Repressiyanın 80-ci ili - SAĞLIĞINDA BƏRAƏT ALAN YEGANƏ ALİM - (VI yazı)

09:20 / 21.08.2017

 

Azərbaycan dilinin qrammatikasının formalaşdırılmasında və ədəbi dilinin inkişafında böyük işlər görmüş və əhəmiyyətli əsərlərin müəllifi olmuş Qulam Bağırov Stalin-Beriya-Bağırov repressiyasının həyatda qalmağı bacaran azsaylı ziyalı qurbanlarından biridir. İ.Həsənov kimi Q. Bağırovun da haqqında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin arxivində 1938 – 1939-cu və 1949-cu illərə aid, eyni nömrəyə malik (№ Pr.21729) iki cinayət işi mövcud olmuşdur. Q. K. Bağırov (M. Bağırovla eyni soyadı daşısa da, onunla heç bir qohumluq əlaqəsi olmayan) burada bəhs etdiyimiz digər dilçilər arasında ən gənc (1904-ci il təvəllüdlü) və inqilab sonrası nəslə aid idi.

 

Komsomol olsa da, kommunist ola bilmədi

 

Qulam Kərim oğlu (Kərimoviç) Bağırov 1904-cü ildə Cənubi Azərbaycanın Mərənd rayonunun Dizə kəndində anadan olmuşdur. 1911-ci ildə onun ailəsi Naxçıvana köçmüşdür. 1949-cu ilə aid öz ifadəsinə görə, Q.Bağırov Naxçıvanda Rus-Tatar (Türk) məktəbində oxumuş, daha sonra dəri fabrikində çalışmış, 1920–1924-ci illərdə Müəllimlər kollecində təhsil almışdır. 1924-ci ildə isə təhsilini davam etdirmək üçün onu Bakıya, Azərbaycan Pedaqoji İnstituna göndərmişlər. 1927-ci ildə Pedaqoji İnstitutun Şərqşünaslıq fakültəsinə keçən və 1929-ci ildə məzun olan Q. Bağırov 1931-ci ildə dissertasiyasını tamamlamışdır. Eyni zamanda 1927–1936-ci illər arasında Azərbaycan Kommunist Ali Məktəbində, nəzəri qrammatika kursunu tədris etdiyi Ali Pedaqoji İnstitutda, habelə elmi və pedaqoji fəaliyyət üzrə bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. Naxçıvanda olduğu illərdə "komsomol"un üzvü olan Q. Bağırov 1931-ci ildə Kommunist Partiyasının üzvlüyünə namizəd olsa da, 6 il ərzində partiyanın üzvlüyünə qəbul edilməmişdir.

 

Əsas günahı İran mənşəli olması idi

1934 ilindən Q.Bağırov SSRİ EA-nın Azərbaycan Filialında (EAAF-da) rəhbər vəzifələrdə çalışmışdır. Q.Bağırov ibtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması üzrə komissiyanın sədri vəzifəsində, komissiyanın digər üzvləri – İ.Həsənov, A.Şərifov, Ə.Babazadə, X.Xocayev, A.Tağızadə ilə birlikdə, mühüm işlər görmüşdür. Pedaqoji və ictimai işlər baxımından həddən artıq məşğul olmasına baxmayaraq, Q.Bağırov EAAF-da elmi fəaliyyətə də vaxt ayıra bilmiş, burada dil bölməsinin rəhbəri (1933–1935-ci illər) və EA-nın Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini (1935–1937-ci illər) vəzifəsində çalışmışdır (1935-ci ildən Dil və Ədəbiyyat İnstitutunda direktor olan A. Zifeld-Sumumyaqinin müavini olmuşdur). 1937-ci il alim üçün faciəli keçmişdir. Azərbaycan dili, orfoqrafiyası, terminologiyası və lüğəti sahəsindəki "zərərli" fəaliyyətinə, "xalq düşmənləri" elan edilən şəxslərə (Ruhulla Axundov, Bəkir Çobanzadə, Vəli Xuluflu, Əli Nazim, Hənəfi Zeynallı və digərlərinə) birbaşa, yaxud dolayı yolla kömək göstərməsinə görə işdən azad edilmişdir. Q.Bağırov 4 aprel 1938-ci il tarixində həbs edilmişdir. İstintaq xüsusi olaraq vurğulamışdır ki, artıq vəfat etmiş atası İran mənşəli olduğu üçün Q. Bağırov da İran vətəndaşı hesab etmək lazımdır. Həbs olunmazdan əvvəl onun partiya üzvlüyünə namizədlikdən xaric edilməsi səbəbi belə idi: "Q. Bağırovun İran vətəndaşlığından çıxmadığı halda bunu gizlədərək qanunsuz olaraq Sovet pasportu əldə etdiyi müəyyən olunmuşdur".

 

Ruhullanın dostu

 

İstintaq işində Ruhulla Axundovla Q. Bağırovun möhkəm dostluq münasibəti olduğuna dair məlumatlar da var. 14 fevral 1937-ci il tarixli yığıncaqda onu tənqid edənlərin biri yazmışdır: "Dil və Ədəbiyyat İnstitutunda bir addım belə atmaq mümkün deyildi, çünki Q.Bağırov soruşa bilərdi:"Görəsən, Ruhullanın bu mövzu ilə bağlı fikri necə ola bilər". Q. Bağırovun öz müəllimi B. Çobanzadə ilə əlaqələri bir qədər mürəkkəbdir. Ona qarşı tənqidlər ünvanlandığı zaman özünü

müdafiə etməyə çalışmışdı: “1930-ci ildə mən hamıdan qabaq B.Çobanzadənin inqilab əleyhdarı fəaliyyətini ortaya çıxardım... Mən ən dərinliyinə qədər onun bütün işlərini aşkarladım". Digər natiqlər bu faktı etiraf etdilər. Ancaq müəllim öz şagirdinin rəhbərliyi altında işə başladığı zaman onlar arasındakı münasibətlər düzəldi. Belə ki, EAAF-ın ümumi fəaliyyətinin nəticəsində ərsəyə gətirilən "Azərbaycan SSR elminin 15 ili" toplusunda (1920–1935) “Qrammatika bölməsi”ni onlar birlikdə yazmışdılar. Lakin bu şərikli fəaliyyət daha sonra gənc ortaq üçün mənfi təsirlərə çevrilmişdir.

 

B.Çobanzadə gözləri qarşısında həbs olundu

 

Gələcəkdə baş verən hadisələr bu mənfi təzahürlərdən xəbər verirdi. 11 yanvar 1937-ci ildə Bağırov Kislovodskiyə tətilə getmiş və "Qornyak" sanatoriyasında yerləşmişdi. Dörd gün sonra B.Çobanzadə də ora gəlmiş, eyni sanatoriyada və həmkarının yerləşdiyi otağa göndərilməsini xahiş etmişdi. Onun xahişi qəbul edilmişdi. 28 yanvar 1937-ci il tarixində isə B.Çobanzadə gənc həmkarının gözləri qarşısında həbs olunmuşdu.

Q. Bağırovu isə həmin vaxt həbs etmədilər, amma Kislovodskidən qayıtdıqdan sonra ona qarşı tənqidlər başladı. Yuxarıda onun fərdi fəaliyyətinin müzakirə edildiyi EAAF partiya komitəsinin iclasının protokolunu xatırlatmışdım. O zaman onu "düşmən" elan etmədilər, amma ittihamlar kifayət qədər idi. Belə bir sual yönəldilmişdi: "Qulam Bağırov və Bəkir Çobanzadənin eyni zamanda tətilə çıxması, eyni kurort bölgəsində, eyni sanatoriyada, eyni otaqda olması təsadif idi?". Ona artıq həbs olunmuş R.Axundovla əlaqələri, B.Çobanzadə ilə birlikdə Azərbaycan elminin 15 illiyi haqqında "pantürkçü nəşrlər" (orada türklərlə azərbaycanlıların eyni mənşəyə malik olduqları vurğulanmışdı) və gələcək şəriki İ.Həsənova "böhtan atılması" məsələsi: yaşayan Azərbaycan dilinin qorunması üçün mübarizə apardığı üçün İ.Həsənovu vəzifədən azad etdiyi, amma Çobanzadəyə toxunmadığı xatırladılmışdır və nəhayət: "R.Axundov həbs olunduğu vaxt onları (Axundov və Çobanzadəni) aşkara çıxarmağın əvəzinə tətilə getməyi seçmişdir". Yığıncaq Q. Bağırovun partiya üzvlüyünə namizədlikdən çıxarılması haqqında qərar qəbul etmişdir. Burada İran mənşəli olduğunu gizlətməsi ittihamı da əlavə olunmuşdur.

 

Vəli Xuluflu tərəfindən "təşkilat”a daxil edilmişdir

 

Partiya üzvlüyünə namizədlikdən uzaqlaşdırılana qədər Q.Bağırov Dil və Ədəbiyyat İnstitutundan da qovuldu. O, bankda ictimai idarəçi vəzifəsinə təyin edildi və həbs olunana qədər bu vəzifədə qaldı. Həbs olunmasına az qaldığının “xəbərçisi” olan sənədlər İ.Həsənovun istintaq işindəki sənədlərin eynisidir. Birinci işdə dindirmə protokollarının sayı beşdir. İlk iki – 10 aprel (müstəntiq Mustafayev) və 19 aprel (müstəntiq Qaravəliyev) tarixli dindirmələrdə Qulam Bağırov özünü günahkar saymırdı. A.Zifeld-Sumumyaqi və İ. Həsənovdan fərqli olaraq Qaravəliyev və Babayevin dindirdiyi 10 may tarixində Q.Bağırov “etiraflar” etdi. O bildirmişdir ki, 1936-ci ildə Vəli Xuluflu tərəfindən "təşkilat”a daxil edilmiş, B.Çobanzadə, A.Zifeld-Sumumyaqi və digərləri ilə antisovet söhbətləri etmişdir. Bu söhbətlərin birində belə bir fikir səslənmişdir: "Azərbaycanın klassik ədəbi əsərlərinin nəşr olunmasının qarşısı alındığı halda, əvəzində ruscadan tərcümə ədəbiyyatı yaradılır". Ancaq Q.Bağırov, Xuluflu istisna olmaqla, "təşkilatdan" olan kiminlə isə hər hansı əlaqəsini inkar etmiş və heç kimin təşkilata qoşmadığını ifadə etmişdir. 11 oktyabr tarixli dindirmənin sonuncudan əvvəlki protokolunda mövzu yalnız İran mənşəli olması ilə əlaqədardır: Q. Bağırov ifadə etmişdir ki, o heç bir zaman İran mənşəli olmasını gizlətməmişdir. 14 noyabr tarixli sonuncu protokolda mövzu çoxdan edam edilən Qubaydullinlə əlaqədardır: məhbus onlarla hər hansı inqilab əleyhdarı əlaqədə olmadığını ifadə etmişdir.

 

Əşyayi-dəlil: "Azərbaycan SSR elminin 15 ili" kitabı

 

Onu da vurğulamaq yerinə düşər ki, 1937 ilin işlərindən fərqli olaraq 1938–1939-cu illərə aid istintaq işlərində dindirmədə iştirak edən müstəntiqlərin arasında Azərbaycan soyadına malik olanlara

daha tez-tez rast gəlinir. Daha sonra əvvəllər həbs olunmuş həmkarı D. Kazımovun Bağırovla əlaqədar ifadəsi var. Onlar həcminə görə o qədər də böyük deyil. Mövzu əsasən onun "orfoqrafiyanın ayrı-ayrı məsələlərində inqilab əleyhdarı fikirlərindən" və onun iştirakı ilə Azərbaycan orfoqrafiyasının "zərərli aktlarından" ibarətdir . Bu zaman uygunzuluq yarandı: Q. Bağırov yalnız V. Xuluflu ilə "gizli əlaqə"sini etiraf etsə də, onun əleyhinə ifadə verməmişdir, bununla əlaqədar işdə xüsusi sənəd var. Bağırovla əlaqədar olaraq A.Klimov, S. Tavesov və Y. Kozinin ifadələri alınmış və onlar müttəhimi "institutda iş intizamının və ictimai-maliyyə fəaliyyətinin olmamasında" günahlandırmışlar. Üstəlik, yuxarıda sözügedən partiya komitəsi yığıncağına istinad edərək onlar Q.Bağırovu R.Axundovla, B.Çobanzadə və digərləri ilə əlaqələrini təsdiqləmişlər. Y.Kozin "Azərbaycan dilinə fars, ərəb və türk terminlərinin məcburən gətirilməsini" və "yalnız tərtib edənin anladığı" yeni sözlərin yaradılmasını" xatırlatmışdır.

İstintaq işində ayrıca Q.Bağırovun direktor müavini olduğu dövrdə İnstitut tərəfindən planların yerinə yetirilməməsi haqqında A.Klimovun imzası olan sənəd və 25.12.1938-ci il tarixli işdə əşyayi-dəlil kimi "Azərbaycan SSR elminin 15 ili" kitabının əlavə olunması qərarı mövcud olub. Bu qərarda "şübhəli Bağırov Q.K. dilin formalaşdırılması problemlərində inqilab əleyhdarı mövqedə dayanmış və Azərbaycan yazarlarını antimarksist anlayışa sürükləmişdir" ifadələri var.

 

İ.Həsənovla eyni tale: 8 illiyinə Kolımaya

 

İstintaq işinin başa çatmasına dair protokolda 11.07.1938-ci il tarixi yer alır, amma bu sənəd Q. Bağırova yalnız 26.12.1938-ci il tarixində təqdim edilmişdir. Bu prosedur zamanı ona qarşı ifadələrin yalan olduğunu bildirmiş və A. Zifeld-Sumumyaqi, İ. Həsənov və digərləri ilə əlaqədar onun vaxtilə partiya yoxlaması barədə sənədin və NKDV-yə təqdim etdiyi bəyanatının da işə əlavə olunmasını xahiş etmişdir. Sözügedən bəyanatın axtarılmasının mümkünsüzlüyü səbəb göstərilərək onun tələbi rədd edilmişdir. Əvvəlki iki halda olduğu kimi, eyni şəxslər tərəfindən tərtib edilmiş, amma iki gün sonra – 3 aprel 1939-cu il tarixində imzalanmışdır. Sonrakı sənədlər tamamilə A. Zifeld-Sumumyaqi və İ. Həsənovun cinayət işlərindəkilərə oxşardır. Üstəlik, Q.Bağırov eyni tarixdə – 21 iyun 1939-cu ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1939-cu ilin martında aparılan tibbi müayinə zamanı Q. Bağırovda "xroniki malyariya" və "ürək nevrozu" xəstəlikləri müəyyən edilmişdir. Buna baxmayaraq, o da Kolımaya göndərilmişir. O da İ.Həsənov kimi Kolımada həyatda qala bilmişdir.

Taleyin əvvəllər bir-birinə qarşı olan (onlardan biri digərinin əleyhinə gizli məktub yazmışdır) bu iki Azərbaycan dilçisini birləşdirməsi nəticəsində, onların 1939-ci ildən sonrakı həyatı uzun müddət paralel olaraq getmişdir. İ.Həsənov kimi o da 8 ildən sonra – 4 aprel 1946-cı il tarixində azad edilmişdir. Azad edildikdən sonra Q. Bağırov da bir müddət Kolımada mühasib olaraq çalışmışdır. O, İ.Həsənovdan bir müddət sonra – 1947-ci ilin yanvarında Kolımanı tərk etmişdir.

 

"Bağırovun azadlıqda olması cəmiyyət üçün təhlükəlidir"

 

Həmkarından fərqli olaraq Q.Bağırov özünün təqsirsizliyini sübut etmək, öz peşəsi üzrə işləmək və böyük şəhərlərdə yaşamaq istəməmişdir. O dərhal o dövr üçün ucqar region sayılan Ağdama getmiş, lakin burada yaşağmağa icazə verilməmiş, onu ikinci həbsinə qədər çalışdığı daha ucqar bölgələrdən olan Laçın qəsəbəsinə göndərmişlər.

Onun bu müddət ərzində eyni yerdə olması 66/241-ss saylı əmr ortaya çıxdığı ana qədər, yəni İ.Həsənovun həbsindən bir il qabaq tapmalarını asanlaşdırdı. 17 yanvar 1949-cu il tarixində təhlükəsizlik tədbirləri seçilməsi və həbs edilməsi haqqında qərarlar ortaya çıxdı. Hər iki sənəd Azərbaycan MTN şöbə müdiri polkovnik Belov tərəfindən tərtib edilmiş, həbs olunmasına icazə Azərbaycan MT naziri Yemelyanov və Azərbaycan prokuroru Əliyev tərəfindən verilmişdir. Sənəddə 1939-cu ilə aid iddialar sıralanır və ifadə edilir: "Bağırovun azadlıqda olması cəmiyyət üçün təhlükəlidir". 19 yanvar tarixli həbs qərarı yalnız 21 yanvarda yerinə yetirilmiş, eyni gün axtarış aktı tərtib edilmişdir. 19 fevral tarixli sənəddə məhbusun "qiymətli-qiymətsiz heç bir əşyası olmadığı" (Q.

Bağırov ilk həbsinə qədər boşanmış və sonra yalnız yaşamışdır) yazılmış, bu səbəbdən də onun otağı möhürlənməmişdir.

22.01 – 19.02.1949 tarixləri arasında şübhəlinin dindirildiyinə dair dörd protokol var. Dindirməni ümumi müstəntiq, kapitan-leytenant (dənizçi rütbəsi) Qolovanov (Popovla birlikdə) icra edirdi. Tərcümeyi-halı haqqında geniş bəhs edən Q. Bağırov 1938-ci ildən fərqli olaraq 1949-cu ildəki ifadəsində daha qətiyyətli mövqe nümayiş etdirmişdir: "Mənə qarşı irəli sürülən ittihamlar üzrə özümü günahkar hesab etmirəm. Çünki mən heç bir zaman heç bir inqilab əleyhdarı təşkilata üzv olmadım, EAAF-da dil və ədəbiyyat sahəsində heç bir zərərli fəaliyyət icra etmədim". O azadlığa çıxdığı 1946-ci ildən sonra da hər hansı bir antisovet fəaliyyətdə olmadığını yazmışdı. İ. Həsənovun istintaq işində olduğu kimi, istintaq çox darıxdırıcı gedirdi, halbuki hər şey əvvəlcədən həll edilmişdi. 20 fevralda Qolovanovun tərtib etdiyi iddianamə 2 martda Yemelyanov və 4 martda Əliyev tərəfindən qəbul olunmuşdur.

 

Laçından Qazaxıstana

 

İ.Həsənovun istintaq işində olduğu kimi, köhnə ittihamlar təkrarlanmış, amma "Azərbaycan SSR-ə qayıtdıqdan sonra Q.Bağırov tərəfindən antisovet fəaliyyətində olması barədə heç bir sübut əldə edilməmişdir". 22 fevralda həkimin tibbi arayışında Kolımada "qazandığı" aortit və xroniki bronxit xəstəlikləri yer alsa da, "yüngül fiziki işə yararlı, Şimal regionlarının iqliminə dayanıqlı" olduğu müəyyən olunmuşdur. Hələlik bürokratik prosedur davam edirdi, Q. Bağırov iki ay yarımdan az olmayan müddətdə həbsxanada saxlanıldı. Ömürlük sürgün qərarı 2 aprel 1949 tarixində qəbul edildi.

Bununla da iki dilçinin (İ.Həsənov və Q.Bağırov) taleyindəki paralellər sona çatır. Q. Bağırov nisbətən yüngül iqlimə malik Qazaxıstanın cənubundakı Cambul vilayətinə sürgün edilir və ikinci dəfə sağ qalmağı bacarır. Möcüzə nəticəsində sağ qalaraq 1947-ci ildə vətənə qayıdan və Laçın rayonunda səhiyyə şöbəsində (1947-1948-ci illərdə) işləyən, II Dünya müharibəsindən sonra ikinci repressiya dalğasına məruz qalaraq Qazaxıstanın Cambul vilayətinə aparılan Q.Bağırov Qazaxıstan məktəblərində rus dili və ədəbiyyatı müəllimi işləyir. 22 aprel 1954-cü il tarixində sürgündən azad edilir. Buna qədər 10.09.1953-cü il tarixində L.Beriya və M. Bağırovun həbs edildiyini eşitdikdən sonra SSRİ Prokurorluğuna ərizə yazır, amma o zaman ona cavab olaraq “haqlı olaraq sürgünə məhkum edildiyi” bildirilir.

 

“Ayaqlarıma və dişlərimə təpiklə vururdular”

 

Azərbaycana qayıtdıqdan sonra Q.Bağırov 22.07.1955-ci il tarixində yenidən SSRİ baş prokuroru R.A. Rudenkoya yazır, bu dəfə istintaq işinə yenidən baxılması sürətlənir. “Repressiya olunmuş türkologiya” kitabında qeyd olunub ki, ikinci istintaq işində Q. Bağırovun 29.02.1956-ci il tarixli ərizəsi də var. Bu sənəddə ondan etiraf ifadələri almaq üçün necə davranıldığından bəhs edilir: Qaravəliyev onu iki dəfə üç günlüyə küncə qoyubmuş: "Bu künc cəzasından sonra mən yerlərdə sürünərkən, digər otaqlardan gələnlər ayaqlarıma və dişlərimə təpiklə vurur, ədəbsiz, küçə sözləri işlədirdilər". Şahid olaraq yenidən ifadələri alınan A.A. Klimov və S.P. Tevosov Q. Bağırovu müsbət qiymətləndirmişlər. Azərbaycan SSRİ Ali Məhkəmə kollegiyası 18 aprel 1956-cı il tarixində 1939-ci ilin günahlandırması üzrə, 5 gün sonra – 23 apreldə 1949-ci ilin istintaq işi üzrə Q. Bağırova bəraət vermişdir. 1956-cı ildə Bakıya qayıdan alim elmi fəaliyyətinin ikinci mərhələsinə başlayır. Mirzə Fətəli Axundov adına Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunda işləməyə başlayır. 1956-cı ildən 1967-ci ilə qədər Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edir, ömrünün son illərində məhz həmin kafedranın professoru olur. 1966-cı ildə alim "Azərbaycan dilində feillərin leksik-semantik inkişafı" mövzusunda doktorluq dissertasiyanı müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülür. Qulam Bağırov 3 dekabr 1986-cı il tarixində Bakı şəhərində vəfat etmişdir.

 

Alim haqqında tamamilə səhv məılumatlart dolaşır

 

Q.Bağırov zəngin irs qoyub getmişdir. “Azərbaycan türk dilinin qısa qrammatikası” (Bakı, 1931), “Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri” (Bakı, 1932), “Elmi qramatikanın əsasları:Müqəddimə” (Bakı, 1932), “Türk dili üzrə proqramlar” (Bakı, 1933), “Türk dili (proqram tapşırıqları)” (Bakı, 1935), “Quba dialekti” (Bakı, 1936) və digər kitabların və “M.Füzulinin Azərbaycan ədəbi dilinin inkişafında rolu”(Azərbaycan məktəbi, 1958, №12), “Quba dialektinin fonetik, morfoloji və leksik xüsusiyyətlərinə dair” (Azərb. DPXDİ-nin Elmi əsərləri, Bakı, 1959, 2 bur.) və digər məqalələrin, habelə ölümündən sonra əlyazma şəklində bizə çatan “Azərbaycan dilində qıpçaq elementləri”, “Molla Nəsrəddinin dil və üslubuna dair” və “Яфетическо-тюркские параллели (на материале северных диалектов азербайджанского языка)” əsərlərin müəllifi olmuşdur.

Qulam Bağırov haqqında araşdırma aparılan repressiya olunmuş elm xadimlərimiz arasında bəraət dövrünə qədər yaşamaq xoşbəxtliyi nəsib olmuş tək-tək şəxslərdəndir. Son illər Rusiyada fəaliyyətə başlayan repressiya dövrünün elektron bazalarında isə Q. Bağırovun avtobioqrafiyası baxımından uğurlu məlumat almaq üçün münasib olmayıb. Belə ki, https://ru.openlist.wiki/index.php (Открытый список жертв политических репрессий в СССР) internet resursunda onun anadan olduğu tarxi, mənşəyi barədə məlumatlar düzgün olsa da, milliyyəti, təhsili, həbs olunduğu yerlər barədə məlumatlar tamamilə səhvdir. Düzdür, həmin mənbələr tam rəsmi saytlar deyil, amma bizim də bu məsələlərə ciddi yanaşmamağımız bu cür qeyri-düzgün informasiyaların yayılmasına şərait yaradır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM