Qəsri-Şirin sülhündən sonra Səfəvi-Osmanlı münasibətləri müasir Türkiyə tarixşünaslığında

14:19 / 24.11.2014

Tofiq Nəcəfli

Tarix üzrə elmlər doktoru

Müasir Azərbaycan tarixşünaslığında indiyədək I Şah Abbasdan sonrakı dövrdə Səfəvilərin hakimiyyəti dövrünə dair monoqrafik tədqiqat, o cümlədən XVII əsrin II yarısının siyasi tarixinə dair araşdırma mövcud olmadığı [3, 8, 267 qeyd 160; 5,87] kimi, Səfəvi-Osmanlı münasibətlərinə aid də hər hansı tədqiqat yoxdur. Buna görə də müasir Türkiyə tarixşünaslığında Səfəvi-Osmanlı münasibətlərinin araşdırılması xüsusi aktuallıq kəsb edir. Türkiyə tarixçilərinin əsərlərində mövcud olan xeyli faktiki material Qəsri-Şirin sülhündən sonra Səfəvi-Osmanlı münasibətləri ilə bağlı tarixşünaslığımızda olan boşluğu aradan qaldırmağa imkan yaradır. Məqsədimiz bu məqalədə Qəsri-Şirin sülhündən sonra Səfəvi-Osmanlı münasibətlərinin müasir Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsinə aydınlıq gətirməkdir.
1639-cu il Səfəvi–Osmanlı sülhü XVIII yüzilliyin I rübünə kimi hər iki dövlət arasındakı qarşılıqlı münasibətləri nizama saldı. Sülh müqaviləsinin bağlanmasından sonra Osmanlı və Səfəvi dövlətləri arasındakı qarşılıqlı siyasi əlaqələrin normal davam etdiyini görürük. Tərəflər sülhün şərtlərinə ciddi əməl edir və iki dövlət arasındakı bütün anlaşılmazlıqları diplomatik qaydada həll etməyə çalışırdı. Fasiləsiz olaraq tərəflər bir-birinə elçilər göndərirdilər. Müqavilə imzalandıqdan və İstanbulda təsdiq edildikdən sonra Səfəvi dövləti Osmanlı sarayına mövcud vəziyyəti öyrənmək üçün Məhəmmədqulu bəy Cığatayı göndərdi. O, 1640-cı ildə geri qayıtmış və İrəvan bəylərbəyi təyin olunmuşdu. Elə həmin il Osmanlı sultanı seçilən İbrahim xan (1640-1648) iki dövlət arasında 1639-cu il müqaviləsinin şərtlərinə uyğun qaydada qarşılıqlı münasibətləri möhkəmləndirmək üçün İsfahana elçi göndərmişdi. I Şah Səfi isə Maqsud Sultanı Osmanlı elçisi ilə Sultan İbrahimə atasının vəfatına görə başsağlığı vermək və həm də onu hakimiyyətə keçməsi münasibəti ilə təbrik etmək üçün İstanbula elçi göndərdi. Səfəvi elçisi İstanbulda iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsi üçün danışıqlar apardı [4,42; 7,36].
İ.H.Uzunçarşılı yazır ki, Sultan İbrahimin taxta çıxmasını təbrik etmək üçün I Şah Səfinin 1641-ci ilin iyununda göndərdiyi elçi İbrahim xana hədiyyələr gətirmiş və Yeddiqüllədə məhbus saxlanılan səfəviləri azad edərək vətənə aparmışdı. Səfəvi elçisi IV Murad dövründə Osmanlılara sığınmış İrəvan hakimi Təhmasibqulu xanın (Yusif xan) qətlə yetirilməsinə nail olmuşdu [16,249]. Bu faktı dövrün mənbəyi olan «Solak-zadə tarixi» də təsdiq edir. O, yazır: “1640-cı il fevralın 10-da Sultan Murad xan vəfat etdi. Cülustan sonra, Əcəm şahı olan Şah Səfidən elçi gəldi. Taxta çıxmağını təbrik üçün ölçüyə gəlməz hədiyyələr gətirdi... İrəvanın fəthində tabe olub, indi İstanbulda sakin olan Əmirgünə oğlu Yusif xanın elçi ilə Əcəmə qayıtmaq fikrində olduğunu vəzir Sultana çatdırdıqda, Sultan “Əmirgünə oğlu getməyi özümü istədi? Yoxsa elçinin təhrikidir bu? Deyə vəzirdən soruşmuş, o isə fitnəkarlıq edərək bunun Yusif xanın öz ricası ilə olduğunu bildirmişdi. Sultan qəzəblənib Yusif xanı öldürtdürür” [14,553-554; 7,37]. Yusif xanın öldürülməsi iki dövlət arasında münasibətlərə mənfi təsir göstərmədi. Bu hadisədən sonra iki dövlət arasında diplomatik əlaqələrin davam etdirilməsi bunu təsdiq edir.
F.Sümer yazır ki, IV Sultan Muradın ölümü və yerinə Sultan İbrahimin keçməsi ilə bağlı I Şah Səfi həm baş sağlığı vermək, həm də onu təbrik etmək üçün Muğan hakimi İbrahim xanı İstanbula göndərdi. Səfəvi elçisi hələ İstanbulda olan zaman I Şah Səfi vəfat etdiyi və oğlu Sultan Məhəmməd II Şah Abbas (1642-1666) adı ilə hakimiyyətə keçdiyinə görə, Yusif Ağa Qəzvinə göndərildi [15,29]. Türkiyə tarixçilərinin qənaətinə görə, Səfəvi şahı II Abbasın hakimiyyətə keçməsi ilə bağlı olaraq Maqsud xan qiymətli hədiyyələrlə Osmanlı sarayına göndərildi və bağlanmış sülhün şərtlərinə uyğun olaraq Van bölgəsindəki Millət qalasının sökülməsini sultandan xahiş etdi [14,553-554; 13,45-46]. Osmanlı sultanı İbrahim II Şah Abbasa atasının vəfatına görə başsağlığı vermək, həm də onu hakimiyyətə keçməsi münasibəti ilə təbrik etmək üçün Yusif Ağanı Maqsud Sultanla birlikdə Səfəvi sarayına elçi göndərdi [15,29]. Elçi sultanın sülh və dostluq əlaqələrini ifadə edən məktubunu şaha təqdim etdi. Osmanlı elçisinin II Şah Abbas tərəfindən Qəzvində Səadətabad adlı bağdakı sarayda yüksək səviyyədə qəbul edilməsi və onun şərəfinə ziyafətlər təşkil olunması Səfəvi dövləti ilə Osmanlı dövləti arasında çox yaxşı münasibətlərin olmasından, tərəflərin 1639-cu il sülh müqaviləsinə ciddi əməl etmələrindən xəbər verir [7,37].
1642-ci ildə Qəzvində Osmanlı elçisi Yusif Ağa ilə sülh və dostluğun möhkəmləndirilməsi barədə aparılmış danışıqlarda Osmanlı elçisi iki dövlət arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi haqqında məlumat verərkən II Şah Abbas ona bildirmişdi ki, arxayın olun, biz tərəfdən müharibə cəhdi olmayacaqdır. Yəni iqtisadi əməkdaşlığa maneçilik yaradılmayacaq, tərəflər arasında əmin-amanlığın qorunması və tacirlərin sərbəst gediş-gəlişinin təmin olunmasının hər iki dövlətin xeyrinə olduğu göstərilmişdir. Səfəvi şahı bu diplomatik danışıqlarda imperiyanın şimal-qərb sərhədlərinin təhlükəsizliyini təmin edib I Şah Səfi dövründə Böyük Moğol dövləti tərəfindən tutulmuş Qəndəharı geri almaq məqsədini düşünürdü [7,37-38].
Mehmet Sarayın fikrincə, bu zaman Türküstanda baş vermiş bir hadisə Səfəvilərlə Osmanlılar arasında dostluq münasibətlərinin saxlandığını bir daha sübut edir. O, yazır ki, 1642-ci ildə Özbək taxtına keçmiş Nəzir Məhəmməd xan 1647-ci ildə hakimiyyəti oğlu Əbdüləziz xana verməyə məcbur olmuşdu. Ancaq o, 1649-cu ildə hakimiyyəti yenidən ələ keçirmək üçün elçi göndərərək Osmanlı sultanından yardım istəmişdi. Osmanlı sultanı IV Mehmed ata ilə oğul arasındakı münasibətləri yoluna qoymaq üçün Səfəvi şahı II Abbasa məktub göndərərək Nəzir Məhəmməd xanın hakimiyyətə iddiasını müdafiə etməyi xahiş etmişdi. Sultanın xahişinə cavab verən II Şah Abbas bir müddət əvvəl Nəzir Məhəmmədin vəfat etdiyini, Əbdüləziz xanın hakimiyyətinin bütün Türküstanda qəbul edildiyini və məsələnin həll edildiyini bildirmişdi [11,46].
1648-ci ildə II Şah Abbas Qəndəhar yürüşü zamanı Bəstamda olan zaman Osmanlı sultanı İbrahimin elçisini qəbul etmişdi. Osmanlı sultanı Səfəvi şahının Qəndəhar hərbi yürüşündən ehtiyat edərək gələcəkdə onun Bağdadı da geri almaq fikrinə düşəcəyindən şübhələnirdi. O, II Şah Abbasa yazdığı məktubda tərəflər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin vacib olduğunu israrla təkid edirdi və ona bir fil də göndərilməsini xahiş edirdi. II Şah Abbas cavab olaraq Osmanlı elçisi ilə Sultanın sarayına Qasım bəyin oğlu Məhəmmədqulu bəyi yola salıb, ona buyurdu ki, Qəzvindəki fili Osmanlı sultanına aparsın. II Şah Abbas Sultan İbrahimə ünvanladığı məktubda iki dövlət arasındakı dostluq əlaqələrindən bəhs etmiş və bu məsələdə sözünün üstündə möhkəm dayandığını ifadə etməklə, onun rahatsızlığını aradan qaldırmağa cəhd göstərmişdir [6,38]. M.H.Ç.Solaqzadənin verdiyi məlumata görə, Sultan İbrahim həqiqətən də II Şah Abbasa məktub göndərərək iki nəhəng fil və beş yüz ədəd qızılla işlənmiş kitab cildi göndərməsini xahiş etmişdir [14,578].
İ.H.Uzunçarşılının fikrincə, 1649-cu ildə IV Mehmedin taxta çıxmasını təbrik etmək üçün II Şah Abbasın Mahmud xan adlı elçisi İstanbula gəldi və 2 fil hədiyyə gətirdi [13,46; 2,85]. Bu faktlar bir daha təsdiq edir ki, XVII yüzilliyin 40-cı illərində Səfəvi və Osmanlı dövlətləri arasında qarşılıqlı siyasi əlaqələr davam etdirilmiş, tərəflər bir-birini ən mühüm siyasi hadisələrlə bağlı məlumatlandırmış və lazımi hədiyyələr göndərərək normal münasibətlər saxlamışlar.
Beləliklə, XVII yüzilliyin I yarısında Səfəvi-Osmanlı münasibətlərinin müasir Türkiyə tarixşünaslığında tədqiq səviyyəsinin araşdırılması belə qənaətə gəlməyə imkan verir ki, Türkiyə tarixçiləri problemi işıqlandırarkən başlıca olaraq dövrün Osmanlı tarixçilərinin əsərlərindən faydalanmışlar. Osmanlı mənbələrinin verdiyi məlumatlar dövrün fars dilli qaynaqları ilə müqayisəli şəkildə istifadə edilmədiyi üçün Türkiyə tarixçiləri XVII yüzilliyin II rübündə baş verən Osmanlı-Səfəvi müharibələrinin səbəblərini, IV Muradın hərbi yürüşlərini, döyüş əməliyyatlarının gedişini çox zaman Osmanlı dövlətinin mənafeyinə uyğun olaraq işıqlandırmağa çalışmışlar. Ayrı-ayrı konkret hadisələrlə bağlı fikir ayrılığının olmasına baxmayaraq, Türkiyə tarixçilərinin əsərlərində verilmiş zəngin fakt materialları tarixşünaslığımızda öz əksini lazımi səviyyədə tapmamış məsələlərə aydınlıq gətirilməsi üçün mühüm əhəmiyyətə malikdir.
XVII əsrin ortalarında Osmanlı əyanlarından əslən kürd olan İbşir Mustafa paşanın təkidi ilə Pinyaniş kürdləri dəfələrlə Səfəvi sərhədlərini pozaraq yerli əhalinin əmlakını qarət etmiş və ələ keçən adamları öldürmüşdülər. İpşir Mustafa paşa Qəsri-Şirin sülhünə zidd hərəkət edərək iki dövlət arasında münasibətləri Səfəvilərin sərhəd əmirlərini savaşa çəkərək pozmağa çalışırdı. O, qismən buna nail olmuşdu. Belə ki, kürdlərin qətl və qarətlərinə dözməyən Urmiya hakimi top və tüfənglə təchiz olunmuş 20 min əsgərlə Osmanlı sərhədini keçib Pinyaniş kürdlərini cəzalandırıb, onların 40 min baş qoyunlarını sürüb gətirdilər. Top və tüfəngdən istifadə edib sərhədi pozmaq bağlanmış sülhün şərtlərinə zidd olduğu üçün Osmanlı dövləti dərhal Səfəvi dövlətinə etirazını bildirib, Vanda hərbi hazırlıq işlərinə başladı. Sultan IV Mehmed məsələni aydınlaşdırmaq üçün Evliya Çələbini 1654-cü ildə Səfəvi sarayına göndərdi. Evliya Çələbi çox çətinliklə iki dövlət arasında yaranmış qarşıdurmanı aradan götürüb dostluq münasibətlərini bərpa edə bildi [4,42-43, 69-73; 7,39]. Bu hadisə bir daha göstərdi ki, Qəsri-Şirin sülhündən sonra iki dövlət bir-birindən asanlıqla qoparılıb ala biləcəkləri bir şeyin olmadığını anlamış və nəticədə Səfəvi və Osmanlı dövlətləri arasında diplomatik əlaqələr gücləndiyi üçün sərhədlərdə sabit bir sakitlik bərqərar olmuşdur.
Məhəmməd Tahir Vahidin verdiyi məlumata görə, II Şah Abbasla Osmanlı sultanı arasında çox möhkəm sıx əlaqə mövcud olmuşdu. XVII əsrin ortalarında Bəsrədə ixtişaşlar baş verən zaman yerli hakim Hüseyn paşa II Şah Abbasa məktub göndərib tabe olduğunu bildirsə də, Səfəvi hökmdarı I Şah Səfi ilə IV Sultan Murad arasındakı əhdi pozmaq fikrində olmadığına görə, Hüseyn paşanın xahişinə cavab vermədi. Əksinə, iki dövlət arasındakı münasibətləri möhkəmləndirmək məqsədi ilə 1656-cı ildə Kəlbəli Sultan Silsüpürü Osmanlı sarayına göndərdi. Osmanlı sultanı da lütfkarlıq göstərib elçisi İsmayıl Ağanı Kəlbəli Sultanla II Şah Abbasın sarayına yola saldı. İsmayıl Ağa İsfahanda şahın hüzurunda oldu və çox mehribanlıqla qarşılanıb layiqli mənzildə yerləşdirildi. Osmanlı elçisi İsfahanda olduğu müddətdə şahın göstərişi ilə onun şərəfinə ziyafət məclisləri təşkil olundu. İsmayıl ağa İsfahanda xəstələnsə də, təbib Məhəmməd Şərif tərəfindən müalicə olundu və qiymətli hədiyyələrlə vətənə qayıtdı və yolda Bağdadda vəfat etdi [10,66-67; 15,29,30; 7,39-40]. Bu bir daha təsdiq edir ki, Səfəvi hökmdarı iki dövlət arasında bağlanmış sülhü qoruyub saxlamaqda maraqlı olduğu üçün sərhəddə baş verən hər hansı bir ixtişaşın dərinləşməsinə yol verməməyə çalışmışdı.
M.H.Ç.Solaqzadə yazır ki, 1656-cı ilin noyabr/dekabr aylarında II Şah Abbasın Kəlbəli xan adında elçisi iki dövlət arasındakı dostluq əlaqələrini möhkəmləndirmək üçün çox qiymətli hədiyyələr və dağ kimi cüssəli iki fillİ İstanbula gətirdi. O, gətirdiyi məktubu sultana təqdim etdikdən sonra, padşahın uğurlu məktubunu götürməyə məmur edilən Mütəfərriqabaşı ilə birlikdə şahın sarayına geri döndülər [13,630]. İ.H.Uzunçarşılı Naimanın verdiyi məlumata əsaslanaraq yazır ki, 1657-ci ildə Kəlbəli xan bağlanmış sülhü yenilədikdən sonra vətənə dönən zaman onunla birlikdə Osmanlı elçisi İsmayıl ağa qiymətli hədiyyələrlə yola salındı [16,250]. Bu hadisəni dövrün qaynağı olan Əylisli Zəkəriyyənin gündəliyi təsdiq edir. Əylisli Zəkəriyyə öz gündəliyində yazır ki, 1657-ci il fevralın 14-də Osmanlı sultanının Səfəvi şahının yanına göndərdiyi elçisi İsmayıl ağa Toqata gəlmişdi. Onun yanında II Şah Abbasın Osmanlı sultanının yanına göndərdiyi elçisi Kəlbəli sultan da var idi. Altı gün Toqatda qaldıqdan sonra hər iki elçi Diyarbəkir yolu ilə Səfəvi paytaxtına yola düşdülər [6,48].
XVII əsrin ikinci yarısında Səfəvi-Osmanlı münasibətləri dostluq məcrasında davam etmiş, tərəflər Qəsri-Şirin sülhünün şərtlərinə sadiq qalaraq iki dövlət arasında dostluq əlaqələrini daha da möhkəmləndirməyə çalışmışlar. Səfəvi şahları və Osmanlı sultanları tərəflər arasında mövcud olan sülhü qoruyub saxlamaq üçün baş verə biləcək istənilən münaqişədən çəkinməyə, sərhəd bölgəsində yarana biləcək istənilən qarşıdurmanın qarşısını almağa çalışmışdılar. Məhəmməd tahir Vəhidin verdiyi məlumata görə, 1661-ci ildə İrəvan bəylərbəyi Nəcəfqulu xan II Şah Abbasa məktub göndərərək Kartli-Kaxetiya valisi Şahnavaz xanın Qərbi Gürcüstana hücum təşkil edib Başıaçığı (İmeretiya) tutduğu və oğlu Arçili hakim təyin etdiyini xəbər verdi [10,117; 7,39]. Şahnavaz xan Kartli-Kaxetiya valisi Rüstəm xanın oğulluğu olub, 1658-ci ildə atalığı vəfat etdikdən sonra onun yerinə vali təyin edilmişdi. O, atalığı Rüstəm xanın siyasətini davam etdirərək mərkəzi hakimiyyətə sədaqətli olmuşdu. Lakin onun Başıaçığa hücum etməsi Səfəvi və Osmanlı dövlətləri arasında imzalanmış 1639-cu il sülhünün şərtlərinə zidd olub, hər iki dövlət tərəfindən qəbul edilməz idi. Şübhəsiz ki, Qəsri-Şirin müqaviləsinə görə, Qərbi Gürcüstan Osmanlı dövlətinə aid olduğu üçün Şahnavaz xanın bu hərəkəti IV Sultan Mehmed tərəfindən Osmanlı dövlətinin daxili işlərinə qarışmaq kimi dəyərləndirildi [7,40]. Şahnavaz xanın mövcud əhdnaməni pozmasından Osmanlı dövlətinin xəbər tutması, bu hadisənin iki dövlət arasındakı müqaviləyə zidd olduğu, Səfəvi qoşununun Osmanlı dövlətinə tabe əraziyə daxil olması çox gərgin bir vəziyyət yaratmışdı. Məhəmməd Tahir Vahid yazır ki, bu dövrdə II Şah Abbasla Osmanlı sultanı arasında çox yaxşı əlaqə və münasibətlər vardı. Buna görə də, dərhal göstəriş verdi ki, Şahnavaz xan Başıaçıqdan qoşunu geri çəksin. Şahnavaz xan şahın göstərişinə əməl edib qoşununu Başıaçıqdan geri çəkdi və İsfahana gəldi. II Şah Abbas Şahnavaz xanın mərkəzi hakimiyyətə sədaqətini nəzərə alıb onu cəzalandırmadı, oğlu Arçili Kaxetiya hakimi təyin etdi [10,117; 7,41]. Bununla da iki dövlət arasında yaranmış gərginlik aradan qaldırıldı.
F.Sümerin fikrincə, XVII əsrin 60-cı illərində ticarətin inkişafında önəmli rol oynayan Bəsrədə gərginlik hələ də davam edirdi. Bağdad bəylərbəyi Murtaza paşanın şəhərdə toplanmış zəngin malları ələ keçirmək üçün vali Əhməd paşa ilə qardaşı Fəthi bəyi öldürməsi üsyana səbəb oldu. Səfəvi şahının yardımı ilə Hüseyn paşa şəhəri ələ keçirdi. Onun hakimiyyəti Osmanlı sultanı tərəfindən tanındı. Lakin onun hərəkətləri vəziyyəti ağırlaşdırdığı üçün 1666-cı ildə Səfəvi dövlətinə sığınmasına səbəb oldu. Onun yerinə Yəhya paşa Bəsrə bəylərbəyi təyin edildi. Bir müddət sonra o, da Səfəvi dövlətinə sığınmalı olmuşdu. Osmanlı dövləti Hüseyn paşa ilə Yəhya bəyə sığınacaq verdiyinə görə Səfəvi şahına öz etirazını bildirmişdi. Buna görə də, Hüseyn paşa 1667-ci ildə Hindistana getməli olmuşdu [15,30].
Göründüyü kimi, II Şah Abbasın hakimiyyəti dövründə Səfəvi-Osmanlı münasibətlərinin təhlili göstərir ki, iki dövlət arasında hakim dairələrin iqtisadi və siyasi maraqlarını özündə əks etdirən məzhəbi çəkişmələr mövcud olmamış, əksinə qarşılıqlı sülh və dostluq əlaqələri inkişaf etmişdir.
F.Sümerin fikrincə, II Şah Abbas dövründə ipək ticarəti daha da inkişaf etmişdi. Ölkədə sabitliyin bərqərar olması, qonşu dövlətlərlə dostluq əlaqələrinin saxlanılması iqtisadi əlaqələrin inkişafına əlverişli şərait yaratmışdı. Bu da, öz növbəsində qarşılıqlı mədəni əlaqələrin inkişafını təmin etmişdi. “Əsli və Kərəm”, “Arzu və Qənbər” və “Aşiq Qərib” dastanlarının Türkiyəyə gəlməsi həyata keçirilən sülh və iqtisadi əlaqələrlə bilavasitə bağlı idi. 1659-cu ildə Türkiyədən İrana səyyah Dərviş Mustafanın səyahəti baş vermişdi. II Şah Abbas onu və heyət üzvlərini yüksək səviyyədə qəbul etmişdi. Səfəvi şahı Dərviş Mustafanın danışıqlarından xoş hal olmuş, heyət üzvlərinə böyük hörmət göstərmişdi. O, hətta Dərviş Mustafanın Türkiyəyə dönməsinə yardım göstərməsi üçün Şirvan bəylərbəyinə türkcə məktub yazıb göndərmişdi [15,31].
Səfəvi və Osmanlı dövlətləri arasındakı dostluq əlaqələri II Şah Abbasın xələfi Şah Süleyman (1666-1694) dövründə də qorunub saxlanmışdır. İki dövlət arasında əlaqələr yaxşı olmuş, iki dövlət başçısı arasında səfirlik mübadiləsi davam etdirilmişdi. M.Saray yazır ki, Şah Süleymanın hakimiyyətə keçməsini təbrik etmək üçün Osmanlı hökmdarı öz elçisini göndərmiş, Səfəvi şahı da II Sultan Süleymanı (1687-1691) və II Sultan Əhmədi (1691-1695) taxt-taca keçməsini təbrik etmək üçün öz elçisini İstanbula göndərmişdi [13,46].
Səfəvi imperiyasının xarici siyasətində Osmanlı imperiyası ilə münasibətlər uzun müddət başlıca yer tutmuşdur. Osmanlı-Səfəvi qarşıdurması Səfəvi şahlarını Avropa dövlətləri ilə əlaqə yaratmağa vadar edirdi. Osmanlı sultanlarının imperiya siyasəti şərqə də, qərbdə olduğu kimi təzyiq göstərirdi ki, bu da Səfəvi dövləti və Avropa ölkələrini təbii alyansda birləşməyə sövq edirdi. XVII əsrin 80-ci illərində də Avropa elçiləri İsfahana gələrək, Şah Süleymana Osmanlı imperiyasına qarşı Avropa ölkələri ilə ittifaqa girməyi, əlverişli şəraitdən istifadə edərək, Bağdadı və digər itirilmiş əraziləri bərpa etməyi təklif edirdilər. Bu zaman Osmanlı imperiyası Avropa dövlətləri ilə müharibə aparırdı. Vyana 1583-cü ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınmışdı. Qərb dövlətləri Avropanın başı üzərini almış “türk təhlükəsindən” qurtulmaq üçün Səfəvi dövlətindən bir vasitə kimi istifadə etməyə - Osmanlı imperiyasının hərbi qüvvələrini iki cəbhəyə parçalamağa cəhd edirdilər [5,243-244]. Bu da təsadüfi deyildi, belə ki, “Səfəvi dövləti Osmanlı imperiyasının zərbə qüvvəsini bu dövlətin ən qüdrətli çağında öz üzərinə götürürdü. Osmanlı sultanları Avropa dövlətlərinə qarşı hərbi əməliyyatların ən qızğın çağında belə, öz hərbi qüvvələrinin mühüm bir hissəsini Səfəvi sərhədində saxlamağa məcbur olur, ya da qərb dövlətləri ilə bir vaxtda Səfəvi şahlarına qarşı da hərbi əməliyyat aparmağa məcbur olurdular. Çox vaxt Osmanlı imperiyası Avropadakı hərbi əməliyyatları yarımçıq qoyub, özünün bütün hərbi qüvvələrini Səfəvi dövlətinə qarşı yönəldirdi. Bununla, antitürkiyə kampaniyasına daxil olan dövlətlər sistemində Osmanlı imperiyasına qarşı mübarizənin əsas ağırlığı Səfəvi dövlətinin üzərinə düşürdü” [9,309; 5,244]. Lakin Şah Süleyman bütün bu arqumentlərə məhəl qoymayaraq, Osmanlı sultanı ilə bağlanmış sülhü və dinc münasibətləri qoruyub saxlamağa üstünlük verirdi. T.Kuruşinski yazır: “Onun (Şah Süleymanın – T.N.) diqqətinə çatdıranda ki, türklər tərəfdən böyük təhlükə ehtimal olunur, əgər Siz özünüz onlara qarşı səfərbər olmasanız onlar (osmanlılar – T.N.) xristianlarla sülh bağlayan kimi ən gözəl vilayətlərinizə hücuma keçə bilərlər, cavabında deyirdi ki, o, bu barədə heç də narahat deyil və İsfahanı belə onlar üçün keçə bilər” [5,244]. Bu, bir daha göstərir ki, Osmanlı imperiyası ilə müharibə aparan Avropa dövlətlərinin bütün təzyiqlərinə baxmayaraq, Səfəvi şahı iki dövlət arasında imzalanmış sülhə sadiq qalaraq Osmanlı imperiyası ilə münasibətləri gərginləşdirməkdən çəkinirdi.
İ.H.Uzunçarşılının fikrincə, 1688-ci il sentyabrın 27-də II Sultan Süleyman hakimiyyətə gəlməsini xəbər verməsi üçün öz elçisini Səfəvi şahının sarayına göndərmişdi [16,250; 2,90-91]. 1692-ci ilin fevral-mart aylarında Şah Süleymanın elçisi Kəlbəli xan yeni hökmdarın taxta keçməsini təbrik etmək üçün İstanbula gəldi. Səfəvi şahı elçisi ilə sultana tabak, kasa, şal, atlas, qumaş, xalı, yeddi rəngli dəsmal, bir ədəd fil, qılınc, qalxan və digər hədiyyələr gətirmişdi. Kəlbəli xan dövlət məmurları ilə görüşlərdən sonra lazımi hədiyyələr verilərək yola salınmışdır [1,33-34; 2,90-91].
Göründüyü kimi, XVII əsrin sonlarında da Səfəvi və Osmanlı dövlətləri arasında diplomatik əlaqələr davam etdirilmişdi. İki dövlət arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün mühüm addım atılmışdı. 1696-cı ildə Səfəvi elçisi Əbül Məsum II Mustafanın taxta keçməsini təbrik etmək üçün Ədirnəyə gələrək şahın adından onu təbrik etmiş, hədiyyə gətirdiyi fili və Əcəm dəvələrini təqdim etmişdi [12,533; 2,95].
1696-cı ildə Osmanlı dövlətinin Avstriya və Rusiya ilə müharibə aparmasından istifadə edən Bəsrədəki Hüveyzə tayfası Maninin rəhbərliyi altında üsyan qaldıraraq Bəsrəni işğal etmişdi. Osmanlı dövləti dörd dövlətə qarşı müharibə apardığı üçün bu hadisə ilə bağlı ciddi tədbir görə bilmədi. Bu zaman Səfəvi hökmdarı Şah Hüseyn bu tayfanın əlindən Bəsrəni aldı və açarlarını Rüstəm xan adlı elçisi ilə II Sultan Mustafaya göndərdi. Osmanlı sultanı Səfəvi şahının bu addımını yüksək qiymətləndirdi və elçiyə qiymətli hədiyyələr təqdim etdi. II Sultan Mustafa bəylər¬bəyi rütbəsi verdiyi katiblərin rəisi Mehmed bəyi elçi təyin edərək Rüstəm xanla birlikdə 1697-ci ildə Səfəvi sarayına yola saldı, şaha təşəkkür məktubu və qiymətli hədiyyələr göndərdi [16,250; 2,95-96].
İ.H.Uzunçarşılıdan fərqli olaraq M.Saray Şah Hüseyn dövründə Səfəvi-Osmanlı münasibətlərinin yenidən gərginləşdiyini qeyd edir. Onun fikrincə, buna səbəb Bəsrədə baş verən hadisələr olmuşdu. 1694-cü ildə Osmanlı ordusunun Vyana səfərində olması, Bəsrədə baş verən vəba xəstəliyindən xalqın və Osmanlı ordusunun tələf olmasından yararlanan Müntefik tayfasının başçısı Şeyx Mani Bəsrəni ələ keçirmişdi. Bir müddət sonra Osmanlı əsgərləri şəhəri azad etsə də, bir il sonra Şeyx Mani yenidən şəhəri ələ keçirməyə müvəffəq olmuşdu. Bununla kifayətlənməyən Şeyx Mani qonşu Hüveyzə bölgəsindəki Muşaşa tayfalarını da nəzarət altına almaq istəsə də, Muşaşaların başçısı Seyid Fərəculla ilə münasibətləri kəskinləşmişdi. Özünü Bəsrə hakimi elan edən Seyid Fərəculla Şah Hüseynin himayəsinə girməyi xahiş etmişdi. Osmanlı dövlətinin Avstriya ilə müharibə apardığını nəzərə alan Səfəvi şahı Bəsrə hakimini himayə altına almışdı. Bəsrə on ilə yaxın Səfəvi şahının hakimiyyəti altında qalmışdır. III Sultan Əhməd (1703-1730) zamanında Bağdad valisi təyin edilən Mustafa paşa 1710-cu il yanvarın 20-də Bəsrəni yenidən Osmanlı dövlətinə geri qaytara bilmişdi. Osmanlı dövlətinin bu məsələdə qərarlı olmasına, Şah Hüseyn ölkəsində baş verən qarışıqlıq nəticəsində lazımı cavab vermək üçün fürsət tapa bilməmişdi [13,46-47].
L.Lokhartın verdiyi məlumata görə, Ərəbistanın nüfuzlu muşaşa tayfasından olan Seyid Fərəculla Bağdad hakimi Həsən paşadan və Şah Hüseyndən Şeyx Manini Bəsərdən sığışdırıb çıxarmaq barədə icazə alaraq onu Bəsrədən qovub çıxarmışdı. Seyid Fərəculla şəhərin açarlarını Səfəvi şahına, o da öz növbəsində qiymətli hədiyyələrlə birlikdə Osmanlı sultanına göndərir. Beləliklə, şəhər üzərində Osmanlı hakimiyyəti tanınır, lakin o, hələ uzun müddət Səfəvi qüvvələrinin nəzarəti altında qalır [8,53-54; 5,244-245]. R.Dadaşova L.Lokhartın verdiyi məlumata əsaslanaraq yazır ki, 1697-1701-ci illər arasında Səfəvilər Bəsrənin hakimi vəzifəsində heç bir səbəb və lüzum olmadan dörd nəfəri dəyişirlər. Lazımi qüvvə toplayan türklər 1701-ci ilin yazında hücuma keçib, Səfəvi hökumətinin təyin etdiyi hakim Davud xanı öldürüb, ciddi müqavimətlə rastlaşmadan şəhərə daxil olurlar. Beləliklə, Bəsrənin Səfəvilər tərəfindən işğalı Osmanlı dövləti ilə hərbi münaqişə səviyyəsinə qalxmadan sona çatdı [8,54; 5,245]. Bu, bir daha təsdiq edir ki, Bəsrə şəhəri heç də M.Sarayın qeyd etdiyi kimi, 1710-cu ildə deyil, 1701-ci ildə Osmanlı dövlətinin nəzarəti altına keçmiş və iki dövlət arasında mövcud olan münaqişə aradan qalxmışdır.
1639-cu il Səfəvi və Osmanlı dövlətləri arasında imzalanmış Qəsri-Şirin sülhündən sonra iki dövlət arasındakı münasibətlərin müasir Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsinin öyrənilməsi göstərir ki, Türkiyə tarixçilərinin araşdırmalarında XVI-XVII əsrin 30-cu illərində Səfəvi-Osmanlı münasibətlərinin tədqiqi ilə müqayisədə bu dövr dərindən araşdırılmamışdır. Əsasən ümumiləşdirilmiş və qismən də ayrı-ayrı əsərlərdə bu məsələyə müəyyən diqqət yetirilmişdir. Bunu nəzərə alaraq, biz dövrün mənbələrindən istifadə etməklə iki dövlət arasında siyasi münasibətlərin nizama salındığı şəraitdə necə inkişaf etdiyinə müəyyən mənada aydınlıq gətirməyə çalışdıq.

 

Mənbələr və ədəbİYyat.

1. Anonim Osmanlı tarihi (1688-1704). Yayına Hazırlayan A.Özcan. Türk Tarih Kurumu Yayınları, Ankara: 2000.
2. Aydoğmuşoğlu C. Safevi devleti tarihi. Gece Kitablığı, Ankara, 2014.
3. Буниятов З.М. От редактора. Предисловие к повторному изданию «Гюдистан-и Ирам» А.А.Баки¬ха¬нова. Баку, 1991.
4. Bayramlı Z., B.Əziz. Azərbaycan Evliya Çələbinin 1654-cü il “Səyahətnaməsi”ndə. Bakı, 2000.
5. Dadaşova R. Səfəvilərin son dövrü. Bakı, 2003.
6. Дневник Закария Акулисского. Ераван, 1939.
7. Həsənəliyev Z., Bayramlı Z. II Şah Abbasın hakimiyyəti illərində Azərbaycan Səfəvi dövlətinin daxili və xarici siyasəti. Bakı, 2011.
8. Lockhart L. The fall of the Safavi dynasty and the Afghan occupation of Persia. Cambridge. 1958.
9. Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Bakı, 2006.
10. Məhəmməd Tahir Vəhid. Tarixe Sərqozaşte Şah Abbas devvom. Be kuşeşe Səttar Əvdi. Tehran, 1334 h.ş.
11. Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке. Баку, 1981.
12. Raşid Mehmed Efendi-İsmail Asim Efendi. Tarih-i Raşid ve zeyli. c. 1. Hazırlayanlar: A.Özcan, Y.Uğur, B.Çakır, A.Z.İzgöer. Klasik Yayınları, İstanbul, 2013.
13. Saray M. Türk İran münasibətlərində şiiliğin rolu. Ankara, 1990.
14. Solak-zade M.H.Ç. Solak-zade tarihi. c. II. Hazırlayan Vahid Çabuk. An¬ka¬ra, 1989.
15. Sümer F. Safevi tarihi incelemeleri: I. ve II. Abbas devirleri. //Türk Dünyası Araştırmaları, sayı 69. Ankara, 1990, s. 10-32.
16. Uzunçarşılı İ.H. Osmanlı tarihi, c. III, II Kısım. Ankara, 1988.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM