XVII ƏSRDƏ AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN TÜRKÜSTAN XANLARI İLƏ MÜNASIBƏTLƏRİ MÜASİR TÜRKİYƏ TARİXŞÜNASLIĞINDA

14:56 / 17.11.2016

Tofiq Nəcəfli

Tarix üzrə elmlər doktoru

XVI əsrin sonu I Şah Abbasın Xorasana uğurlu yürüşü nəticəsində Şeybanilər dövlətinə son qoyuldu və Herat şəhəri daxil olmaqla Xorasan vilayəti Səfəvi hökmdarının nəzarətinə keçdi. Bununla belə, Səfəvi dövlətinin 1599-cu ildə Şeybaniləri əvəz etmiş Həştərxanilər sülaləsindən olan xanlarla münasibətləri gərgin olaraq qalırdı. I Şah Abbas Xorasandakı vəziyyətlə tanış olmaq, Mavəraünnəhrdəki vəziyyətə nəzarət etmək və Nurməhəmmədi himayə etmək məqsədi ilə Xorasana getdi. Məhz bu dövrdə Pir Məhəmməd xanla Buxara əmirləri tərəfindən göndərilən elçilər I Şah Abbas tərəfindən qəbul edildi. Pir Məhəmməd xan göndərdiyi elçi vasitəsilə şahdan Bağbadda Qızılbaşların əlində əsir olan Canı bəyin nəvəsi Məhəmməd İbrahimin azad edilərək göndərilməsini xahiş etdi. Buxara əmirləri də Məhəmməd İbrahimin azad edilməsini xahiş edirdilər. Onların məqsədi səltənətdə və dünya işlərində çox gözü olmayan dərviş Pir Məhəmməd xanın yerinə onu xan seçməkdi. Çünki Səmərqəndi ələ keçirən Baki xan müxalifətə keçərək Buxaranı təhdid etməyə başlamışdı. I Şah Abbas məsələni həll etmək üçün vasitəçilik edən Nurməhəmməd xana məktub yollayaraq bildirdi ki, Buxara əmirləri götürdükləri təəhhüdlərə sadiq qalıb Mərvdə Məhəmməd İbrahimi qarşılasalar məsələ həll edilmiş olar. Qızılbaşlar Simnana çatan zaman Nurməhəmməd xanın elçisi I Şah Abbas tərəfindən qəbul edildi. Elçi Səfəvi şahına Baki Məhəmməd xanın (1599-1605) Pir Məhəmməd xana hücum edib onu öldürdüyünü və Buxaranı ələ keçirərək özbəkləri öz bayrağı altında birləşdirdiyini xəbər verdi [7,1078-1080; 1,206].
C.Aydoğmuşoğlunun fikrincə, Səfəvi hökmdarı Məhəmməd İbrahimi Bəlxə göndərməyə qərar verdi. O, Bəlx əhalisinin bir hissəsinin müdafiə etdiyi Əbdüləmin xana məktub yazaraq Məhəmməd İbrahimi tanımasını və Baki xana qarşı birgə hərəkət etməsini bildirdi. Məhəmməd İbrahimin xahişi ilə I Şah Abbas Mavəraünnəhr və Türkistanın idarəsini də ona verdi. Məhəmməd İbrahim Məşhəd hakimi Budaq xanla birlikdə yola düşdü. Lakin bu zaman Səfəvi şahı “bir elçi göndərib bölgənin vəziyyətini öyrənmək və Bəlx xalqının sədaqətindən əmin olsaydıq” söyləyərək Məhəmməd İbrahimi Məşhəddə saxlamaq üçün göstəriş verdi, Bəlxin cənub-qərbində yerləşən Heratda qızılbaş əsgərlərinin toplanmasına əmr verdi [1,206-207].
İsgəndər bəy Münşi yazır ki, h. 1009-cu ilin (m. 1600/1601) yazında I Şah Abbas Herata gəldi. O, Mərvşahcan valisi Nurməhəmməd xanla Xarəzm valisi Hacı Məhəmməd xana elçi göndərərk Mavəraünnəhr məsələləri ilə bağlı məsləhətləşmək və qərar çıxarmaqdan ötrü onları yanına dəvət etdi. Hacı Məhəmməd xan yolda xəstələndiyi üçün gələ bilmədi. Nurməhəmməd xan əsassız səbəblər irəli sürdü və gəlməkdən imtina etdi. 1600-cü ilin aprelində Səfəvi elçisi Ruhulla bəy Zülqədər qayıdıb gəldi. Onun məlumatına görə, Bəlx əhalisinin bir hissəsi Məhəmməd İbrahim xanı istəyir, amma başqa hissəsi isə, hal-hazırda onların hakimi olan Əbdüləmin xan tərəfdarıdır. İkinci hissə Məhəmməd İbrahim xanın oraya göndərilməsinin əksinədir və onlar qorxurlar ki, xanın gəlişi ilə Əbdüləmin xan dövlətinə zərər toxuna bilər. Buna görə də, Məhəmməd İbrahim xan Əbdüləmin xanı özünün böyük qardaşı bilsin, onunla görüşsün, əmr və tapşırıqlarına əməl etsin, Əbdüləmin xanın rəsmi hökmü ilə ona verdiyi məmləkətlərlə kifayətlənsin və Mavəraünnəhrin fəthinə qədər bununla qənaətlənsin, amma, Allahın köməyi ilə Mavəraünnəhr ələ alındıqdan sonra onların biri Buxarada, o birisi isə Bəlxdə yerləşər [7,1093, 1097-1098; 1,199]. O, Bəlxə çatdıqdan az sonra 1600-cü ilin iyul ayında hiylə ilə Əbdüləmin xanı oldürdü. O, şaha təşəkkür məktubu göndərərək bəzi şəhərləri hakimiyyəti altına aldı [7, 1097-1098; 10,163-166; 1,207].
Səfəvi hökmdarı müəyyən bəhanələrlə hüzuruna gəlməyən Nurməhəmməd xanı itaət göstərməyə vadar etməyə qərar verdi. Lakin boyun əymək istəməyən Özbək xanı Səfəvilərin hakimiyyəti altında olan Əbivərd qalasına hücum edərək onu ələ keçirdi. Buna görə də, I Şah Abbas Xorasan bəylərbəyi Hüseyn bəy Şamlını qızılbaş qoşunu ilə Mərv üzərinə göndərdi. Özü isə Əbivərd qalasını mühasirəyə almaq üçün hərəkət etdi. Bundan xəbər tutan Nurməhəmməd xanın ordusu dağıldı, o, az qüvvə ilə Mərvə çəkildi. Əbivərd qalası 24 günlük müqavimətdən sonra tutuldu. Nurməhəmməd xan lazımi qüvvəsi qalmadığı üçün I Şah Abbasın baş vəziri Hatəm bəy Ordubadinin vasitəçiliyi ilə Şahdan əfv olunmasını xahiş etdi. Səfəvi şahı Nurməhəmməd xanı hüzuruna qəbul edərək onu bağışladı, sonra isə Mərvə getdi. I Şah Abbas Mərvin idarəsini Bəktaş xan Ustaclıya tapşırdı. 1601-ci ilin iyulunda o, Nurməhəmməd xan və ailəsinə maaş təyin edərək onları Şiraza göndərdi [1,207-208]. Səfəvi hökmdarı Nisa qalasını ələ keçirdikdən sonra Məşhədə döndü. O, bir müddət burada qalaraq İmam Rza türbəsini ziyarət etdikdən sonra Qəzvinə döndü və bir aydan sonra paytaxt İsfahana getdi.
1601-ci ilin novruz bayramından bir neçə gün sonra İsfahanda olan I Şah Abbas Məhəmməd İbrahimin çiçək xəstəliyindən ölməsi xəbərini aldı. Bir neçə gündən sonra o, Məhəmməd İbrahimin yaxın qohumları olan Yar Məhəmməd Mirzə, Şir Əfkən Mirzə və Ərəb Məhəmməd Atalığı hüzuruna qəbul edərək onlara təsəlli verdi. Şah onlara müəyyən bəxşişlər, həmçinin qoyun, buğda, yağ və mərci verdi. Özbək şahzadələri də bunun qarşılığında I Şah Abbasa qiymətli almaz təqdim etdilər. Lakin bu almaz özbəklər tərəfindən İmam Rza türbəsinin qarəti zamanı götürüldüyü üçün qızılbaş üləmalarının fitvası ilə İstanbulda satdırıldı və həmin pul İmam Rza türbəsi üçün xərclənildi [10,167-168; 1,208-209].
C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumata əsaslanaraq yazır ki, I Şah Abbas 1601-ci ildə Məşhəddə İmam Rza türbəsini ziyarət etdi və Səfəvilərin nəzarətində olan Qunduz qalasına hücum edən Baki Məhəmməd xanı cəzalandırmaq qərarına gəldi. Bu zaman Baki xan Mərv hakimi Bəkdaş xanın vasitəçiliyi ilə I Şah Abbasa məktub göndərərək dostluq münasibətlərini davam etdirdiyini bildirərək ondan bir neçə seçmə at göndərməsini xahiş etdi. I Şah Abbas elçisi Bayram Əli bəy Ustaclı vasitəsilə ona hədiyyələr, cins atlar və məktub yolladı [1,209]. Səfəvi hökmdarı gərginliyin aradan qalxdığını nəzərə alaraq divanbəyi Can Məhəmməd bəyi Baki xanın yanına göndərərək onun Mavəraünnəhr hakimliyi ilə kifayətlənərək, Bəlxi Abdulla xanın xatirinə onun nəslindən olan şahzadələrə verməsini istədi. Məhəmməd İbrahim xanın ölümündən sonra Baki xan Bəlxi ələ keçirdiyi üçün şahzadələr I Şah Abbasa sığınmışdılar. Baki xan şahın elçisini mehriban qarşıladı və şahzadələri göndərməsini bildirdi. Lakin I Şah Abbas casusları vasitəsilə Baki xanın əsil niyyətini öyrəndiyi üçün Bəlxin alınmasına qərar verdi. O, Yar Məhəmməd Mirzəni iki uşaqla bərabər Xorasana getməsinə əmr verdi. 1602-ci ilin martında I Şah Abbas Əliqulu xan Şamlı və Qərçiqay bəyi çoxsaylı ordu ilə Meymənə və Çiçək dağı istiqamətinə göndərdi, özü də Herata hərəkət etdi. Səfəvi şanı Heratda olan zaman Özbək şahzadələri ona qoşuldu. I Şah Abbas Cahangir Sultana “xan” rütbəsi verərək Bəlx şəhərinin idarəsini ona verdi. I Şah Abbas Cahangir Mirzəni qorumağı Yar Məhəmməd Mirzəyə tapşıraraq 10 min tüfəngçi, 300 topla silahlanmış Qızılbaş ordusunun Mərvçak tərəfə hərəkət etməsinə əmr verdi. Səfəvi ordusuna bir müddət sonra Mərv hakimi Bəkdaş xan, Bahərz hakimi Mihrab xan Qacar, Farah hakimi İsmayılqulu xan ilə Kayın hakimi Nəcəfqulu xan Şamlı da qoşuldu. Beləliklə, Səfəvi ordusu 40 min əsgər, 300 top və 10 min tüfəngçidən ibarət oldu [1,209-210]. Dövrün qaynaqlarında Səfəvi ordusunun sayı ilə bağlı rəqəmlər xeyli şişirdilmişdir. Buna baxmayaraq, I Şah Abbasın böyük bir qüvvə ilə Baki xan üzərinə yürüş etdiyinə şübhə yoxdur. O, orduya rəhbərliyi Herat hakimi Hüseyn xan Şamlıya, topçulara rəhbərliyi isə Karçıqay bəyə həvalə etmişdi [1,210].

I Abbas  -  9 sentyabr 1587 — 19 yanvar 1629 
                (ləqəbi Böyük Abbas)


C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumata əsaslanaraq yazır ki, Səfəvi ordusu Əndxod qalasını top atəşinə tutaraq ələ keçirdi. I Şah Abbas qala əhalisinə aman verərək onların mallarına toxunmadı, hətta qala hakimi Mömin xanın gətirdiyi hədiyyələri xalqa payladı. O, Mömin xanı Baki xanın yanına elçi göndərərək əvvəlki şərtlərini təkrarlasa da, Baki xan nəinki bu təklifi qəbul etmədi, həmçinin 20 minlik qüvvə ilə Bəlxə doğru hərəkət etdi. Səfəvi şahı Yar Məhəmməd Mirzənin və ordu komandanlarının təklifi ilə Bəlxə tələsməməyə qərar verdi. Lakin bu təklifin faydasından çox zərəri oldu. Havanın hədsiz dərəcədə isti keçməsi, suyun çatışmaması, vəba xəstəliyinin yayılması əsgərlərin 1/3-nin ölməsinə səbəb oldu. Buna görə də, I Şah Abbas 1602-ci il iyunun 29-da geriyə dönməyə qərar verdi [2,203; 5,512-513]. 1602-ci ilin sentyabrında I Şah Abbas Məşhədə gəldi, sonra isə Eraq şəhərinə hərəkət etdi. O, özbək şahzadələrini Qəzvinə yola saldı, özü isə paytaxt İsfahana getdi. Beləliklə, I Şah Abbasın Bəlx səfəri uğursuz olsa da, Səfəvi imperiyasının şərq sərhədləri Amudərya çayına kimi genişləndirildi və onun təhlükəsizliyi təmin edildi [4,13; 1,211].
Səfəvi şahının uğursuz səfərindən sonra Baki xan öz mövqeyini xeyli möhkəmləndirdi. Hətta Bədaxşana ordu göndərib Daşkəndi almağı düşündü. Lakin Qızılbaşların yeni hücumlarından qorxduğu üçün sərhəd bölgələrində yerləşən əsgərlərə əmr yollayaraq savaşa səbəb olacaq hərəkətdən çəkinməyi tapşırdı. I Şah Abbas da sərhəddəki əmirlərə xəbər yollayaraq tacirlərin Xorasana asan hərəkət etməsinə şərait yaratmağa çağırdı [5,513]. Tərəflər arasında münasibət bir neçə il sakit tərzdə keçdi. Lakin I Şah Abbas Özbəklərə qarşı yeni yürüşə başlamaq və uğursuzluğun əvəzini çıxmağı düşünürdü. Lakin 1605-ci ilin mayında Baki xanın dizenteriyadan ölməsi və qardaşı Vali Məhəmməd xanın hakimiyyətə keçməsi Səfəvi şahını bu yürüşdən çəkindirdi. Vali Məhəmməd xan Buxaraya gedərək Bəlx, Əndxod və Şəbərqanın idarəsini qardaşının kiçik oğlu Nadir Məhəmmədə, Səmərqəndin idarəsini də unun böyük oğlu İmamqulu Sultana verdi. Lakin buna baxmayaraq, Özbək şahzadələri arasında mübarizə davam etdiyi üçün sıxışdırılan şahzadə I Şah Abbasdan kömək istəməyə məcbur qaldı [1,211-212].
C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumata əsaslanaraq yazır ki, h. 1014-cü (m. 1605-1606) ildə gənc yaşlarında vəfat edən Bəlx hakimi Məhəmməd İbrahimin yaxın adamlarından olan Yar Məhəmməd Mirzə I Şah Abbasa müraciət edərək Gərcistanın Qızılbaşların nəzarətində olan hissəsi özbək şahzadəsi Cahangirə verilsin ki, o, da Xorasan əmirlərinin yardımı ilə bölgənin digər yerlərini ələ keçirərək Bəlxə hücum üçün hazırlıq görsün [1,212]. Məhz bu dövrdə I Şah Abbas Osmanlılarla müharibə apardığı üçün bu təkliflə razılaşdı və Xorasan hakimi Hüseyn xana məktub göndərərək lazım olan işləri görməyi tapşırdı. Qızılbaş əsgərləri özbək şahzadələri ilə birlikdə Gərcistana hücum edərək yerli qalaları ələ keçirdi. Bir il sonra bu ordu Yar Məhəmməd Mirzənin iştirakı ilə Bəlxi ələ keçirmək üçün yürüşə başladı. Bəlx hakimi Nadir Məhəmməd Sultan qalanı müdafiə etməyə qərar verdi. Buxara hakimi Vəli Məhəmməd Sultan qardaşı oğlunun yardımına 20 minlik qüvvə göndərdi. Cahangir Mirzə ilə Yar Məhəmməd Mirzə Bəlx hakiminin ön qüvvələrini məğlub etsə də, Bəlx əhalisi şəhər ətrafına xəndək qazaraq ciddi müdafiə olundu. Yar Məhəmməd Mirzə döyüşdə öldürüldüyü üçün Cahangir Mirzənin ordusu dağıldı, Məhəmməd Səlim Mirzə əsir düşdü. Buna görə Cahangir Mirzə 3 minlik qüvvəsi ilə Gərcistana qayıtmağa məcbur oldu [10,170-171; 1,213].
Səfəvilərin Bəlxi ələ keçirmək üçün təşəbbüslərinin uğursuz olması, Vəli Məhəmməd xanın rəhbərliyi altında özbək əmirlərinin mövqeyini xeyli gücləndirdi və onların Xorasana növbəti hücumlarına şərait yaratdı. 1607-ci ilin payızında özbəklər Mərvə və Bağdisə hücum etdilər. Hücum uğurlu olsa da, güclü qar yağması və soyuqların düşməsi özbəkləri ələ keçirdiyi qəniməti ataraq geri qayıtmasına səbəb oldu. Geri çəkilən özbəklərin bir hissəsi Qızılbaşlar tərəfindən öldürüldü. Bir hissəsi də əsir alındı [8,744-745; 1,213]. Vəli Məhəmməd xan 1510-cu ilin yazında Xorasan səfərinin uğursuz olmasından sonra qardaşı oğlanlarına qarşı mübarizə apardığı üçün Səfəvilərlə münasibətləri yaxşılaşdır-mağa qərar verdi. O, yaxın adamlarından birini Xorasan hakiminin yanına göndərərək üzr istədi. Bundan xəbər tutan I Şah Abbas Buxara hakiminə məktub yazaraq onu Yüzbaşı Mirzə Əli bəy Türkman vasitəsilə göndərdi. Vəli Məhəmməd xan buna cavab olaraq yaxın adamlarından Şah Məhəmməd Mirzə Hızançını müxtəlif hədiyyələrlə Səfəvi şahının yanına göndərdi. Bu elçi mübadiləsi Vəli Məhəmməd xanın əleyhinə işlədi. Belə ki, Buxaranın adlı-sanlı adamları onun ənənəvi düşmən olan Səfəvi dövlətinə yaxınlaşmasını xoş qarşılamadı. Vəli Mənəmməd xan qardaşı oğlanları Nadir Məhəmməd və İmamqulu Sultanla taxt-tac mübarizəsində məğlub olaraq I Şah Abbasa sığınmaq məcburiyyətində qaldı [1,213-214].
1611-ci ilin iyununda Səfəvi hökmdarı İsfahanda Vəli Məhəmməd xanı böyük təmtəraqla qarşıladı, ona təsəlli verərək istənilən yardımı göstərəcəyini bildirdi. I Şah Abbas Osmanlı dövləti ilə müharibə apardığı üçün bir il sonra Xorasana səfər edərək onu hakimiyyətə qaytaracağını bildirdi. I Şah Abbas Vəli Məhəmməd xanın İsfahanda qalmasını təklif etsə də, o, Mavəraünnəhrə qayıtmağa qərarlı idi. Buna görə Səfəvi hökmdarı ona qoşun toplamaq üçün 50 min tümən pul və Zeynal xan Şamlının rəhbərliyi altında Qızılbaş əsgərlərini verdi. Özbək xanı Buxaranı ələ keçirərək I Şah Abbasa hadisələrin gedişi ilə bağlı məlumat verdi. Mərv hakimi Mehrab Qacarın onun yanında saxladığı 400 nəfərlik qızılbaş əsgərlərinin bir hissəsini geri qaytardı. Budaq bəy Qacarın rəhbərliyi altında qızılbaşlar Vəli Məhəmməd xanı qorumaq üçün Buxarada qaldı. Lakin bütün bunlara baxmayaraq, 1611-ci il sentyabrın 15-də Vəli Məhəmməd xan qardaşı oğlanları ilə döyüşdə öldürüldü. Budaq bəy Qacar böyük çətinliklə Buxaranı tərk edərək Təbrizə gəldi və I Şah Abbasa baş verən hadisələr barədə məlumat verdi. I Şah Abbas Heratda olan Vəli Məhəmməd xanın oğlu Rüstəm Məhəmməd Sultana xələt yollayaraq ona təsəlli verdi və Xorasan hakimi Hüseyn xan Şamlıya onun bütün ehtiyaclarının ödənməsini tapşırdı [1,215-216].
Özbək hökmdarı İmamqulu xan (1611-1641) dövründə də özbəklərin Səfəvi torpaqlarına yürüşləri davam etdi. 1614-cü ilin sonlarında özbəklərin Xorasana yeni hücum dalğası başladı. Özbək qoşunun sayca çox olmasına baxmayaraq, Məşhəd hakimi Mehrab xan Mərv şəhərinin müdafiəsini təşkil edə bildi. Özbəklər Balingtöş Bahadırın rəhbərliyi altında 20 minlik qüvvə ilə şəhəri mühasirəyə alsa da, 1615-ci ilin martında I Şah Abbasın Gürcüstan səfərini uğurla başa çatdıraraq Mazandarana doğru hərəkət etdiyini, Xorasana gələrək, hətta Səmərqəndi almağı planlaşdırdığından xəbər tutan özbəklər Mavəraünnəhrə geri çəkildilər [8,884; 1,217]. Buna baxmayaraq, özbəklərin Xorasana yürüşləri 1616-1617-ci illərdə davam etdi. I Şah Abbas Osmanlılara qarşı müharibə apardığı üçün özbək xanlarının Xorasana hücumlarının qarşısını ala bilmədi. Xorasan hakimi Hüseyn xan Şamlının məhz bu dövrdə ölməsi özbəklərin növbəti hücumuna səbəb olsa da, atasının yerinə Xorasan hakimi təyin olunan Həsən xan özbəkləri məğlub edərək geri dönməyə vadar etmişdi. Özbək hökmdarı İmamqulu xan Səfəvi-Osmanlı müharibəsinin başa çatdığını, tərəflər arasında sülh bağlandığını nəzərə alaraq 1619-cu ildə öz elçisini barışıq əldə etmək üçün Səfəvi sarayına göndərdi. I Şah Abbas aprel ayında İsfahanda İmamqulu xanın elçisini qəbul etdi və onu təşkil etdiyi ziyafətdə Osmanlı və Moğol elçiləri ilə bərabər oturtdurdu [3,146; 1,218].
C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumatlara əsaslanaraq yazır ki, h. 1030-cu (m. 1620-1621) ildə I Şah Abbas özbəkləri cəzalandırmaq üçün Xorasana yürüş etdi. Çünki həmin ildə Bəlx hakimi Murqab qalasına hücum edərək qala müdafiəçilərini qırmış, Şamlı tayfasından olan mötəbər adamları və qala komendantını Bəlxə aparmışdı. Həmçinin qarətkar özbək qoşunu Qara Toqmanın rəhbərliyi altında Qərcistana yürüş etdi. Lakin I Şah Abbasın Xorasana doğru hərəkət etdiyini eşidən özbəklər müqavimət göstərmək gücündə olmadıqları üçün qorxuya düşmüşlər. I Şah Abbas hərbi yürüşə başladığı gün xəstələndiyi üçün Yüzbaşı Mənuçöhr bəyin komandanlığı altında qulamlar və tüfəngçilərdən, İsa xanın rəhbərliyi altında qorçilərdən təşkil olunan ordunu Xorasana göndərdi [8,962; 1,218-219].
Səfəvi ordusunun gəlişindən xəbər tutan özbək xanları etdikləri hərəkətlərdən peşman olaraq I Şah Abbasdan üzr istəməyə başladılar. İlk olaraq Bəlx hakimi Nadir Məhəmməd xan elçisi Payəndə Məhəmməd Mirzəni qiymətli hədiyyələr və məktubla Səfəvi sarayına göndərdi, dostluq əlaqələri yaratmağı təklif edərək öz sədaqətini bildirdi. Eyni zamanda Nadir Məhəmməd xanla İmamqulu xanın anası I Şah Abbasa məktub və hədiyyələr göndərərək, oğlanlarını əfv etməsini xahiş etdi, onların verdikləri sədaqəti pozmayacaqlarını çatdırdı. Buxara hakimi İmamqulu xan da Xoca Əbdürrəhim adlı elçisin I Şah Abbasın yanına göndərərək etdiyi hərəkətləri şahın bağışlamasını xahiş edərək söz verdi ki, bundan sonra “İran və Mavəraünnəhr əhalisi sülh və əmin-amanlıq içində yaşasın, Şah Xorasana gəldiyi zaman Mavəraünnəhr əhalisi Qızılbaş ordusuna heç bir zərər yetirməyəcək” [1,219]. I Şah Abbas ona ünvanladığı cavab məktubunda yazırdı: “Bir neçə il ərzində baş verən Azərbaycan və Gürcüstanda aparılan döyüşlər zamanı özbəklər dəfələrlə Xorasana hücum etmişlər. Buna görə Xorasana gəlib Nadir Məhəmmədin anası ilə görüşüb qərar verəcəyik. Çünki Nadir Məhəmmədin anası şərəfli bir nəsildəndir. Eyni zamanda Nadir Məhəmməd xan bizə dostluq və sədaqət məktubu göndərmişdir. Biz də bununla bağlı elçimizi göndərdik ki, dostlarımızla ittifaq yaratmaq niyyətindəyik. Əgər İmamqulu xan da bizimlə dostluğu davam etdirsə yaxşı olar. İnşallah Xorasana gələndə bu məsələ ilə bağlı düşündüyümüz işləri həyata keçirəcəyik” [10,178-179; 1, 219]. I Şah Abbas Payəndə Mirzəyə müəyyən tövsiyələr verdi, keçmiş Şirvan bəylərbəyinin vəziri Məhəmməd Saleh bəyi elçi kimi Bəlx hakiminin yanına göndərdi və Nadir Məhəmməd xanla anasının məktubuna müsbət cavab verdi.
I Şah Abbas xəstələndiyi üçün Xorasan səfərinə çıxa bilməsə də, bir müddət sonra Moğolların hakimiyyəti altında olan Qəndəharı azad etməyə qərar verdi. 1622-ci il fevralın 15-də İsfahandan hərəkət edən Səfəvi şahı iyunun 21-də Qəndəharı azad edərək Herata getdi və avqust-oktyabr aylarını burada keçirdi. Məhz bu dövrdə Qəndəharın Qızılbaşlar tərəfindən fəth olunduğundan xəbər tutaraq qorxuya düşən Bəlx hakimi Nadir Məhəmməd xanın elçisi Xoca İbrahimlə Buxara hakimi İmamqulu xanın elçisi Əbdürrəhim Xoca Buxari Səfəvi elçisi Məhəmməd Saleh bəylə birlikdə I Şah Abbasın yanına gələrək dostluqlarını bəyan etdi. Hər iki elçi Səfəvi şahına müraciət edərək bildirdi: “Tərəflər arasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün Rüstəm xanı Heratdan azad edərək başqa yerə göndərin. Çünki onun ətrafına toplanmış qəddar insanlar Mavəraünnəhrə basqınlar edirlər. Əgər bu davam edərsə Məvərənnəhr sultanları onun qarşısını almaq üçün tədbir görmək məcburiyyətindədirlər. Məhz buna görə də, Qızılbaşlarla özbəklər arasında döyüş baş verəcək və dostluğumuz pozulacaqdır” [8,983; 1,220].
C.Aydoğmuşoğlu yazır ki, I Şah Abbas özbəklərlə uzunmüddətli sülhə nail olaraq şərq sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışdığı üçün bu təklifi qəbul etdi. O, Rüstəm xanın ətrafında toplaşmış adamları dağıtdı, sonra Məşhədə hərəkət edərək İmam Rza türbəsini ziyarət etdi və Mazandaran yolu ilə İsfahana qayıtdı. Rüstəm xan şahla birlikdə öncə İsfahana gəldi, sonra isə Osmanlıların nəzarətində olan İraqa göndərildi [1,220-221].
1624-cü ildə Səfəvi elçisi Kəmaləddin bəy Bəlxə getdi, həmin ilin sonlarında isə Özbək xanının Mirzə Nadir Divanbəyi adlı elçisi ilə birlikdə İsfahana qayıtdı. Bir müddət burada qalan elçi qışı keçirmək üçün Mazandaranda olan I Şah Abbasın yanına gedərək Bəlx hakimi Nadir Məhəmməd xanın dostluq və sədaqətini yetirdi və gətirdiyi hədiyyələri şaha təqdim etdi [8,1017, 1057; 1,221]. I Şah Abbas Mirzə Nadir vasitəsilə Nadir Məhəmməd xana səmimi tərzdə yazılmış məktub və hədiyyə kimi at göndərdi. C.Aydoğmuşoğlunun fikrincə, Özbək xanları I Şah Abbasın qarşısında dayana bilməyərək ona itaət göstərməyə məcbur oldu. Səfəvi şahının Moğollardan Qəndəharı və Osmanlılardan Bağdadı alması özbəklərin ona boyun əyməsinə və Səfəvi sərhədlərini pozmamasına öz təsirini göstərdi [1,221].
I Şah Səfinin (1629-1642) hakimiyyətə keçməsi ilə sərhəd bölgələrində yerləşən özbək xanlarının Səfəvi ərazisinə hücumları intensiv hal aldı. Məhəmməd Məsumun verdiyi məlumata görə, 1629-cu ildə Urgənc hakimi İsfəndiyar xanın (1623-1642) Mərvə hücumu baş verdi. Mərv hakimi Aşur xanın düşmənin üstün qüvvələrini məğlub edərək onların geri dönməsini təmin etdi [11,80]. I Şah Səfinin hakimiyyətə gəlməsində Xorasanın türkmən əyanları narazı olduqları üçün şah hakimiyyətinin zəifləməsindən istifadə edərək özbək xanlarının himayəsi altına keçməyə cəhd etdilər. Onların təhriki ilə Əbülqazi xan Nisa, Abivərd və Durun qalalarını ələ keçirdi. Əbulqazi xanın Səfəvilərin digər ərazilərini ələ keçirmək üçün real təhlükənin yarandığını görən Məşhəd hakimi Mənuçöhr xan ona qarşı təcili tədbirlər aldı. O, qiyamçıları qeyd olunan şəhərlərdən çıxarmağa nail oldu. Düşmənin üç-dörd minlik qüvvəsi məhv edildi və əsir alındı [11,80-81]. Qarşıdurmanın aradan qaldırılmasına Xarəzm hakimi İsfəndiyar xanın yardımı müsbət təsir göstərdi. O, Əbülqazi xanı həbs edərək I Şah Səfiyə göndərdi. Məhəmməd Məsum yazır ki, İsfəndiyar xan Əbülqazinin ordusunun məğlub olmasından xəbər tutaraq qardaşının çıxışı ilə bağlı üzrxahlıq məktubunu qiymətli hədiyyələrlə Səfəvi şahının sarayına göndərdi. O, göndərdiyi məktubunda ulu babalarının həmişə Səfəvi sarayının himayəsi altında olduğunu xüsusi olaraq vurğuladı. Mənim qardaşım son dərəcə təkəbbürlüyü və lovğalığı üzündən belə bir nalayiq hərəkətə yol verdiyi üçün onu nəzarət altında sizin sərancamınıza göndərirəm ki, etdiyi əməllərə görə ədalətli cəzasını alsın [11,81].
Hadisələrin belə axarı I Şah Səfini tamamilə təmin etdiyi üçün o, Əbülqazi xanı bağışladı və İsfəndiyar xanla ümumi razılıq əsasında İsfahanda saxladı. Səfəvi hökmdarı Xorasan əyanlarının belə hərəkətləri bir daha təkrar etməsinə yol verməmək üçün hadisələrin təhrikçilərinə divan tutulmasına göstəriş verdi. Buna baxmayaraq, I Şah Səfinin on üç illik hakimiyyəti dövründə Buxara və Bəlx hakimləri Xorasana dəfələrlə yürüş etməkdən çəkinmədilər. Məhəmməd Məsumun verdiyi məlumata əsaslanan İ.K.Pavlova yazır ki, 1631-ci ildə Buxara özbəkləri ilə ilk toqquşma baş verdi. Baqisi ələ keçirməyə çalışan özbəklər Herata kimi irəliləyə bildilər. Lakin Heratdan səkkiz kilometr şərqdə Çaharbar adlı yerdə Herat hakimi Həsən xan İmamqulu xanın qoşununu məğlub edərək üç yüz nəfər əsir aldı. 1631-ci ilin sonlarında Əbdüləziz xan Buxara və Bəlx əmirlərinin yardımı ilə Herat üzərinə yürüş etsə də, Həsən xan tərəfindən məğlub edilərək qaçmağa vadar edildi [11,82, 83].
Özbək xanlarından Əbdüləzizin 1632, 1633 və 1634-cü illərdə Xorasana yürüşləri uğursuz oldu. Məhəmməd Məsum yazır ki, 1634-cü ildə Məşhəd yaxınlığında Əbdüləziz xanın ordusu Məşhəd və Herat hakimlərinin qüvvəsi tərəfindən ağır məğlubiyyətə uğradı. Min nəfər qüvvə itirən Əbdüləziz xan əsir alındı. Onun xəzinəsi də Səfəvilərin əlinə keçdi [11,83-84]. Buxara və Bəlx hakimlərinin Xorasana yürüşləri bundan sonra da davam etməkdə idi. 1632-ci ildə Mərv hakimi Aşur xanın ölümü Buxara əyanlarından Nadir Tukayın, Əbdürrəhim Bahadurun və Nəzər Barutinin rəhbərliyi altında özbəkləri Mərvi ələ keçirməyə vadar etdi. Səfəvi şahının Mərvə yeni hakim təyin etdiyi Xələf bəy bu hücumu dəf edə bildi.
Məhəmməd Məsumun verdiyi məlumata görə, 1641-ci ildə Yalanqtuşun rəhbərliyi altında özbəklərin Mərvi ələ keçirmək cəhdinin də qarşısı alındı. Xələf bəyin və Herat hakimi Həsən xanın birləşmiş qüvvələri Tacardu kəndində düşmən qüvvələrini qarşılayaraq ağır məğlubiyyətə uğratdı. Üç min qüvvə itirən özbəklər geri qaçmağa məcbur oldular. I Şah Səfi özbəklər üzərində əldə olunan bu qələbəni yüksək qiymətləndirərək döyüşdə fərqlənmiş hərbçilərə fəxri paltarlar və qiymətli hədiyyələr verdi [11,85].
Dövrün mənbəyinin verdiyi məlumatlardan göründüyü kimi, Səfəvi dövlətində mərkəzi hakimiyyətin zəifləməsi və I Şah Səfinin Osmanlı dövləti ilə müharibə aparmasından istifadə edən Özbək xanlarının Xorasana ardıcıl yürüşləri davam etmişdi. Özbək xanları ilə başlıca toqquşmalar Herat və Mərvdə baş vermişdi. Bütün bunlara baxmayaraq, Səfəvi şahı I Şah Abbas dövründə bərpa edilmiş sərhədləri əsasən Xorasanın yerli qala və şəhər hakimlərinin səyi nəticəsində qoruyub saxlamağa nail olmuşdu.
II Şah Abbasın hakimiyyəti dövründə Özbək xanları ilə münasibətlər yenidən kəskinləşdi. Belə ki, 1642-ci ildə Türküstan hakimi İmamqulu xan göz xəstəliyinə düçar olduğu üçün hakimiyyəti kiçik qardaşı Nadir Məhəmməd xana (1642-1645) verib min nəfərlik məiyyəti ilə Həcc ziyarətinə yola düşdü. Ancaq onlar yolda Nadir Məhəmməd xanın göndərdiyi dəstə tərəfindən qarət olundu və bəzi heyət üzvləri öldürüldü. İmamqulu xan bir neçə nəfərlə Mərvə qaçıb xilas oldu. II Şah Abbas bu hadisədən xəbər tutduqda sərhəd hakimlərinə göstəriş verdi ki, İmamqulu xan və onunla gələnləri yaxşı qarşılasınlar. Mərv bəylərbəyi Murtuzaqulu xan şahın göstərişinə uyğun olaraq onlara qonaqpərvərlik göstərdi və İmamqulu xana qiymətli hədiyyələr verdi. Məşhəd bəylərbəyi Mənuçöhr xanın oğlu Qarçıqay xan. Tehran hakimi Murtuzaqulu xan Biçərli İmamqulu xanı təmtəraqla qarşıladılar. II Şah Abbas da Qəzvində İmamqulu xanı yüksək səviyyədə qəbul etdi [5,514; 6,44].
Z.Həsənəliyev və Z.Bayramlı Məhəmməd Tahir Vəhidin verdiyi məlumata əsaslanaraq yazır ki, İmamqulu xanın II Şah Abbas tərəfindən yüksək səviyyədə qarşılanmasından ehtiyat edən Nadir Məhəmməd xan 1644-cü ildə Səfəvi dövləti ilə dostluq əlaqələrini möhkəmləndirmək məqsədi ilə Tahir Məhəmmməd adlı elçisini İsfahana göndərdi. Nadir Məhəməd xanın elçisi Səfəvi sarayında yüksək səviyyədə qarşılanda. Qızılbaş əmirləri ona beş min tümən dəyərində hədiyyələr verdilər. Onunla birlikdə Sultaniyyə və Zəncan hakimi Sarı xan Bəydilinin oğlu Səfiqulu Sultan Bəlxə elçi göndərildi [6,44].
Türküstan xanları arasında münasibətlər XVII əsrin 40-cı illərində xeyli gərginləşdi. Ürgənc valisi İsfəndiyar xan 1642-ci ildə vəfat etdiyi üçün onun varisinin kiçik yaşlı olmasından istifadə edən Nadir Məhəmməd xan nəvəsi Məhəmməd Qasım Sultanı güclü qoşunla Urgəncə göndərdi. Onlar Urgənci ələ keçirərək külli miqdarda sərvət ələ keçirdilər. Lakin bu dövrdə hakimiyyət uğrunda Nadir Məhəmməd xanla oğlu Əbdüləziz xan arasında rəqabətin güclənməsi və Əbdüləziz xan elan edildiyi üçün Bəlxə çəkilməyə məcbur oldu. Buxaraya daxil olan Əbdüləzizin hakimiyyətə keçməsi yerli əsilzadələr tərəfindən qəti olaraq təsdiq edildi. Nadir Məhəmməd xanın kömək üçün Böyük Moğol hökmdarı Şah Cahana müraciət etməsindən istifadə edən Moğol hökmdarı Bəlxi ələ keçirmək fikrinə düşdü. Nadir Məhəmməd xanın Moğol ordusuna qarşı dura biləcək qüvvəsi olmadığı üçün yardım almaq məqsədi ilə Urgənc hakimi olan nəvəsi Məhəmməd Qasım Sultanın oğlu Qutlaq Məhəmməd Sultanı II Şah Abbasın sarayına yolladı və ardınca özü də Səfəvi sarayına gəldi [6,45-46].
II Şah Abbas İsfahanda Nadir Məhəmməd xanı yüksək səviyyədə qarşıladı və ona yardım məqsədilə qısa müddətdə hərbi səfərbərlik keçirildi və qoşun yığıldı. Türküstan hakiminə hər cür ləvazimat, at və sursatla təmin edildi, ona ayrılmış hərbi hissəyə Talış hakimi Sarı xan sipəhsalar təyin edildi. Sarı xanın ordusu Məhəmməd xanla onun taxt-tacın geri qaytarmaq üçün yola düşdü. Nadir Məhəmməd xana kömək üçün Səfəvi ordusunun Türküstana gəlişindən xəbər tutan özbək tayfa başçıları, digər müxalif qüvvələr Nadir Məhəmməd xanın yanına elçilər göndərib tabe olduqlarını və itaət etdiklərini bildirdilər. İki ilə yaxın Bəlxi nəzarət altında saxlayan Şah Cahan Nadir Məhəmməd xanın Səfəvi ölkəsindən qayıtdığından xəbər tutaraq ordusunu geri çəkdi. Nadir Məhəmməd xanın Bəlxdə möhkəmlənməsi oğlanlarını qorxutdu və onları atasına qarşı qüvvələri birləşdirməyə vadar etdi [5,514; 6,47]. M.Fehimi yazır ki, Nadir Məhəmməd xan qısa müddətli hakimiyyəti dövründə Canıoğulları xanədanlığının hakimiyyətini qoruyub saxlaya bilmədi. O, Daçkənddə özbəklərin üsyanını yatırmaq üçün oğlu Əbdüləzizi göndərdi. Ancaq Əbdüləziz Bəlx hakimliyi üstündə atası ilə münaqişə apardığı üçün narazı əmirlərlə birləşdi. Bu zaman Nadir Məhəmməd xanın digər oğlanları Sübhanqulu və və Qasım Sultan da atalarına qarşı üsyan qaldıraraq Buxarada Əbdüləzizlə birləşdilər. Moğol ordusunun Bəlx və Bədaxşanı ələ keçirməsi nadir Məhəmməd xanın yenidən II Şah Abbasa sığınmasına səbəb oldu. Səfəvi şahının Nadir Məhəmməd xanı himayə etməsi Şah Cahanın Bəlxi tərk etməsi ilə nəticələndi [5,514]. Nadir Məhəmməd xan bir müddət sonra Bəlxə dönsə də, daxili ixtişaşların güclənməsi və oğlu Əbdüləzizlə münaqişə daha da dərinləşdi. 1651-ci ildə Bəlx əmirləri Sübhanqulu ilə gizli əlaqə yaradaraq onun şəhərə daxil olmasını təmin etdilər. Şəhəri tərk edən Nadir Məhəmməd xan Məkkəyə ziyarətə yollansa da, Simnanda vəfat etdi [5,514; 6,47].
Səfəvi şahının Nadir Məhəmməd xanın oğlu Türküstan hakimi Əbdüləziz xana atasının vəfatı münasibəti ilə məktub göndərdi və başsağlığı verib bildirdi ki, Nadir Məhəmməd xanın vəsiyyətinə əsasən dostluq əlaqələri davam edəcəkdir. Bu məqsədlə Nadir bəy Türküstana göndərildi [6,47-48]. Bununla da Səfəvi şahı qərbdə Osmanlı dövləti kimi təhlükəli rəqibi və Səfəvi sarayında da müəyyən narahatçılığın olduğunu nəzərə alaraq şimal və şimal-şərq qonşuları ilə yaxşı əlaqələr yaratmağa çalışdı [5,515].
XVII əsrin ortalarında Türküstanın özbək hakimləri arasında rəqabət yenidən qızışdı. Bu zaman Əbdüləziz xan II Şah Abbasla münasibətləri qoruyub saxlamaqda daha maraqlı idi. Çünki Moğolların Bəlx və Bədaxşanda möhkəmlənmək cəhdləri tamamilə aradan qaldırılmamışdı. Buna görə də, 1653-cü ildə Səfəvi hökmdarı Qəndəhar uğrunda mübarizədə Moğol ordusunu məğlub edən zaman Əbdüləziz xanın elçisi iki dövlət arasında əlaqələri möhkəmləndirmək məqsədi ilə Səfəvi sarayına göndərildi [6,48]. İki dövlət arasındakı münasibətlər daha da möhkəmləndirildi.
Bir müddət sonra Əbdüləziz xanla qardaşı Bəlx hakimi Sübhanqulu xan arasında münaqişə daha da kəskinləşdi. Sübhanqulu xanın hakimiyyətə iddialarının artması Əbdüləziz xanın Bəlxə qoşun göndərməsi və şəhərin ələ keçirilərək dağıdılması ilə nəticələndi. Sübhanqulu xanla bağlanmış müqaviləyə görə o, vəliəhd və Bəlx canişini kimi təsdiq edildi. Lakin Sübhanqulu xanın qaynatası Urgənc valisi Əbulqazi xanla birlikdə Buxara və Qarşi vilayətlərini qarət edərək külli miqdarda qənimət aparması vəziyyəti yenidən kəskinləşdirdi. 1657-ci ildə Əbdüləziz xanın Qasım xanın rəhbərliyi altında Bəlxə göndərdiyi ordunun məğlub olması Türküstan hakiminin II Şah Abbasın yanına elçi göndərərək Əbülqazi xanın hakimiyyətdən uzaqlaşdırılmasına köməklik göstərməsini xahiş etdi [6,49]. II Şah Abbasın səyləri nəticəsində Əbdüləziz xanla qardaşı Əbülqazi xan arasında münasibətlər yoluna qoyulduğu üçün Buxara və Urgəncdən Səfəvi sarayına göndərilən elçilərin sayı getdikcə artmışdı. 1660-c ildə Səfəvi sarayına göndərilən Buxara elçisi II Şah Abbasa qiymətli hədiyyələr gətirmişdi. Həmin ildə Səfəvi şahı da xassə qulamlarından Məhəmməd bəyi Buxaraya elçi göndərmişdi [9,103; 6,50]. Bu dövrdə II Şah Abbas kifayət qədər hərbi-siyasi gücə malik olduğu üçün Türküstan xanları onunla hesablaşırdılar. Məhəmməd Tahir Vəhidin verdiyi məlumata görə, 1663-ci ildə Əbdüləziz xanla Əbülqazi xanın elçiləri İsfahana gəlmişdi. Buna cavab olaraq II Şah Abbas qorçi yüzbaşısı Məhəmmədhüseyn bəyi Buxaraya, qorçi Əliqulu bəyi də Urgəncə elçi göndərmişdi [9,115; 6,50].
Z.Həsənəliyev və Z.Bayramlı Məhəmməd Tahir Vəhidin verdiyi məlumata əsaslanaraq yazır ki, Səfəvi dövlətinin hərbi-siyasi nüfuzunun artması və Türküstan xanları arasındakı münaqişələrə qarışmasından ehtiyat edən Sübhanqulu xan Xorasana yürüşləri dayandırdı və II şah Abbasın sarayına 1658-ci ildə Bəlx seyidlərindən Şah xacə Qurəngi, 1663-ci ildə isə Zahidəli bəyi elçi göndərdi. Sübhanqulu xanın II Şah Abbasla diplomatik danışıqları genişləndirməkdə məqsədi Səfəvilərin Türküstandakı nüfuzundan istifadə edib ali hakimiyyət iddiasını reallaşdırmağa çalışdı [6,51].
M.Fehmi yazır ki, Əbdüləziz xan Şah Süleyman (1666-1694) dövründə də Səfəvi dövləti ilə dostluq əlaqələrini davam etdirmişdi. 1680-ci ildə Əbdüləziz xan hakimiyyəti qardaşı Sübhanqulu xana təhvil verdi və Həcc ziyarətinə getmək üçün Səfəvi sarayına yollandı. Şah Süleyman onu hörmətlə qarşıladı və Həccə yola saldı. Əbdüləziz xan yaşı çox olduğu üçün yolda vəfat etdi. Onun ölümündən sonra Sübhanqulu xan mərkəzi hakimiyyəti qoruyub saxlaya bilmədi. Oğlanları arasında ixtilaf və yerli bəylərin qaldırdığı üsyanlar Mavəraünnəhrdə bəzi yerlərin mərkəzi hakimiyyətin nəzarətindən çıxması ilə nəticələndi [5,515].
Göründüyü kimi, Türküstan xanları arasında ali hakimiyyət uğrunda mübarizədə həm qalib, həm də məğlub tərəf öz hakimiyyətlərini qoruyub saxlamaq üçün Səfəvi dövləti ilə diplomatik əlaqələrdə ondan hərbi yardım almağa cəhd göstərmiş, yaxid da onun hərbi-siyasi nüfuzundan istifadə etmişdilər. Bu zaman Səfəvi dövləti Orta Şərqdə olduğu kimi Mərkəzi Asiyada da hərbi-siyasi təsir gücünə malik olduğuna görə, Türküstan xanları onunla hesablaşmalı olmuşdular.

ƏDƏBİYYAT
1. Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı (1587-1629). Berikan Yayınevi, Ankara, 2013.
2. Azərbaycan tarixi, Yeddi cilddə, üçüncü cild. Bakı, 1999.
3. Burton A, The Bukharans: A Dynastic, diplomatic and commercial history (1550-1702), Great Britain, Curzon Press, 1997.
4. Farmayan H.F. The beginnings of modernization in Iran: The poliies and reforms of Shah Abbas I (1587-1629). Salt Lake City, Utah, Middle East Center University of Utah, 1969.
5. Fehimi M. Safavi Şahları ile Astrahani hanedanı arasındakı siyasi ilişkiler. Çev. M.Bilal Çelik. //History Studies, vol.2/2, 2010.
6. Həsənəliyev Z., Bayramlı Z. II Şah Abbasın hakimiyyət illərində Azərbaycan Səfəvi dövlətinin daxili və xarici siyasəti. Bakı, 2011.
7. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən çevirəni t.e.d. Ş.Fərzəliyev. Bakı, 2010.
8. İsgəndər bəy Münşi. Tarix-i alem aray-i Abbasi. c. 2, Kısım 1. Çev: Ali Genceli. İstanbul, TTK, 1945.
9. Məhəmməd Tahir Vəhid. Sərqozaşte Şah Abbas devvom. Be kuşeşe Səttar Əvdi. Tehran, h. 1334.
10. Nəvayi Ə. I Şah Abbas: Mecmua-i esnad və makatibat-ı tarixi hemrah ba yaddaştha-yı təfsili. İntişarat-ı Bünyad-ı ferheng-i İran. Tehran, 1352.
11. Павлова И.К. Хроника времен Сефевидов. М., 1993.
12. Toğan Z.V. Herat. //İslam Ansiklopedisi, c. 5. İstanbul, 1993.

Açar sözlər: Azərbaycan Səfəvi dövləti, Türküstan, I Şah Abbas.
Ключевые слова: Азербайджанского государства Сефевидов, Туркестан, шах Аббас I.
Keywords: the Azerbaijan Safavi state, Turkestan, Shah Abbas I.

Summary
At the end of the sixteenth century important measures were taken by Shah Abbas I for the return of lost lands of the Azerbaijan Safavi state. Due to the successful march on Khorasan victory over Sheybanis ended with the passage of the control of Khorasan, including Afghanistan to the Safavi state. But this time, the political tension in the relations of Hashtarkhani dynasty that replaced Sheybani generation with the state of Safavi continued. In the article the level of studying of political relations between the khans of Turkestan and the Safavi Empire for the Khorasan in the seventeenth century in modern Turkish historiography was investigated, and using sources of the time were analyzed.
Khorasan, The struggle of the Azerbaijan Safavi state with the khans of Turkestan that continued for more than a century completed successfully during the period of Shah Abbas I, and the eastern border of the state defined under Shah Ismail I was restored. Using the weakening of the central government of the Safavi state after the death of Shah Abbas I and the war waged by Shah Safi I with Ottoman Empire consistent marches of Turkestan khans to Khorasan continued. The main clashes took place in Herat and Marv. However, since the Azerbaijan Safavi state had military and political influence in the Middle East, as well as in Central Asia, the khans of Turkestan had nothing to do except to reckon with them.

РЕЗЮМЕ
В конце XVII века Сефевидский шах I Аббас I предпринял ряд шагов для возвращении потерянных земель государства. В результате успешного военного похода на Хорасан было разгромлено войско шейбанидов, весь Хорасан (включая и Герат) был включён в состав государства Сефевидов. Династию Шейбанидов сменила династия Хаштарханидов. И новая династия обострила отношения с Сефевидами.
В статье предпринята попытка определить уровень изучения отношений между Сефевидами и туркестанскими ханами в XVII в., в ходе борьбы этих государств на Хорасан в современной турецкой историографии. Эти материалы сопоставлены с сообщениями первоисточников исследуемого периода.
Сефевидско-узбекское противостояние за Хорасан длилось более 100 лет и завершилось успехом Сефевидов в период правления шаха Аббаса I. Таким образом, были восстановлены восточные границы, существующие в годы правления шаха Исмаила I (1501-1524).
После смерти шаха Аббаса I государство Сефевидов значительно ослабло. Воспользовавшись этим обстоятельством, узбеки совершили ряд военных походов на Хорасан. Основные сражения с узбеками произошли в Герате и Мерве. Несмотря на это, государство Сефевидов всё ещё имело определённое военно-политическое влияние на Среднем Востоке, в Центральной Азии. Поэтому ханы Туркестана были вынуждены считаться с Сефевидами.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM