilçilik hazırlığına malik ola bilməyən (halbuki Odessada böyük dilçi A.İ. Tomsonun açıq dərslərində iştirak edə bilərdi) elm xadimi problemin çətinliyi baxımından özünə hesabat verməyərək siyasi mübarizədən qalan vaxtını o vaxt üçün böyük cəsarət tələb edən hipotezi formalaşdırmağa həsr edirdi. O, şumerlərə qədər olan hər hansı materialı, hətta ikinci, üçüncü əldən alsa da, istifadə etməkdən qorxmurdu.
1916-ci ildə Artur Rudolfoviçin gələcək həyatını müəyyənləşdirəcək bir çox hadisə oldu. O, Lozanda keçirilən III Millətlər Konfransına jurnalist olaraq qatıldı. Rusiya nümayəndə heyətinin başçısı xaricdə mühacir həyatı yaşayan məşhur tatar elm xadimi Yusuf Akçurin idi. Bu dövrdə o, İstanbulda nəşr olunan "Türk Yurdu" jurnalının redaktoru idi. Zifeld-Sumumyaqi ona şumerlərlə türklərin əlaqələri ilə bağlı yazı təklif etdi və nəticədə bu yazı jurnalda nəşr olundu. Tədqiqat yanğısı ilə dolu gəncin türkologiya ilə tanış olması belə başladı.
Leninə pul verib, almanlara casusluq edib?
Bununla yanaşı, Zifeld-Sumumyaqinin fəaliyyətinin daha bir istiqaməti olduğunu çox sonralar S.N. Zemlyanının "Nezavisimaya Qazeta"da (2001-ci il) yazdıqlarından öyrənirik. Bu yazıda Almaniya kəşfiyyatının V.İ.Lenin başda olmaqla bolşeviklərin fəaliyyətinə diqqətindən bəhs edilir (bu, təbii ki, V.Leninin "Alman casusu" olduğu mənasını vermir). Yazıda Almaniya kəşfiyyatının İsveçrədəki nümayəndəsi Fon Romberq və onun agenti, eston mənşəli Aleksandr Kesküla xatırlanır. S.Zemlyanı daha sonra yazır: “Fon Romberq, A.Kesküla və Lenin arasında vasitəçi olaraq Bolşevik liderə yaxın olan skandinav mənşəli bolşevik Artur Zifeldt (mənbədə soyadı belə yazılır) çalışırdı. Kesküla almanlardan aldığı pullarla Zifeldti təmin edir, o isə hiss edilməyəcək şəkildə pulu Bolşevik Partiyasının kassasına qoyur, burada isə onlar digər simasız axınların dəstəyi üçün son dəfə qarışırdı. Öz növbəsində Zifeldt V.Leninin ətrafında baş verən bütün hadisələrdən və bütün son addımlarından Keskülanı xəbərdar edirdi”.
Maraqldıır ki, istintaq işində V.İ.Leninin adı heç bir yerdə keçmir. Yalnız işin bəraət qismində onun adı ortaya çıxır: Zifeld-Sumumyaqinin V.İ.Leninlə əməkdaşlıq etməsi onun lehinə dəlil kimi irəli sürülür. Buradan məlum olur ki, bu əməkdaşlıqdan Bakıda xəbərdar idilər, böyük ehtimalla bu məlumat Zifeldin özündən qaynaqlanmışdı, amma o bu əməkdaşlığın bütün istiqamətlərindən bəhs edə bilməzdi. Onu da vurğulamaq yerinə düşər ki, sözügedən əlaqələrin təfərrüatlarının Zifeld-Sumumyaqinin 1938-ci ildə həbs olunması ilə heç bir əlaqəsi yox idi və istintaq zamanı nəzərdən keçirilməmişdi.
Kəşfiyyatçı, partizan, diplomat və ...
Bu tarixi hadisə ilə əlaqədar bütün istiqamətlər də aydın deyil. Onunla əlaqədar bildiklərimizi bir yerə toplasaq, Zifeld-Sumumyaqinin professional kəşfiyyatçı olduğunu düşünmək belə çətindir. Xəyalpərəst, fantaziya hissi yüksək, hər şeyə maraq salan, amma gerçək xüsusiyyəti ilə o qədər də etibarlı şəxsiyyətə malik olmayan biri idi. O özü başa düşmədən gizli fəaliyyətdə hansı rola malik idisə, daha sonra elm sahəsində də elə bir rolu öhdəsinə götürmüşdü. O bəlkə də həmyerlisi Keskülanın işinin həqiqi xüsusiyyətini də anlamamışdı. Yeri gəlmişkən, Zifeldin “skandinav mənşəli” olması iddiası haradan qaynaqlanırdı? Bu məlumat şəxsiyyətinin nüfuzunu yüksəltmək üçün onun özü tərəfindən ortaya atılmış ola bilərdimi? Məhz bu səbəblərdən onun bolşevik keçmişə malik olması və Leninlə yaxınlığı amillərinə baxmayaraq, Sovet dövründə əhəmiyyətli karyera əldə edə bilməməsi təbiidir.
V.İ.Leninin də daxil olduğu ilk mühacirlər qrupunun 1917-ci ilin yazında İsveç və Almaniyadan keçməklə İsveçrədən Rusiyaya qayıdan ikinci hissəsində A.Zifeld-Sumumyaqi də vardı. Onun 1917–1921-ci illərdə fəaliyyəti, şübhəsiz, aktiv idi, buna baxmayaraq, istintaq işində bir neçə istinadlar yer almışdır: 1919-ci ildə Tonqonoqovun partizan dəstələrində Şimali Qafqazda döyüşmüş, 1920-ci ildə Menşeviklərin hələ də hakimiyyətdə olduğu Gürcüstanda RSFSR-in diplomatik nümayəndəliyində çalışmışdır.
Eston oğlu Bakıda yüksək nüfuza sahib idi
Nəhayət, 1921-ci ildə Zifeld-Sumumyaqi işləmək üçün Bakıya göndərildi. Yuxarıda qeyd edildiyi kimi, 1930-cu illərin əvvəlinə qədər yaşamış, daha sonra bir müddət Tiflisdə qalmış, 1935-ci ildə yenidən Bakıya qayıtmış və həbs olunana qədər burada işləmişdir. Bir müddət partiya işlərində çalışsa da, 20-ci illərdə tamamilə elm sahəsinə keçmişdir. 20-ci illərdən 30-cu illərin əvvəlinə qədər Zifeld-Sumumyaqi Bakı Dövlət Universitetində və Azərbaycanı Öyrənmə və Araşdırma Cəmiyyətində çalışmışdır.
Bakıya ikinci dəfə qayıtdıqdan sonra onun əsas iş yeri SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı (Bölməsi) olmuşdur. O, 1935–1937-ci illərdə Dil və Ədəbiyyat İnstitutunun direktoru, 1937-cı ildə qısa bir müddətə birləşdirilmiş Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru olaraq çalışmışdır. Eyni zamanda o, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının İdarə Heyətinin üzvü və Elmi Şura tərəfindən nəşr olunan "Xəbərlər"in baş redaktoru olmuşdur. Bolşevik keçmişi, geniş biliyə malik olması və elmə bağlılığı sayəsində Zifeld-Sumumyaqi Bakıda yüksək nüfuza sahib idi. Belə ki, müasir oxucuda onun əsərləri olduqca qəribə duyğular oyandırır.
Qızının adını Uraltay qoymuşdu
Ural-Altay ailəsi tədqiqatından başlayan elm xadimi daha sonra o dövrdə məşhur olan N.Y.Marrın "Dil haqqında yeni tədris"in təsiri altına keçdi. Bakıda çalışan professor bu təhsili qəbul edərək Marrın yolundan getməklə qalmamış, özünün mənimsədiyi, Marr tərəfindən rədd edilən Ural-Altay konsepsiyasının – Altay-azərbaycanlılar arasında yaşayan Ural-eston olan özü üçün bu qanunauyğunluğun şəxsən olduqca əhəmiyyətini önə çəkərək onunla yarışmağa cəhd etmişdir. Nəticədə o Ural-Altay dillərinin ailə deyil, iqtisadi birliklə əlaqədar olan "dillər federasiyası" olduğunu mənimsəmişdir. Ural-Altay dillərinə şumerləri, latışları və bəzi hallarda slavyanlara qədər bir çox dilləri aid edirdi: "Velikoruslar əhəmiyyətli ölçüdə slavyanlaşmış Volqa finləri... Dunay bolqarları Volqa bulqarlarından (türklərindən) törəyənlərdir”. O, dillərin olduqca çoxlu sayını əhatə edən material yığmışdı, amma onları A.V. Starçevskinin "Yüzdillik lüğəti" kimi əsassız qaynaqlardan əldə etmişdi.
Onu da xatırladaq ki, bir çox mütəxəssislər, ümumiyyətlə, professorun əsərlərini elmi diletantizm nümunəsi hesab edirlər. Bunu sübut edən, əlavə şərh tələb etməyən bir istinad:
"Dağ çobanlarının birliklərinin fonetikasında ümumi olan çox şey var. Məsələn, İsveçrə və Qafqaz dağlılarında damaqarxası boğaz səslərinin inkişafı, Hollandiyadan Yakutiyaya qədər Şimal regionlarının soyuqqanlı xalqlarında uzun saitin inkişafı baxımından oxşarlıq var”. Elm xadiminin öz prinsiplərinə qarşılıq gözləmədən və fanatik şəkildə bağlılığını belə bir nümunə də sübut edir: 1927-ci ildə anadan olan yeganə qızının adını Uraltay qoymuşdu.
Yaxşı elm xadimi, türk pərəstişkarı
Bu şəxs rəhbərlik etdiyi İnstitutda vəzifəsinə olduğu kimi, işlərə əhəmiyyət verməyən, öz fantaziya dünyasında yaşayan biri idi. Buna dair məlumatlar bəzi istintaq işlərində bir çox şəxsin şahidliyi ilə sübut olunur. Zifeld-Sumumyaqinin köməkçisi Qulam Bağırov onun haqqında belə ifadəyə yol verir: "Yaxşı elm xadimi, pis rəhbər və təşkilatçı". SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının (EAAF) partiya komitəsinin katibi S.Tevosov: "Biz bilirik ki, təşkilati işlərdə bacarıqsızdır". Etnoqraf A.A.Klimov Zifeld-Sumumyaqinin bəraətindən əvvəl verdiyi ifadədə qeyd edir: "İnsan kimi həssas xasiyyəti var idi, hər kəsə inanırdı, heç kimi incitmək istəməzdi. Rəhbər kimi zəif idi, elmə daha çox əhəmiyyət verirdi, İnstitutun ictimai işləri ilə elə çox maraqlanmazdı. Bu işləri H. Zeynallı, Q. Bağırov və İnstitutun digər səlahiyyətli işçilərinə etibar edərdi".
Türk olmayan digər Bakı professorlarından Zifeld-Sumumyaqini fərqli bir xüsusiyyəti vardı: Azərbaycan dilini bilməsi və Türk mədəniyyətinə marağı. Qeyri-millətlərdən olan professorların çoxu – ruslar, yəhudilər və ermənilər bu dili bilmir, işlə bağlı məsələlərdən baqşa, türk həmkarları ilə bu dildə çox az söhbət edirdilər. Dərindən bağlandığı Ural-Altay hipotezinin özü Artur Rudolfoviçi türk ziyalılarına yaxınlaşdırırdı. İstintaqda iddia edildiyi kimi, o, "pantürkist" olmasa da, ən azından türk pərəstişkarı idi.
“İnsanı birdən-birə marksist-kommunist etmək mümkün deyil”
Bu səbəbdən də istintaq zamanı "inqilab əleyhdarı fəaliyyəti" qəbul etməsə də, o dövrə qədər artıq məhv edilmiş B. Çobanzadə, Ə. Qubaydullin, V. Xuluflu, H. Zeynallı, A. Tağızadə, H.Xocayev və digərləri ilə yaxınlığını rədd edə bilmədi. Onlar da onun adını vermişdilər. Onun həbs olunmasını labüd edən “dəlil”lərdən biri Ə. Qubaydullin tərəfindən irəli sürülən və Zifeld-Sumumyaqiyə aid olan və həqiqi əsaslara söykənən ifadələr idi: "İnsanı birdən-birə marksist-kommunist etmək mümkün deyil. Şərq zəhmətkeşi normal şəkildə kommunizm ideyalarını belə mənimsəyir: əvvəl ondan yerli millətçi, daha sonra pantürkist, panturanist və nəhayət, beynəlmiləl şəxsiyyət yaradılır".
Zifeld-Sumumyaqi özünün 1924-ci ilə qədər pantürkist olduğunu, bu dövrdən sonra bu fikirdən uzaqlaşdığını ifadə edir. Əslində o, 1924-ci ilə qədər türk dillərinin qohumluqlarını qəbul etməsi, daha sonra N.Y.Marrın işinin təsiri altında fikirlərini dəyişdirdiyindən bəhs edirdi. Ancaq təbii olaraq istintaq onun sözlərini başqa cür izah edirdi. Bu bir faktdır ki, Zifeld-Sumumyaqinin türk elm xadimları ilə sıx əlaqələri olması onun faciəli taleyində əsas rol oynamışdır.
B.Çobanzadəyə salam göndərməyin cəzası
Əvvəlki yazılarda qeyd edilidiyi kimi, Azərbaycanda 1937–1938-ci illərdəki repressiya prosesi qeyri-türk elm xadimi və mütəxəssislərindən çox azına toxundu. Təbii olaraq təzyiq dalğasının sona çatmasından sonra bütün rəhbər heyəti zərər çəkən Tarix, Dil və Ədəbiyyat İnstitutuna burada adıkeçən, Azərbaycan dilini bilməyən rus etnoqraf A.A. Klimov başçılıq edirdi. Zifeld-Sumumyaqi elm xadimlərinin türk qisminə meyilli olanlardandı. Buna baxmayaraq, həbslərin ilk dalğasına tuş gəlmədi, ona 1937-ci ilin nə yanvar, nə mart, nə də iyun aylarında toxundular. Ancaq onun vəziyyəti 1937-ci ilin yanvar ayında B. Çobanzadə və
H. Zeynallının həbsindən sonra mənfi istiqamətdə dəyişməyə başladı. Hər ikisi onun idarə etdiyi Dil və Ədəbiyyat İnstitutunda çalışırdı, hətta H. Zeynallı bu institutun elmi katibi idi.
Q. Bağırovun istintaq işində SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının partiya komitəsinin 14 fevral 1937-ci il tarixli iclasının protokolu var. Bu zaman Zifeld-Sumumyaqi hələ partiya komitəsinin üzvü idi və digərləri ilə birlikdə bu yığıncaqda partiya üzvlüyünə namizədlikdən çıxarılan Q. Bağırovu tənqid edirdi. Amma partiya komitəsinin digər üzvlərinin çıxışlarında da İnstitutun başçısına qarşı tənqid eşidilirdi. O, "liberalizm"də, İnstitutun işlərindən kənarda qalmaqda və nəticədə “İnstitutu H. Zeynallının bərbad hala gətirməsi"nə imkan yaratmaqda günahlandırılırdı.
Daha bir ciddi ittiham ortaya çıxdı. 1937-ci ilin yanvar ayında B. Çobanzadə Q. Bağırovla birlikdə Kislovodskidə idilər və B. Çobanzadə burada həbs olunmuşdu. Son hadisədən xəbərsiz olan Zifeld-Sumumyaqi Kislovodskidə olan Q. Bağırova yazdığı məktubda “B.Çobanzadəyə salam çatdırmasını” xahiş etmişdi. Toplantıda belə məşum sual səsləndi: "Niyə Q.Bağırova yazdığınız məktubda B.Çobanzadəyə salam çatdırmasını yazmısınız?".
Həbs mərhumların ifadələri əsasında yerinə yetirildi
Qısa müddətdə kütləvi həbslərə görə əməkdaşlarının sayının azaldığı iki institut (Tarix İnstitutu və Dil və Ədəbiyyat İnstitutu) birləşdirildi. Zifeld-Sumumyaqi bir neçə ay birləşmiş Tarix, Dil və Ədəbiyyat İnstitutunun rəhbəri oldu, amma 1937-ci ilin sentyabr ayında “problemi kəskin şəkildə ortaya qoydular” və dərhal həbs olunmasa da, onu bu vəzifədən götürdülər. Həbs olunan zaman o, EAAF-da “Qədim Şərq üzrə professor-məsləhətçi” vəzifəsində çalışırdı.
1938-ci ilin əvvəlində SSRİ Elmlər Akademiyası Azərbaycan Bölməsində "zərərli qüvvələr" haqqında istintaq işi açıldı. Moskvada nəşr edilən “Repressiya olunmuş türkologiya” kitabında A.Zifeld-Sumumyaqinin 22236 saylı istintaq işindən bəhs olunur. 1938-ci ilin fevral-aprel aylarında bu iş üzrə dörd elm xadimi həbs olundu: A.Zifeld-Sumumyaqi, onun sabiq köməkçisi Q. Bağırov, İnstitut rəhbərliyində onun yerinə gələn İ.Həsənov və kimyaçı, EAAF-ın ümumi elmi katibi D. Kazımov.
Onlardan ən birincisi, 11 fevral 1938 tarixində həbs olunan Artur Rudolfoviç oldu. Bu zamana qədər artıq 1937-ci ilin ilin oktyabrında və 1938-ci ilin yanvarında güllələnən tanış şəxslər və həmkarlarının ifadələri toplanmışdı. Onların hamısının onu "təşkilat üzvü olaraq" xarakterizə etməsi, əldə olan materiallar yetərli idi. Onu xatırlatmaq yerinə düşər ki, professorun həbs olunması zamanı R.Axundovun istintaq işində bəhs edilən Azərbaycan NKVD-sinin rəhbərliyində dəyişikliklər edildi. Həbs olunan B.Gerasimovun yerinə yetirdiyi Xalq Komissarı köməkçisi vəzifəsinə bu dövrdə repressiyanın başında dayanan Mircəfər Bağırovla olduqca möhkəm münasibətləri olan Timofey Mixailoviç Borşev gətirildi. Qeyd olunduğu kimi, həmin şəxs də M.Bağırovla 1956-ci ildə eyni taleyi yaşadı.
Azərbaycan SSR NKVD-sinin Dövlət Təhlükəsizlik İdarəsinin 4-cü Şöbəsinin yeni başçısı Rasskazçikov həbs sənədində mərhum B. Çobanzadə, Ə. Qubaydullin və Ə. Mahmudzadənin (Əli Nazim) ifadələrinin Zifeld-Sumumyaqinin həbs edilməsi üçün "kifayət qədər dəlil” olduğu qənaətinə gəlmişdir.
Bir il müddətində dindirilmədi
Sonra Borşev tərəfindən imzalanan həbs sənədi var. İstintaq işinin bu hissəsinə daha bir sənəd – 29.03.1939-cu il tarixi olan " kitab, məktub və əlyazmalarının yandırılma yolu ilə məhv edilməsi”nə dair qərar əlavə olunmuşdur. Məlum olur ki, elm xadiminin nəşr olunmayan əsərləri (1930-cu illərdə onun əsərləri çox az nəşr olunmuşdur) haqqında biz heç bir vaxt tanış ola bilməyəcəyik. Həbs olunduqdan dərhal sonra – 20 fevral 1938-ci il tarixində Zifeld-Sumumyaqi artıq adı tanış olan müstəntiq Mustafayev tərəfindən dindirilmişdir.
Bundan sonra istintaq işinə bir il müddətində heç bir sənəd əlavə edilməmişdir. Bu il ərzində yəqin ki, mərhum professora işgəncələr vermişlər.
Yalnız 1939-ci ilin mart ayının sonlarında bu qədər uzanmasının hər hansı səbəbi məlum olmayan işi sona çatdırmaq qərarına gəldilər və dindirmə protokolları yenidən ortaya çıxdı. 1939-ci ilin 26 – 27 mart günlərini əhatə edən müddətdə müstəntiq Dranişnikov tərəfindən 3 protokol hazırlanmışdır. Dindirmə 26 martda saat 17:00-a qədər davam etmiş, daha sonra 23:00-a qədər fasilə verilmiş, sonra gecə ərzində davam etmiş və sonrakı günün səhəri saat 10:30-da başa çatanda sənədləşdirilmişdir. A.Zifeld-Sumumyaqi bu iki gün müddətində özünün zəngin hadisələrlə dolu keçmişi haqqında bəhs etmiş, "pantürkizmin" yuvarlandığını etiraf etmiş, tanış "düşmən"ləri sıralamışdır. O, 1931-ci ildə "pantürkist" B.Çobanzadənin vəzifədən alınması məsələsi ortaya çıxanda partiya konfransında onu müdafiə etdiyinə və işdən çıxarılmasına maneçilik törətdiyinə görə peşmançılığını ifadə etmişdir. Daha bir peşmançılıq böyük türk dilçi alimi Mahmud Kaşqarlının lüğəti ilə əlaqədar idi: "Mən etiraf edirəm ki, bu kitabı kifayət qədər tədqiq eləməmişəm və onu artıq sıradan çıxmış bir çox dillər kontekstində dilçilik üçün nadir nüsxə hesab etmişəm".
Ə. Qubaydullinin ona qarşı ifadələrindən məyus olur
Bununla yanaşı, fiziki təzyiq metodlarına (onun özünə qarşı tətbiq edildiyinə dair işdə dəlil olmasa da, onunla eyni zamanda dindirilən Q.Bağırov buna şahidlik edir) baxmayaraq, elm xadimi "təşkilat"a üzvlük məsələsini “etiraf” etməmişdir. Əvvəldən məhkum olunmuş şəxslərin ona qarşı ifadələrinə cavab olaraq Zifeld-Sumumyaqi onları ifşa etdiyi üçün hamısının ona böhtan atdığını bəyan edir. Amma bununla belə, çox yaxşı münasibətdə olduğu Ə. Qubaydullinin hansı səbəbdən ona qarşı ifadə verdiyini anlamadığını söyləyir.
Zifeld-Sumumyaqiistintaq prosesində, bir türk xalqının digəri ilə, bir müsəlman xalqının müsəlman olmayanla əlaqələndirildiyi, özünün "Uralo-Altaica" tezisinin pantürkizm və panislamizmə qarşı yönəldiyini sübut etmək üçün cəhd etmişdir. İstintaq professorun eston mənşəli olmasına, hətta onun eser-menşevik keçmişinə də heç bir maraq göstərməmişdir. Gənclik illəri haqqında Zifeld-Sumumyaqi öz təşəbbüsü ilə bəhs etmişdir. İstintaq isə tamamilə başqa istiqamətdə – "əksinqilabi pantürkist təşkilat" üzrə qurulmuşdu, digər mövzular istintaqı maraqlandırmırdı. İstintaq işində daha sonra Zifeld-Sumumyaqiyə qarşı ifadələr yer alır. 1937-ci ilə aid ifadələrə Q.Bağırovun, 1938–1939-ci illərdə EAAF-da rəhbər vəzifələrdə olan Y.D. Kozinin, S.P. Tavesovun və A.A. Klimovun ifadələri əlavə olunmuşdur. Son üç şəxs Zifeld-Sumumyaqinin rəhbərlik etdiyi institutdakı intizamsızlıqdan, B. Çobanzadə, Ə.Qubaydullin və H. Zeynallı ilə yoldaşlıq əlaqələrindən bəhs etsələr də, onun "əksinqilabi fəaliyyəti" haqqında heç bir söz bildirməmişlər.
8 illik sürgün cəzası
27 mart 1939-cu il tarixli sorğu-sualdan sonra istintaqın başa çatdığına dair protokol tərtib edildi. Şübhəli burada ona qarşı irəli sürülən ittihamları rədd etdiyini, yalnız Dil və Ədəbiyyat İnstitutunun maliyyə-ictimai işlərini sabiq elmi katib H. Zeynallıya təhvil verdiyinə görə cəzalandırılmağa hazır olduğunu yazmışdır. 1 aprel 1939-cu il tarixində Dranişnikov və Mustafayev yeni xalq komissarı Kərimov tərəfindən təsdiqlənən iddianaməni hazırladılar. A.Zifeld-Sumumyaqi "təşkilat"a üzv olmaqda, "M.Kaşqarlının pantürkist kitabını" çevirməkdə və EAAF-dakı elmi-araşdırma işlərindəki “zərərli planlaşdırma”da günahlandırılırdı. Onun özünü günahkar saymadığına dair qeyd də var.
Bütün dörd şəxsin işinin edam hökmünü nəzərdə tutmayan işlərə baxan idarəyə təqdim edilməsi üçün Moskvaya göndərilməsi qərara alındı. N. Yejovun vəzifədən alındıqdan sonra təzyiq dalğasının zəiflədiyi 1939-cu il üçün belə bir prosedurun tətbiq olunması normal idi. Məhkəmə iclasından əvvəl Moskva prokuroru Kuzmin 03.05.1939-cu il tarixli iddianamə tərtib etdi, orada yazılmışdı: "Yanlız 1924-cü ilə qədər pantürkistlərlə əlaqədə olduğunu və o
tarixdən sonra onlardan uzaqlaşdığına toxunan Zifeld özünü günahkar saymadı. Yalnız bir müddət sonra EAAF-da “pantürkist təşkilat”ın mövcud olduğunu başa düşmüşdür. Bununla yanaşı, Zifeld 1931-ci ildə pantürkist B.Çobanzadəni qoruduğunu inkar etmədi". Bu sözlərdən sonra prokuror şübhəlinin günahkar olub-olmadığını düşünməliydi. Amma o belə bir nəticəyə gəldi: Zifeld-Sumumyaqi 8 il müddətində sürgün cəzası iddiası ilə məhkəməyə çıxarılsın. 1939-cu il iyun ayının 21-də SSRİ Xalq Daxili İşlər Komissarlığının Xüsusi Müşavirəsində islah-əmək düşərgəsində 8 illik məcburi əməyə cəlb edilərək repressiyaya məruz qalmışdır.
16 aylıq həbsxana həyatı, 6 aylıq sürgün və ucuz ölüm
Zifeld-Sumumyaqinin həyat yoldaşı Sarra Yakovlevna Xovanskaya daha sonra yazmışdır ki, 16 iyun 1939-cu il tarixində, hələ məhkəmənin qərarı çıxmadan o, Bakıdan sürgün edilmişdi, daha sonra o, noyabrın axırlarında Vladivostokdan yazdığı məktubda ifadə edir ki, bütün bakılıları (Q. Bağırov, İ.Həsənov və D. Kazımovu) Kolımaya (indiki RF-in Maqadan vilayətinin ərazisi) göndərdilər, onu və digər "yaşlıları" “iqlim (hava) şərtlərinin daha yumşaq olduğu yerlərə" göndərəcəklər. Digər sənədlərlə müqayisədə məktubun daha əvvəl yazıldığını, yalnız noyabr sonlarında Bakıya çatdığı görünür.
Amma elm xadimini aldatmışdılar: onu iqlim şəraitinə dözə bilmədiyi Kolımaya (ən ağır şərtləri olan düşərgə burada idi) sürgün etmişdilər. İstintaq işində 19 mart 1939-cu il tarixində Bakıda tərtib edilmiş və onun Şimal iqliminə dözümlü, iş qabiliyyətli və ümumi cəhətdən sağlam olduğunun yazıldığı tibbi arayış var. Ölüm aktında A.R. Zifeld-Sumumyaqinin 6 dekabr 1939-cu il tarixində adı anlaşılmaz şəkildə yazılan düşərgə mərkəzində (yalnız aydın olan odur ki, X hərfi ilə başlayır) vəfat etdiyi bildirilir. O sənəddə qeyd edilir ki, Nijni Debindən (Kolımada yerləşir) mərkəzə (yəqin ki, xəstəxana bu mərkəzdəymiş) 29 noyabrda gətirilmişdir. “Yaşla əlaqdar zəiflik, yorğunluq” diaqnozu qoyulmuş, ölüm səbəbi kimi “ürək çatışmazlığ” yazılmışdır. Heç bir xəstəliyi olmayan, enerjili 50 yaşındakı insan 16 aylıq həbsxana həyatı və 6 aylıq sürgündən sonra bitkin yaşlıya çevrilmiş və ölmüşdü. Yəni bu cür həyatı rəngarəng hadisələrlə dolu bir insana sonunda ölümlərdən ən ucuzu qismət olmuşdu.
İşin bəraət hissəsi Bakıda olan S. Xovanskayanın 7 dekabr 1955-ci il tarixli ərizəsi ilə başlayır. Professora böhtan atmaq məcburiyyətində qalan bütün şəxslərə, o zamana qədər ya bəraət verilmişdi, ya da bəraət verməyə hazırlıq işləri aparılırdı. Əvvəlki şahidlərdən A.Klimovu və S. Tavesovu təkrarən dindirmiş, hər iki şəxs mərhum haqqında müsbət fikir bildirmişdilər. Prokurorun yekun sənədində 22.06.1956-cı il, Ali Məhkəməyə etiraz ərizəsində 27.06.1956-cı il və istintaq işinin qüvvədən düşməsinə dair məhkəmə qərarında 03.07.1956-cı il tarixləri var.
Sonda onu xatırladaq ki, professor A.Zifeld-Sumumyaqi Bakıda işlədiyi dövrdə elm və təhsil sahəsində xeyli iş görmüş, Xəzər dili haqqında dissertasiya yazmış, “Uralo-Altaica” (1927), “Türkologiya etüdləri” (1929), “Udinlər” (1933), kitablarının, “Qafqazdakı etnoqrafik materialların toplusu üzrə Proqram”ın (1929), bizə qədər gəlib çatmış və yandırılmış digər əsərlərin müəllifi olmuşdur. Onun haqqında “Azərbaycan xalqının eston oğlu” (Эстонский сын азербайджанского народа // Очаг (Таллинн). 1990. № 3 (март), “Unudulmuş şərqşünas A.R. Zifeld-Sumumyaqi” (Ашнин Ф. Д., Алпатов В. М. Забытый востоковед Артур Рудольфович Зифельд-Симумяги // Восток. 2001. № 1) məqalələri çap olunmuşdur.
Strategiya.az
“Amulsar” qızıl mədəni məsələsi N.Paşinyanın sonunu yaxınlaşdırır
24 aprel 1915-ci il tarixinin özü erməni saxtakarlığını ifşa edir
VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM