I Şah Abbas dövründə Səfəvi dövləti ilə Moskva knyazlığı arasında münasibətlər Türkiyə tarixşünaslığında

15:22 / 03.12.2013

Tofiq Nəcəfli

Tarix üzrə elmlər doktoru

  XVI əsrin II yarısında Azərbaycan Səfəvi dövləti ilə Moskva knyazlığı arasında sabit ticarət əlaqələri mövcud idi. Rus çarı IV İvan tərəfindən Kazan və Həştərxan xanlıqlarının əraziləri Moskva dövlətinə ilhaq olunduqdan sonra bu əlaqələrdə xüsusi canlanma baş vermişdi. Şamaxı, Ərəş və Təbrizdə istehsal olunan xam ipək, ipək məmulatı Azərbaycandan Moskva dövlətinə ixrac edilən başlıca əmtəə olmuşdur. Azərbaycanın Moskva knyazlığı ilə ticarət əlaqələri əsasən Şamaxı və Bakı vasitəsilə həyata keçirilirdi. Rus tacirləri ipəyi və nefti Azərbaycanda mümkün qədər ucuz qiymətə alır, Qərbi Avropa tacirlərinə baha qiymətə sataraq külli miqdarda mənfəət əldə edirdilər. Səfəvi dövləti hüdudunda soyuq silahlar, hərbi geyimlər həddən artıq istehsal olunur və bunların çox hissəsi Moskva dövlətinə ixrac edilirdi [3,230, 231-232].

1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı Osmanlı ordusunun Azərbaycanın əksər torpaqlarını və Dağıstanın Xəzərsahili ərazilərini ələ keçirməsi Volqa-Xəzər ticarət yolunun bağlanmasına və iki dövlət arasında iqtisadi əlaqələrə ciddi zərbə vurdu. P.P.Buşevin fikrincə, Bakı və Dərbəndin Osmanlılar tərəfindən ələ keçirilməsi yalnız Rusiya-İran ticarətinə nəzarətin deyil, həm də Orta Asiya və İranla ticarətin mühüm mərkəzi olan Həştərxanın əhəmiyyətini zəiflədərək Moskva dövlətini cənubdan və cənub-şərqdən əhatə etmiş oldu [5,57; 20,39]. Volqa - Xəzər ticarət yolunun Osmanlı nəzarətindən azad edilməsində ümumi marağın olması Azərbaycan Səfəvi dövləti ilə Moskva knyazlığının siyasi cəhətdən yaxınlaşmasına müəyyən zəmin yaratdı.

Səfəvi - Osmanlı müharibəsinin gedişində Osmanlı dövlətinin Şimali Qafqazda öz mövqelərini daha da möhkəmləndirmək cəhdləri Moskva dövləti ilə münasibətlərə də öz təsirini göstərdi. Bu dövrdə rus çarı Qafqazda öz mövqeyini gücləndirmək üçün fəaliyyətini xeyli güc­ləndirdi. 1586-cı ildə çar Fyodr öz elçisi Rusin Danilov vasitəsilə Kaxeti çarı II Aleksandra məktub göndərərək ona dostluq və himayə təklif etdi. II Aleksandr yunan keşişi Kiril Ksan­topulos və Çərkəz bəylərindən Xurşidi elçi kimi Rusinlə birlikdə çarın yanına göndərdi. 1587-ci il aprelin 11-də Kaxeti elçiləri Rodian Birkin və Pyotr Pivovla birlikdə Kaxetiyaya getmək üçün Moskvanı tərk etdilər. Həştərxan üzərindən Kaxetiyaya gələn rus elçi heyəti avqustun 26-da II Aleksandr tərəfindən qəbul olundu. Kaxeti çarlığı aparılan müzakirələrdən sonra sentyabrın 28-də rus çarının himayəsinə qəbul edildi. II Aleksandr bunun müqabilində ildə çara 50 top İran ipəyi, qızıl və gümüş saplarla toxunmuş 10 xalı gön­dərməyə razı oldu [1,60-61].

Keçmiş vassalı olan Kaxetiya çarının atdığı bu addım Səfəvi dövlətini narahat etməyə bilməzdi. Bu zaman mövcud vəziyyəti aydınlaşdırmağa çalışan I Şah Abbas II Aleksandrın yanına öz elçisini göndərdi. 1587-ci il aprelin 25- də Səfəvi elçisi Cəmşid xan Zəyəmdə rus elçisi Birkinlə görüşdü. 1888-ci ilin iyununda Rodion Birkinlə Pyotr Pivov II Aleksandrın elçiləri Krill Ksantopulos, Çərkəz Xurşid bəy və gürcü bəylərindən Kaplan Vaşnadze ilə birlikdə Kaxetiyanı tərk etdi. Onlar oktyabrın 16-da Moskvaya çatdılar [1,62; 18,83]. Artıq Osmanlı dövlətinin nəzarətində olan Kaxetiyanı öz təsir dairəsinə cəlb etməyə çalışan rus çarının atdığı bu addımlar iki dövlət arasındakı münasibətləri xeyli gərginləşdirdi.

Buna görə də, rus çarı Fyodr öz elçisini Səfəvi sarayına göndərərək iki dövlət arasındakı münasibətləri nizama salmağa çalışdı. 1588-ci ilin sonlarında rus elçisi Qriqori Vasilçikov Qəzvinə gəldi. Lakin I Şah Abbas Xorasan səfərində olduğu üçün o, İsfahana getməli oldu. Səfəvi şahı Qəzvinə döndüyü zaman rus elçisi də Qəzvinə qayıtdı. Şahın göstərişi ilə Hüseynqulu bəy 30 süvari ilə onu qarşılayaraq şəhərə gətirdi. Q.Vasilçikovun Səfəvi sarayına göndərilməsində əsas məqsəd iki dövlət arasında dostluq münasibətlərinin yaradılması və Osmanlı Türkiyəsinə qarşı hərbi ittifaq yaradılmasını müzakirə etmək idi. 1589-cu il aprelin 9-da I Şah Abbas sarayda rus elçisini qəbul etdi. Q.Vasilçikov gətirdiyi hədiyyələri və məktubu şaha təqdim etdi. Rus çarı göndərdiyi məktubunda iki dövlət arasında dostluğun möhkəmləndirilməsi üçün ilk növbədə Xəzər sahili vilayətlərdən Osmanlıların qovulmasında maraqlı olduğunu, Şah Məhəmməd Xudabən­dənin vəd etdiyi Dərbənd və Bakı şəhərlərinin verilməsini xatırlatdı [5,110; 1,33].

Lakin I Şah Abbas Bakı, Dərbənd və Şamaxı şəhərlərinin rus çarına yalnız o halda "güzəştə" getməyə hazır olduğunu bildirdi ki, bu şəhərlər ruslar tərəfindən osmanlılardan azad edilməlidir. Rusiya elçisinin geri dönməsinə icazə verildi, şahın cavab məktubu da ona təqdim olundu [15,163; 6,113]. P.P.Buşev Q.Vasilçikovun I Şah Abbasla apardığı danışıqlar barədə yazır ki, I Şah Abbas Türkiyə əleyhinə hərbi ittifaq bağlayaraq nəzarət etmədiyi iki mühüm şəhəri Moskva dövlətinə güzəştə getməklə bağlı suala birbaşa cavab vermədi. O, açıq şəkildə bildirdi ki, ruslar bu şəhərləri öz qüvvələri ilə Osmanlılardan geri almalıdırlar. Əgər Dərbənd və Bakını şah ordusu azad edərdisə, bu şəhərlərin güzəştə gedilməsindən söz ola bilməzdi. Osmanlı Türkiyəsinə qarşı hərbi ittifaq yaradılması təklifinə I Şah Abbas birbaşa cavab vermədi. [6,113; 1,33].

Azərbaycan Səfəvi dövləti Cənubi Qafqazda və Azərbaycanda Osmanlı işğalına qarşı mübarizədə Moskva dövləti ilə ittifaq bağlamağa yollar axtarırdı. 1588-ci ildə rus səfiri Qriqori Vasilçikov I Şah Abbasın yanında olan zaman Terek çayı sahilində qala tikilməsi xəbərini ona çatdırmış və Həştərxan voyevo­dasının əmri ilə osmanlı­ların Terek üzərindən qızılbaş torpaqlarına buraxılmayacağını bildirmişdi. Səfəvi şahı bu xəbərdən xoşhal olduğu üçün rus elçisinə xüsusi mehribançılıq göstərmişdi [16,128,290; 18,103].

I Şah Abbas öz elçisi Hadı bəylə Budaq bəyi Rusiya elçisi ilə birlikdə Moskvaya göndərdi. Elçi heyəti Gilan-Həştərxan yolu ilə hərəkət edərək Nijni-Novqoroda gəldi. Rus çarı İsveç kralı ilə müharibədə olduğu üçün Səfəvi elçisi bir müddət burada gözlədikdən sonra Moskvaya gəldi. 1590-cı ilin mayında rus çarı Kreml sarayında elçi heyətini qəbul etdi. C.Aydoğmuşoğlu yazır ki, I Şah Abbas rus çarına göndərdiyi məktubunda Osmanlı dövləti tərəfindən kəsilən əlaqələrin bərpa olunmasını, dostluq əlaqələrinin yaradılmasının vacib olduğunu, Dərbənd və Bakının rus çarına veriləcəyini bildirirdi. Rus çarına müxtəlif rəngli ipək xalılar, Xorasanda hazırlanmış yaylar göndərən I Şah Abbas çardan sincab, samur dərisi və ov quşları göndərməsini xahiş etmişdi [3,267-268]. Bu dövrdə rus çarı üzücü Livoniya müharibəsinin ağır nəticələrini nəzərə alaraq yaranmış vəziyyətdə Səfəvi şahının Osmanlı dövləti əleyhinə ittifaq bağlamaq təklifinə müsbət cavab vermədi. O, məsələnin diplomatik vasitələrlə həll edilməsinə çalışırdı [13,151].

Lakin bu dövrdə Osmanlı dövləti Şimalı Qafqazı və Dağıstanı ələ keçirməyə çalışırdı. Dağıstan hakimləri Moskvaya öz nümayəndələrini göndərərək rus çarından Terek sahillərində möhkəmləndirilmiş istehkam tikərək Osmanlı ordusunun və Krım xanının qüvvələrinin Qafqaza yürüşünün qarşısının alınmasına yardım göstərməsini xahiş etdilər. 1588-ci ildə Terek çayı üzərində Terek qalası tikildi [23,36]. Terek şəhərinin tikilməsi ilə bağlı Səfəvi şahına lazımi məlumat verildi. Ona bildirildi ki, bu şəhər Osmanlı sultanının və Krım xanının qüvvələrinin Terek üzərindən Dərbəndə və Qızılbaş ərazilərinə yürüşünün qarşısını almaq məqsədi ilə tikilmişdir [22,22]. Beləliklə, Moskva hökuməti Şimali Qafqazda öz mövqeyini möhkəmləndirmək niyyətində olduğunu nümayiş etdirdi. Rus çarının Qafqazda öz mövqeyini gücləndirmək təşəbbüsü, xüsusən də Tersk şəhərciyinin salınması ilə Osmanlı və Krım qoşunlarının hərbi əməliyyatlar meydanına daxil olması üçün mühüm əhəmiyyət daşıyan strateji-ticarət magistralını bağlaması Osmanlı sultanını narahat edirdi. Onlar Tersk şəhərciyini məhv etməyi tələb etsə də, bir nəticə əldə edə bilmədilər. 1589-cu ilin avqustunda Semyon Zveniqorodski və Torx Antonovun rəhbərliyi altında Səfəvi sarayına növbəti elçi heyəti göndərildi. Elçi heyəti Kaxetiyadan keçən zaman çar Aleksandrı Tarku şamxalına qarşı qaldırmağa çalışdı [5,113-114; 13,152].

Göründüyü kimi, Osmanlıların Cənubi Qafqazdan qovulmasında Səfəvi dövləti ilə yanaşı Moskva dövləti də maraqlı idi. Hər iki dövlətin ticarət və xarici siyasi maraqları onların yaxınlaşmasına kömək edirdi. Bunu nəzərə alan I Şah Abbas hələ 1590-cı il İstanbul müqaviləsinin imzalanmasınadək öz səfiri Hadı bəyi Mos­kvaya göndərdi [12,114-115]. Səfəvi şahı Cənubi Qafqazda Osmanlılara qarşı mübarizədə rusların yar­dımına təminat əldə etmək istəyirdi. Hətta I Şah Abbas göstərilən hərbi yardım müqabilində Dərbəndi və Bakını rus çarına bağışlamaq fikrində idi [16,128-129; 6,52,57; 18,64]. Lakin İstanbul sülhünə görə Azər­baycanın və Dağıstanın Xəzərsahili vilayətləri Osmanlı dövlətinin əlində qaldığı üçün tərəfləri yeni danışıqlara vadar etdi.

Volqa - Xəzər ticarət yolunun Osmanlı nəzarətindən azad edilməsi kimi vacib məsələdə ümumi marağın olması Səfəvi dövləti ilə Moskva knyazlığının yaxınlaşması üçün müəyyən zəmin yaratdı. Lakin bu yaxınlaşma gözlənilən nəticəni vermədi [4,253-254]. Çünki bu dövrdə Moskva dövləti Livoniya ilə uzunmüddətli müharibə nəticəsində zəiflədiyi üçün daxili böhran keçirirdi. Çar Fyodr İvanoviç, həmçinin daxili və xarici siyasətə rəhbərlik edən Boris Qodunov Osmanlı dövləti ilə müharibə məsələsini həll edə bilmədilər. Bununla da Moskva I Şah Abbas hökumətinin təklifindən istifadə edə bilmədi. Moskva dövləti yalnız dağlı knyazlarını öz tərəfinə çəkərək Şimali Qafqazda Osmanlı dövlətinin mövqeyini zəiflətməyə çalışdı [17,276].

Buna baxmayaraq, Səfəvi hökmdarı şimal qonşusu ilə siyasi və iqtisadi əlaqələr yaratmağa xüsusi diqqət yetirirdi. O, bu məqsədlə 1592-ci ildə tanınmış tacir Hacı Xosrovun rəhbərliyi altında 50 nəfərlik ticarət heyətini iki dövlət arasında ticarət əlaqələri yaratmaq üçün Moskvaya göndərdi. I Şah Abbas açılacaq ticarət yolu ilə Rusiyadan silah və sursat itxal etmək niyyətində idi. Səfəvi şahı göndərdiyi elçi vasitəsi ilə rus çarından Həştərxan limanında yerli məmurlar tərəfindən saxlanılan dörd Səfəvi gəmisinin azad edilməsini tələb etmişdir. Eyni zamanda o, firuzə daşlarla bəzədilmiş olan bir taxtı rus çarına vermək üçün yeni bir heyəti Moskvaya göndərdi. 1593-cü il oktyabrın 6-da çar I Fyodr (1584-1598) tərəfindən qəbul edilən Səfəvi elçisi I Şah Abbasın göndərdiyi məktub və hədiyyələri ona təqdim etdi. Səfəvi elçi heyəti çardan sonra bütün işləri öz əlində saxlayan Boris Qodunovla görüşdü. O, iki dövlət arasında ticarət əlaqələrinin yaradılmasını münasib bilərək çarın adından və özünün yazmış olduğu məktubları və I Şah Abbasa çatdırılacaq hədiyyələri elçiyə təqdim etdi [14,66].

Hacı Xosrovun rəhbərliyi altında Səfəvi elçi heyətinin Moskvadan qayıtma­sından bir ay sonra Şah Abbasın Hacı İsgəndər adlı elçisi ticarət məqsədi ilə Moskvaya gəldi. O, Səfəvi şahının göndərdiyi məktubu çara təqdim etdi, gətirdiyi qalxan, dəmir güzgü və məxmər parçaların qarşılığında ruslardan sincab, tülkü dərisi, zireh, fil dişi və mum hazırlamaq üçün istifadə olunan iç yağı istədi [25,154].

C.Aydoğmuşolu yazır ki, 1594-cü ildə rus çarı Fyodr Andrey Zveneqorodski adlı elçisini 63 nəfərlik bir heyətlə Səfəvi sarayına göndərdi. Bu zaman I Şah Abbas Kaşanda olduğu üçün elçi oraya göndərildi. Səfəvi şahı noyabrın 4-də şəhər meydanında xalqın qarşısında rus elçisini qəbul etdi. Rus elçisi çarın Kaxetiyanı himayəsi altına aldığı üçün şahdan şahzadə Konstantini geri göndərməsini tələb etdi. Lakin I Şah Abbas elçinin bu tələbinə etiraz edərək gürcü şahzadələrinin onun vassalı olduğunu qeyd edərək təzyiq göstərilmə­məsini bildirdi [3,268]. Rus çarı I Fyodr Zveneqorodski vasitəsilə göndərdiyi məktubunda Səfəvi şahına yazırdı: "Sizin Osmanlılarla sülh bağladığınızdan xəbər tutduq. Bu xəbər bizi çaşdırdı. Çünki bu durumda necə ola bilər ki, bir tərəfdən bizə ittifaq yaratmaq təklif edirsiniz, digər tərəfdən də düşmənlə sülh bağlayırsınız" [14,67; 3,268]. P.P.Buşevin fikrincə, rus elçisi Səfəvi şahına hərbi yardım göstərilməsi müqabilində Dərbənd və Bakı şəhərlərinin verilməsi məsələsini yenidən qaldırmışdı. I Şah Abbas rus səfirindən çar Fyodr İvanoviçdən öz ordusunu təcili Şirvana göndərməyə inandırmağı xahiş etmiş və əlavə etmişdi ki, əgər rus ordusu Dərbənd və Bakını Osmanlılardan azad etsə, həmin şəhərlərin Moskva dövlətinə verilməsinə etiraz etməyəcəkdir [6,258; 1,35; 21,42-43]. İsgəndər bəy Münşi rus elçisinin Səfəvi sarayına gəlişini təsdiq edərək yazır: "Onlar rus padşahı tərəfindən şahın yanına gələrək, layiqli töhfə və hədiyyələr gətirdilər. Elçi bir mötəbər rus əmiri idi. Rus dövləti məhəbbətamiz bir məktub yazaraq çoxlu məsələlərdən söhbət açmışdı. Əlahəzrət zilləllah şah elçinin qədəmini alqışladı, kafər olsa belə qonağa ehtiram göstərdi" [6,935]. İsgəndər bəy Münşi daha sonra yazır: "...Rus elçisinə qayıdış rüxsəti verildi və onlara layiqli ənamlar təqdim olundu. Türkman qorçisi İmamqulu bəy Pakizəni rus padşahına elçi təyin edib, onu layiqli töhfə və hədiyyələrlə rus elçilərinə həmrah etdilər. Onlar Gilanda gəmiyə oturub dəniz yolu il rəvan oldular" [7,938-939].

C.Aydoğ­muşoğ­lunun fikrincə, I Şah Abbas elçisi vasitəsilə Osmanlılarla bağlanmış sülhün səbəblərinə aydınlıq gətirdi. O, davamlı olaraq elçilərin göndəril­mə­sini, rus qüvvələrinin Həştərxana doğru Səfəvilərin sərbəst keçməsi üçün yolun düşməndən təmizlənməsi və Osmanlılarla müharibəyə müştərək hazırlıqla bağlı məsələləri çara çatdırmışdır. Bu təkliflər çar tərəfindən müsbət qarşılandı. Rus çarı 1595-ci il fevralın 19-da knyaz Vasili Tyufyankinin rəhbərliyi altında 75 nəfərlik elçi heyətini iki dövlət arasında dostluq və qarşılıqlı yardım müqaviləsi bağlamaq üçün Səfəvi sarayına göndərdi. Elçi heyəti Xəzər dənizi ilə hərəkət edən zaman vəba xəstəliyinə tutuldu və knyaz Vasili və Semyon Yemelyanov öldü. 1595-ci ilin noyabrında elçi heyətindən 37 nəfəri Qəzvinə çatdı. I Şah Abbas elçi heyətinin üzvləri xəstə olduğu üçün dərhal onların geri dönməsinə icazə verdi. Elçi heyətinin üç nəfəri Moskvaya qayıda bildi. Buna görə də iki dövlət arasında ittifaq müqaviləsi bağlanmadı [3,269; 12, 120-121].

1596-cı ildə I Şah Abbas Pakizə İmamqulu bəyi, Vasili Tyüfyankin və Semyon Yemelyanovun səfarətinin ardınca isə Pirqulu bəyi Moskvaya elçi göndərdi. F.Hüseynin fikrincə, I Şah Abbasın Azərbaycan şəhərlərini Moskva dövlətinə güzəştə getmək cəhdi diplomatik manevrdən başqa bir şey deyildi. XVI əsrin sonu-XVII əsrin əvvəllərində Səfəvi imperiyasının Moskva dövləti ilə diplomatik əlaqələri təsdiq edir ki, Səfəvilərin Azərbaycan şəhərlərini ruslara güzəştə getməsinin heç bir hüquqi əsası yox idi; çünki qeyd olunan şəhərlər Osmanlı dövlətinin nəzarəti altında idi. Rusiyanın tələblərinə Səfəvilər diplomatik manevrlərlə cavab vermişdi. Osmanlı dövləti əleyhinə ittifaq yaradılması və şəhərlərin güzəştə gedilməsi kimi ciddi bir məsələnin müzakirəsi üçün rusların bütün tələblərinə baxmayaraq, Səfəvi şahı tərəfindən səlahiyyətli nümayəndə heyəti göndərilməmişdi [12, 121, 122].

Rus çarı seçilən Boris Qodunov (1598-1605) Səfəvi imperiyası ilə əlaqələri inkişaf etdirməyə çalışdı. 1600-cü ildə o, hakimiyyət dəyişikliyinin iki ölkə arasındakı əlaqələrə zərər verməyəcəyini I Şah Abbasa çatdırmaq üçün knyaz Aleksey Zassekineni Səfəvi sarayına göndərdi. Rus elçisi Osmanlılara qarşı Avstriya-Macarıstan, Rusiya və İran arasında ittifaq yaradılmasının vacibliyini söyləyərək Rusiya tərəfindən Səfəvilərə hər zaman hərbi yardım göndəriləcəyinə təminat verdi. Eyni zamanda rus çarı Səfəvi şahına elçisi vasitəsilə iki ov iti, bir ayı və iki samur göndərdi [3,269]. Rus elçisi knyaz Alekseyin yanında Boris Qodunovun taxta keçməsini təbrik etmək üçün Moskvaya göndərilən Səfəvi elçisi Pirqulu bəy Təkəli də vardı [8,155]. F.Sümer yazır ki, Avstriya-Macarıstan imperatoru II Rudolf Osmanlı dövləti ilə müharibə vəziyyətində olduğu üçün I Şah Abbas onun planları ilə bağlı çardan bəzi suallara aydınlıq gətirməsini istəmişdir. Rus çarı elçisi vasitəsilə I Şah Abbasdan ordularını Osmanlılar üzərinə sövq etməyə çalışmışdır. Onlar arasında sülh bağlan­ma­yacağı təqdirdə Səfəvi şahına yardım göstərməyə hazır olduğunu bildirmiş­dir. I Şah Abbas rus çarına Osmanlıların nəzarətində olan Şirvan və Gürcüstana birlikdə hücum etməyi təklif etmiş, hətta Dnepr kazaklarını hərəkətə keçirməyə çalışmışdır [24,18; 9,181-182]. C.Aydoğmuş­oğlunun fikrincə, bir müddət sonra rus çarı I Şah Abbasın Azərbaycana yürüşü ilə bağlı 5 min nəfərlik dəstəni bir neçə topla Dərbəndi ələ keçirməkdə şaha yardım etmək üçün Qafqaza göndərdi. Lakin Osmanlı-Səfəvi müharibəsi, Krım tatarlarının bölgədəki fəaliyyəti və Rusiyada daxili ixtişaşların başlanması elçilərin get-gəlini çətinləşdirdiyi kimi, iki ölkə arasında siyasi və iqtisadi sahədə müqavilənin bağlanmasına mane oldu. Göndərilən elçi heyətləri dostluq və yardım vədlərini təzələmək, qarşılıqlı niyyətlərini və tələblərini bəyan etməkdən irəli gedə bilmədi. Bununla da Moskva və Səfəvi dövlətləri Osmanlılara qarşı birgə hərəkət edə bilmədilər [3,270].

XVII əsrin əvvəllərində I Şah Abbas Osmanlı imperiyasının daxili ixtişaşlar və üsyanlar nəticəsində zəifləməsindən istifadə edərək ona qarşı müharibəyə başlamağa qərar verdi. Səfəvi şahı rus çarının yardımını əldə etmək məqsədi ilə 1603-cü ilin avqustunda öz elçisi Laçın bəyi Moskvaya göndərdi. Çar Boris Qodunov şahın hədiyyələrini qəbul etsə də, onun səmimiliyinə inanmadı [9,182; 21,43-44].

Türkiyə tarixçilərinin qənaətinə görə, bu zaman Rusiya Osmanlı dövlətinin Almaniya və Səfəvi dövlətləri ilə müharibə aparma­sından istifadə edərək Qafqazda öz mövqeyini möhkəmləndirməyə çalışdı. 1603-cü ildə çar Boris Qodunov öz elçisi Yaroslavskini İsfahana göndərərək I Şah Abbasa ordularını Osmanlılar üzərinə göndərsə və onlarla hər hansı bir sülh bağlamayacağı təqdirdə ona yardım edəcəyini bildirdi [11,253; 19,68].

Yuxarıda qeyd etdiyimiz kimi, I Şah Abbas öz elçisinin Moskvadan qayıtmasını gözləmədən yaranmış əlverişli vəziyyəti nəzərə alaraq Osmanlı dövlətinə qarşı müharibəyə başladı. Səfəvi-Osmanlı müharibəsinin qızğın dövründə çar Boris Qodunov Qafqazın yerli feodal hakimlərinin Osmanlıları müdafiə etməsinin qarşısını almaq üçün voyevoda Butirlin və general Pleşeyevin rəhbərliyi altında rus ordusunu Dağıstana göndərdi. Rus ordusunun Dağıstana yürüşü bilavasitə I Şah Abbasın Cənubi Qafqazda Osmanlı imperiyasına qarşı hərbi əməliyyatları gücləndirdiyi bir dövrdə başlamışdı. Moskva hökuməti bu addımı ilə Səfəvi şahı ilə danışıqları bərpa edərək Dərbənd, Bakı və Şamaxını güzəştə getməyə vadar etmək niyyətində idi [10,35; 21,44]. Lakin rus çarının bu niyyəti özünü doğrultmadı. Sadıq Bilgə yazır ki, 1604-cü ilin martında çar Boris Qodunov Terski voyevodası İvan Buturlinin və general Vasili Pleşeyevin komandanlığı altında iki ordunu Dağıstan və Kabardaya göndərdi. İvan Butirlinin başçılığı altında 10 minlik rus ordusu aprel ayında Dağıstana girərək Göysu və Tarku qalalarını işğal etdi. 1605-ci ilin yazında Şamaxı bəylərbəyi tərəfindən göndərilən Osmanlı ordusu və topların yardım etdiyi Enderey xanı Sultan Mahmat və Adil Gərayın rəhbərliyi altında Dağıstan qüvvələri Tarkunu mühasirəyə aldı. Şəhəri boşaldaraq geri çəkilən 7 minlik rus ordusu Tarku ilə Qazıyurd arasında baş verən döyüşdə məğlub oldu. İvan Buturlin və general Pleşeyev də daxil olmaqla ruslar qılıncdan keçirildi. Sunja, Sulak və Terek çayları üzərindəki bütün qalalar Osmanlı və dağıstanlı qüvvələr tərəfindən ələ keçirilərək dağıdıldı. Həştərxana geri çəkilmək məcburiyyətində qalan ruslar I Pyotrun xəzərsahili vilayətlərə yürüşünə kimi Şimali Qafqaza yürüş etmədilər [19,86]. Lakin bu müddət ərzində Səfəvi ordusu Azərbaycan ərazilərini Osmanlı işğalından tamamilə azad etdi.

C.Aydoğmuşoğlunun fikrincə, Səfəvi şahı rus çarına göndərdiyi məktubunda Azərbaycanın Osmanlı işğalından azad edilməsi barədə məlumat verdi. Lakin çar Boris Qodunovun ölümü ilə bağlı Rusiyada vəziyyət qarışdığı üçün şahın göndərdiyi məktuba cavab gecikdi. Çar seçildikdən sonra Vasilinin (1606-1610) Səfəvi şahına yazdığı dostluq məktubu səfir İvan Romodanski tərəfindən Səfəvi sarayına çatdırıldı. Çar Vasili göndərdiyi elçisi vasitəsi ilə xristian ölkəsi olan Gürcüstana yürüş etdiyi üçün I Şah Abbasa öz narazılığını bildirsə də, Səfəvi hökmdarı elçini ehtiramla qarşıladı, onun göndərdiyi məktuba cavab olaraq iki məktub hazırlatdıraraq səfirə təqdim etdi. I Şah Abbas bu məktublarda Osmanlılara qarşı müharibədə qazandığı uğurlar barədə xəbər verdi və rus çarını bir daha Osmanlılara qarşı müharibəyə qoşulmağa dəvət etdi [14,95; 3,271].

1612-ci ildə Səfəvi və Osmanlı dövlətləri arasında İstanbul müqaviləsinin bağlanmasından sonra I Şah Abbas Dağıstan və Gürcüstanla bağlı fəal siyasət yeritməyə başladı. O, 1615-ci ildə Kaxetiyada baş verən üsyanı yatırdı və Şamaxıdan Dağıstan və Şimali Qafqaz hakimlərinə itaət göstərmələri üçün nümayəndə göndərdi. Bu dövrdə beynəlxalq münasibətlər Rusiyanın xeyrinə deyildi. O, qərbdə Polşa və İsveçlə, cənubda isə Krım xanlığı ilə müharibə vəziyyətində idi. Buna görə də, Səfəvilərlə münasibəti gərginləşdirmək istəmirdi. Polşa və İsveçlə müharibədə dağıdılmış təsərrüfatı bərpa etmək üçün xeyli vəsait tələb olunurdu. Buna görə də, Rusiyanın hakim dairələri Səfəvi dövləti ilə ticarətə böyük ümid bəsləyirdi.

I Şah Abbasın Azərbaycan və Gürcüstanı Osmanlı işğalından azad etməsindən sonra Rusiya ilə qonşu olmasını nəzərə alan rus çarı I Mixail (1613-1645) Səfəvi dövləti ilə dostluq əlaqələri yaradılmasına xüsusi əhəmiyyət verirdi. 1614-cü il yanvarın 30-da o, hakimiyyətə keçməsini xəbər vermək və iki dövlət arasında siyasi münasibətlər yaratmaq üçün S.Tixonovu Səfəvi sarayına göndərdi. Elçi heyəti Türkistan üzərindən Məşhədə gəldi, lakin I Şah Abbas bu zaman Qafqazda olduğu üçün rus elçisi oraya hərəkət etmişdi. 1614-cü il dekabrın 14-də I Şah Abbas Qızılağacdakı ordugahında rus elçisini qəbul etdi. Rus elçisini səmimi qarşılayan Səfəvi şahı Romanov xanədanının şərəfinə xoş sözlər söyləyərək elçiyə demişdi: "Mənim böyük qardaşım rus çarına de ki, əgər pul və hərbi qüvvə lazımdırsa mən ona verməyə hazıram. Əgər ehtiyac olarsa mən də çəkinmədən ondan istəyəcəyəm" [14,96; 3,271]. G.Seyidova yazır ki, rus elçisi S.Tixonov Səfəvi-Osmanlı müharibəsi zamanı kəsilmiş olan dostluq əlaqələrini bərpa etməyə çalışdı. Səfəvi dövləti bu məsələyə ciddi əhəmiyyət verməsə də, Rusiyaya hərbi və maddi yardım göstərməyə hazır olduğunu bildirdi, əvəzində isə Krım xanının Şimali Qafqaza və Azərbaycana yürüşlərinə mane olmaq üçün Göysu çayı üzərində qala tikilərək qarnizon yerləşdirilməsini xahiş etmişdir [21,47]. C.Aydoğmuşoğlu yazır ki, bir müddət sonra rus elçisinin geri dönməsinə icazə verildi. 1615-ci il yanvarın 28-də S.Tixonov Səfəvi şahının elçisi Polad bəylə birlikdə Rusiyaya qayıtdı. Səkkiz aydan sonra Moskvaya çatan I Şah Abbasın elçisi Polad bəy 1615-ci il avqustun 14-də rus çarı tərəfindən qəbul edildi. I Şah Abbas elçisi vasitəsilə Azərbaycan ərazilərinin Osmanlı işğalından azad edildiyini xəbər verərək, iki dövlət arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün ciddi əngəllər aradan qaldırıldığına görə çardan rus tacirlərini ticarət aparmaq üçün göndərməsini istəmişdir [3,271-272].

1616-cı ildə Osmanlı dövlətinin Səfəvilərə qarşı yeni müharibəyə başlaması ilə şimal sərhədlərinin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəldi. Səfəvi hökuməti şimal sərhədlərinin təhlükəsizliyini Rusiyanın Göysu və Sunj çayları üzərində müdafiə qalalarını möhkəmləndirməsi hesabına əldə etmək niyyətində idi. Lakin Moskva dövlətinin xarici siyasi vəziyyəti bu tədbirin həyata keçirilməsinə imkan vermədi. Polşa ilə müharibəni davam etdirən rus çarına hərbi silah və sursat almaq üçün böyük maliyyə vəsaiti tələb olunurdu. Buna görə də Səfəvi sarayına göndərilən rus elçiləri Leontiyev və Baryatinski şahdan maliyyə yardımı almağa çalışmışdı. 1617-ci ilin sonlarında rus elçisi Leontiev şahdan 7 min gümüş pul ala bilmişdi ki, bu da rus çarını təmin etməmişdi [21,48].

C.Aydoğmuşoğlu yazır ki, I Şah Abbas Osmanlılara qarşı Qafqazda müharibə apardığı zaman Səfəvi tacirləri Həştərxanda rus qarətçilərinin əlinə keçmişdi. Bundan xəbər tutan rus çarı dərhal İvan Brixov adlı elçisini türkcə yazılmış məktubla I Şah Abbasın yanına göndərmişdir. 1615-ci ilin oktyabrında Tiflis yaxınlığında rus elçisini qəbul edən I Şah Abbas rus çarının düşmənləri ilə heç bir əlaqə yaratmayacağına təminat vermişdi. Bu hadisədən bir neçə il sonra gürcü şahzadələrindən biri I Şah Abbasa qarşı rus çarından himayə və kömək tələb etdiyi üçün I Şah Abbas bundan çox qəzəblənmiş və iki dövlət arasında əlaqələrin kəsilməsi barədə əmr vermişdi. Lakin rus çarı buna razı olmadığı üçün iki dövlət arasındakı gərginliyi aradan qaldırmaq və Polşa ilə müharibəni başa çatdırmaq üçün maliyyə yardımı almaq məqsədi ilə knyaz Mixail Vorotinskini (knyaz Baryatinski olmalıdır - T.N.) Səfəvi sarayına göndərdi. Xəzər dənizi yolu ilə Dərbəndə gələn rus elçisi Şirvandan keçərək Ərdəbilə və oradan da Qəzvinə gəlmişdir. 1618-ci il noyabrın 14-də şəhər meydanında Səfəvi şahı tərəfindən qəbul edilən rus elçisi gətirdiyi hədiyyələri ona təqdim etmişdir. Şah Abbasla görüşən elçi rus çarı adından maliyyə yardımı göstərilməsini xahiş etmiş, əvəzində Səfəvi tacirlərinin Həştərxanda toxunulmazlığına təminat vermişdir. I Şah Abbas rus elçisinə verdiyi cavabda iki ölkənin yaxın qonşu olduğunu və bu qonşu­luqda araya nifaq salacaq üçüncü bir ölkəyə (Gürcüstan nəzərdə tutulurdu - T.N.) ehtiyac olmadığını söylədi. Maliyyə məsələsində Şah Abbasın tərəddüd etdiyini başa düşən rus elçiləri şahın hüzurundan könülsüz ayrıldılar. 1619-cu ilin sentyabrında rus elçisi Gilan yolu ilə geri qayıtdı. Bununla belə, rus təbəələrinə Səfəvi ərazisində ticarət aparmağa icazə verildi [15,166; 14,96-97; 3,272-273].

1617-ci ildə Osmanlı ordusunun Azərbaycana növbəti yürüşü zamanı Şimali Qafqaz yolunun bağlanılması məsələsi Səfəvi dövləti qarşısında öz kəskinliyi ilə yenidən ortaya çıxdı. Bu məsələnin həlli Rusiya ilə Türkiyə arasında münasibətləri daha da pisləşdirsə də, Moskva hökuməti Səfəvi dövləti ilə əlaqələri möhkəmlən­dirməkdə maraqlı olduğu üçün şahın xahişini yerinə yetirmək qərarına gəldi. Çünki Osmanlı dövlətinin Xəzər dənizi sahillərində və Şimali Qafqazda möhkəmlənməsi Rusiyanın maraqlarına tamamilə zidd idi. Rus tacirlərinin Azərbay­canla ticarət əlaqələrinə zərbə vura bilərdi. Osmanlı dövlətinin bölgədə öz mövqeyini möhkəm­ləndirməsi nəinki Səfəvi imperiyasının, eyni zamanda öz təsirini cənuba doğru genişləndirmək və regionda iqtisadi və siyasi mövqeyini möhkəmlən­dir­məyə çalışan rus çarının maraqlarına cavab vermirdi. Tezliklə Moskva dövlətinin Sunj və Göysu çayları üzərində möhkəmləndirilmiş müdafiə sistemini inşa edərək Azərbaycana uzanan Şimali Qafqaz yolunu nəzarət altına alması, Osmanlı ordusunun və Krım tatarlarının şimaldan Səfəvi imperiyasına hücumlarının qarşısını kəsmiş oldu.

I Şah Abbas dövründə Səfəvi imperiyasının Moskva dövləti ilə münasibətlərinin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsinin təhlili göstərir ki, XVI əsrin sonu - XVII əsrin əvvəllərində Səfəvi imperiyası ilə Moskva dövləti arasındakı siyasi və iqtisadi əlaqələr Osmanlı imperiyasının regionda yeritdiyi siyasətlə bilavasitə bağlı olmuşdur. Rus çarının Osmanlılara qarşı düşmən münasibəti və onların Cənubi Qafqaz hüdudlarından qovulmasında maraqlı olması Səfəvi şahını Moskva dövlətini bu münaqişəyə cəlb etmək üçün vaxtı ilə atasının vermiş olduğu təklifi təkrarlamağa vadar etmişdi. Rus çarının göndərəcəyi hərbi yardım müqabilində I Şah Abbas Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət daşıyan Xəzərsahili şəhərlərini - Dərbənd və Bakını rus çarına bağışlayacaqdı. Lakin Moskva dövləti daxili və xarici siyasətin mürəkkəbliyi üzündən o dövrdə güclü olan Osmanlı imperiyası ilə birbaşa hərbi toqquşmaya getməyə cəsarət etmədi. Eyni zamanda yaranmış şəraitdə öz şansını itirmək istəməyən Moskva dövləti Səfəvi imperiyasını hər vəchlə Osmanlı imperiyasına qarşı müharibəyə təhrik edərək, ona hərbi yardım göstərəcəyinə vəd verirdi. İki dövlət arasında uzun sürən üzücü danışıqlar heç bir nəticə vermədiyi kimi, I Şah Abbas Moskva dövlətinin heç bir yardımı olmadan Osmanlılar üzərində tam qələbə qazanaraq işğal olunmuş Azərbaycan ərazilərini azad etdikdən sonra yuxarıda adı çəkilən şəhərlərin ruslara verilməsi məsələsi bir daha müzakirə obyekti olmadı.

 

Mənbələr və ədəbiyyat.

Алиев Ф.М. Азербайджано-русские отношения. Баку, 1985.
Allen W.E.D. Russion Embassis to the Georgian Kings 1589-1605, Vol., I, Cambridge, 1970.
Aydoğmuşoğlu C. Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara, 2011.
Azərbaycan tarixi. Yeddi cilddə. Üçüncü cild, Bakı, 1999.
Белакуров С.А. Сношения России с Кавказом (1578-1613гг.). Вып. 1. М., 1889.
Бушев П.П. История посольства и дипломатических отношений Русского и Иранского государства. 1586-1612 гг. М., 1976.
İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilindən tərcümə t.e.d. Ş.F.Fərzəliye­vindir. Bakı, 2010.
Книга Орудж-бека Байата. Дон-Жуана Персидского. Перевод с английского, введение и коментарии д.и.н. Октфя Эфендиева, к.и.н. Акифа Фарзалиева. Баку, 1988.
Kurat A.N. Rusiya tarihi. Başlangıçdan 1917-ye kadar. Ankara, 1993.
Кушева Е.Н. Русско-дагестанские отношения в XVI-XVII вв. Махачкала, 1954.
Kütükoğlu B. Osmanlı-İran siyasi münasebetleri (1578-1612). İstanbul, 1993.
11. Гусейн Ф.А. К вопросу об обещании шаха Аббаса уступить Московскому государству Дер­бент, Баку и Шемаху. //Вопросы истории. М., 2010, №9, с. 113-124.

12. Магарамов Ш.А. Восточный Кавказ в политике России, Турции и Ирана в конце XVI в. //Вопросы истории. №4. М., 2009, с.149-152.

13. Mehdevi A.H. Tarix-i revabıt-ı xarici-i İran: Ez ibtida-i devran-i Səfəviyye ta payan-ı ceng-i dovvom-Cihanı (1500-1945), Müessese-i İntişarat-ı Emir Kebir. Tehran, 1377.

Mihriban M.N.E. Şah Abbas-ı Kebir. Şirket-i Mütalaat və neşr-i kitab-ı Parsa. Tehran, 1387.
15. Памятники дипломатических и торговых сношений Московской Руси с Персией. Под. ред. Н.И. Веселовского. т.1, СПб., 1890.

Петрушевский П.П. Азербайджан в XVI-XVII веках. //Сборник статей по истории Азербайджана. Выпуск I. Баку, 1949.
Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке. Баку, 1981.
Sadık Bilge M. Osmanlı devleti ve Kavkasya. İstanbul, 2005.
Sadık Bilge. Osmanlı Çağında Kafkasya 1454-1829 (Tarih, Toplum, Ekonomi). İstanbul, 2012.
Сеидова Г. Азербайджан во взвимоотношениях Сефевидской империи и Русского государства. Баку, 2007.
Смирнов А.Н.Кабардинский вопрос в русско-турецких отношениях XVI-XVIII вв. М., 1948.
Смирнов А.Н. Политика России на Кавказе XVI-XVII вв. М., 1958.
Sümer F. Abbas I. DİA, c.1. İstanbul, 1988, s. 17-19.
Tevekkuli F. Revabıt-ı İran və Rusiya der asr-ı Safeviyye. Mecmua-i Makalat-ı Hemayeş-i Safeviyye der göstere-i tarih-i İran zemin. Hazırlayan Maksud Əli Sadıqi, İntişarat-ı Sütude, Təbriz, 1383.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM