Tarix üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan xalqının müasir tarixində, xüsusən dövlət müstəqilliyinin bərpası ərəfəsində 1990-cı ilin yanvarında baş vermiş qanlı hadisələr özünəməxsus yer tutur. Bu hadisə təsadüfən baş verməmişdi. O, 1980-ci illərin axırlarında böyük bir dövlətin, dünya sosialist sisteminin, böyük bir sivilizasiyanın dağıdılmasına yönəlmiş məqsədyönlü, ardıcıl bir təxribat işinin uzun zəncirinin həlqələrindən biri idi. Lakin bu həlqənin daşıdığı məna, gedən proseslərə göstərdiyi təsir gücü, insanların düşüncəsində etdiyi köklü dəyişiklik müqayisəolunmaz dərəcədə digər hadisələrdən fərqlənirdi. Hər şeydən öncə Azərbaycanda, onun paytaxtında və bir sıra rayonlarında “xilaskar” sovet hərbçisinin əli ilə törədilmiş bu cinayətkar hadisə bir sıra məsələlərdə həqiqəti aşkar şəkildə ortaya qoydu:
- Sovet dövlətinin və Sov. İKP-nin son illərdə millətlərə qarşı yeritdiyi siyasətin mahiyyətini nümayiş etdirdi;
- SSRİ-nin dağılmasınına yekun mərhələsinin başlanğıcı oldu.
- Sovet rəhbərliyinin uzun illər yeritdiyi yalançl beynəlmiləl siyasətin saxtalığını sübut etdi.
- Yenidənqurmanın məkrli məqsədlərini göstərən əyani sübutlardan biri oldu;
Əlbəttə, bu siyahını uzatmaq, hər bir incə məqama diqqət yönəltmək də olardı. Lakin düşünürəm ki, bütövlükdə XX əsrin 80-ci illərində sonuncu sovet rəhbərliyinin öz xalqına, xüsusən ölkənin fərqli dini və etnik mənsubiyyətli əhalisinə münasibətdə yeritdiyi siyasətin iç üzünün aşkar edilməsi baxımdan bu hadisə öz köklü rolunu oynadı.
Bu vaxta qədər Yanvar faciəsi haqqında çox yazılar yazılmış, onun səbəbləri, məqsədləri və nəticələri haqqında müxtəlif səviyyələrdə tədqiqatlar aparılmışdır. Lakin bu gün də həmin hadisənin bir daha araşdırılmasına, gizli məqamlarının işıqlandırılmasına böyük ehtiyac vardır. Ən başlıcası isə bu hadisənin 1980-cı illərdə aparılan siyasi proseslərin kontekstində baxılması onun əsl mahiyyətini dərindən dərk etməyə və ona tarixi-siyasi nöqteyi-nəzərdən qiymət verməyə imkan verdi.
Azərbaycanda törədilmiş Yanvar qırğınının ayrılıqda, daha ətraflı və geniş proseslərdən kənarda izahı yoxdur. Onun baş vermə yeri və formalarının seçilməsi də təsadüfi deyildi. Düşünürəm ki, onun ssenarisi əsasən əvvəlcədən hazır idi. Yenidənqurma siyasəti həyata keçirilən gündən qoyulan məqsədlər, həyata keçirilən fəaliyyət bu tipli hadisənin baş verməsini nəzərdə tuturdu.
Yanvar hadisələri dağılmaqda olan Sovet imperiyasının reallaşdırdığı fəaliyyət proqramının bir hissəsi idi. Bu məsələlərdə yerli əhalinin rolu və maraqları heç bir əhəmiyyət kəsb eləmirdi, bu amillər həyata keçirilən cinayətkar planda yalnız vasitə funksiyasını yerinə yetirirdi. Bu mənada 20 yanvarda törədilən cinayətin digər səbəblərlə izahının heç bir əsası yoxdur. Milli maraqlar, milli qürur, milli münasibətlər probleminin mövcud cəhətləri qabardılaraq hadisələrin səbəbi kimi qələmə verilsə də, o məqamlar hadisələrin qlobal gedişində yalnız pis niyyətləri ört basdır edən pərdə funksiyasını yerinə yetirirdi. Bu mənada həmin dövrdə milli zəmində alovlandırılmış münaqişələrin və törədilmiş qanlı toqquşmaların elə bir ciddi fərqi yox idi.
SSRİ-nin dağılması ərəfəsində Cənubi Qafqazın bir təxribat obyekti kimi seçilməsi təsadüfi deyildi. Bir tərəfdən bu tipli təxribatlar sovet cəmiyyətinin təməlinə, ideoloji əsaslarına, dəyərlər sisteminə zərbə vurur, digər tərəfdən isə cəmiyyətin birliyinin əsasını təşkil edən amillərin aradan qalxdığı şəraitdə region ölkələrinin təsir zonaslnda saxlanmasına xidmət edirdi. Kommunist partiyasının cəmiyyətin lideri kimi nüfuzdan düşməsi, kommunist ideologiyasının iflası şəraitində Cənubi Qafqazın keçmiş respublikalarını imperiya çərçivəsində saxlamağın yeganə vasitəsi məhz güc amili, xalqlar arasında düşmənçiliyin qızışdırılması, terrorçu qüvvələrin xidmətindən istifadə ola bilərdi.
1985-ci ildə M.Qorbaçovun hakimiyyətə gəlişindən dərhal sonra “Yenidənqurma” adı altında götürülmüş yeni kurs məhz bu məqsədə yönəlmişdi. Sovetlər ittifaqının müxtəlif yerlərində milli və dini zəmində alovlandırılmış münaqişə ocaqları vahid bir məqsədə xidmət etsə də, əhatə etdiyi ərazinin xüsusiyyətlərindən, milli, dini, sosial mənsubiyyətindən, mərkəzi hakimiyyətin güddüyü maraqlardan asılı olaraq bu münaqişələr fərqli intensivliyə, gedişə, miqyasa malik idi. Cənubi Qafqazda yeridilən həmin xətt ittifaq miqyasında aparılan siyasətin daha mürəkkəb və məkrli forması idi.
1990-cı il Yanvar qırğınına iki fərqli, lakin bir-birini tamamlayan aspektdən yanaşılması məqsədəuyğundur. Yanaşmanın biri ondan ibarətdir ki, bu hadisə Sovetlər İttifaqı çərçivəsində gedən nəhəng dağıdıcılıq prosesinin tərkib hissələrindən biri idi. O, Sovet dövlətinin, kommunist ideologiyasının, ümumdünya sosializm sisteminin iflasına yönəldilmiş bir məqsədyönlü işin tutarlı mərhələlərindən biri idi. Belə hadisələr, təxribatlar Sovetlər İttifaqının, hətta dünya sosializm düşərgəsinin digər ölkələrində də törədilmişdi, məqsədlər isə onların hamısında bir idi. Onları bir birindən fərqləndirən isə hər bir hadisənin yerli amillərin, sosial mühitin, tarixi etnik mühitin müxtəlifliyindən irəli gələn çalarlar idi. Qeyd olunduğu kimi, onları birləşdirən isə həmin hadisələrin arxasında duran qüvvələrin maraqları idi. Bu mənada Azərbaycanda törədilmiş bu qırğının həmin dövrün Sovet hakim dairələrinin cinayətkar niyyətlərinin ifşa edilməsi, “Yenidənqurma” adı altında aparılan ikiüzlü siyasətin əsl məqsədlərinin aşkar edilməsi məsələsində əvəzsiz rol oynadı.
Digər aspekt ondan ibarət idi ki, 1990-cı il Yanvar qırğını Azərbaycan olaraq ittifaqın müsəlman-türk əhalisi yaşayan bir ərazisinə qarşı çevrilmişdi. Uzun illər müxtəlif ideoloji pərdələr altında ört basdır edilən ayrı-seçkilik siyasəti bir anın icində açıq-aşkar nümayiş etdirdi, illər boyu təlqin edilən “xalqlar dostluğunun” astar üzü ortaya qoyuldu, böyük siyasət naminə xalqlar üz-üzə qoyuldu. Əldə olan faktlar sübut edirik, nə Sumqayıt, nə də Bakı hadisələrində qarşıdurmanın baş verməsinin səbəbi milli amil deyil, xüsusi məqsədə xidmət edən hakimiyyətin xüsusi xidmət orqanlarının həyata keçirdiyi təxribatlar dayanmışdır. Bunu sübut edən çoxsaylı faktlarla yanaşı 1988-ci ildə Sumqayıt hadisələrindən və 1990-cı ilin yanvarında Bakıda törədilmiş Yanvar qırğınından sonra ali sovet və partiya rəhbər orqanlarının sağlam məntiqə uyğun gəlməyən mövqeyini, qəbul etdikləri qərarları və atdıqları addımları qeyd etmək vacibdir. (1. v.1-11; 2, v. 1-8)
“Yenidənqurma” dövründə törədilmiş belə cinayətlərin sırasına ittifaqın müxtəlif regionlarında törədilmiş hadisələr daxil idi. Həmin dövrdə hakim partiya və mərkəzi hakimiyyət tərəfindən mövcud cəmiyyətin mənəvi dayaqlarına sarsıdıcı zərbə vuran qərarların qəbul edilməsi, cəmiyyət tərəfindən təəccüblə qarşılanan addımların atılmasının məsələlərə bütöv yanaşanda məkrli bir məqsədə ünvanlandıqlarını görməmək mümkün deyildir. “Yenidənqurma” ideyası dalğasının genişləndiyi, siyasi ideologiyanın, o cümlədən proletar beynəlmiləlçiliyi dəyərlərinin zəiflədiyi bir vaxtda Qazağıstanda respublika rəhbəri vəzifəsinə təyinat zamanı milli amilin kobud şəkildə qabardılması əvvəlcədən görünməyə bilməzdi. Həmin addım vəziyyəti sabiləşməyə deyil, onun nəzarətdən çıxmasına yönəlmişdi. Bütövlükdə Azərbaycanda Qarabağ münaqişəsinin törədilməsi, Ermənistanın təcavüzünün başlanması və ondan sonra törədilən müxtəlif təxribatlar vahid prosesin mərhələləri kimi qiymətləndirilməlidir. Bu münaqişə çərçivəsində baş verən hadisələr eyni məntiqə tabedir və məqsədyönlü şəkildə, düşünülmüş plan əsasında aparılmışdır. 1988-ci ildə Sumqayıt hadisələri, Qarabağda dövlətin həyata keçirdiyi fəaliyyət, qarşıdurmaların təşkili, qızışdırıcı qərarların qəbul edilməsi, SSRİ-nin mərkəzi hakimiyyətinin bu hadisələrə münasibətdə tutduğu mövqe normal məntiqə uyğun məqsədlərə və qaydalara deyil, daha məkrli niyyətlərə xidmət edirdi.
SSRİ-nin müxtəlif yerlərində milli zəmində narazılıqlara təkan əvvəlcədən planlaşdırılmış və son dərəcə dəqiqliklə idarə edilən təxribatdan başqa bir şey deyildi. Bu fəaliyyətdə əvvəlcədən düşünülmüş planın olmasını məsələlərə qlobal yanaşanda müşahidə etmək mümkündür.
1990-cı ilin yanvar hadisələri də bu ssenarinin tərkib hissəsi idi. Həmin vaxt sovet qoşunlarının Azərbaycana – onun paytaxtı Bakıya və bir sıra digər rayonlara yeridilməsinə qanuni don geyindirmək üçün 20 Yanvar qırğını ərəfəsində Bakının dinc erməni əhalisinə qarşı törədilmiş zorakılıqlarda azərbaycanın əhalisinin heç bir rolu yox idi.
Bu gün müxtəlif rəsmi səviyyələrdə həmin hadisələrin sovet xüsusi xidmət orqanları tərəfindən törədilməsi təsdiq edilsə də, onun haqqında fərqli ideyalar bu və ya digər formada qalmaqdadır. Bəzi nəzər nöqtələrində məsələnin mahiyyətinin dərinliyinə varmadan hadisələrin görünən tərəflərinin şişirdilməsi hallarına təsadüf edilir. Buna görə də 20 Yanvar qırğınının dünya miqyasında tam işıqlandırılmasından və beynəlxalq səviyyədə yekun qiymətindən danışmaq tezdir və onun daha dərindən araşdırılmasına və dəyərləndirilməsinə hələ də ehtiyac vardır.
1990-cı il Yanvar hadisələrinə ictimai səviyyədə ümumi fikir olsa da, onun rəsmi dəyərləndirilməsində kifayət qədər fərqli fikirlər də mövcuddur. Azərbaycandan kənarda bu hadisəyə və onun nəticələrinə münasibətdə mövcud olan təsəvvür birmənalı deyildir. Bu fərqliliyin əsasında isə, şübhəsiz, regionda olan qüvvələrin müxtəlif maraqları dayanır.
20 yanvar haqqında ilkin müzakirələr və qiymətlər hadisədən az sonra ortaya çıxmışdı. Təbii ki, bu cinayətin təşkilatçıları diqqəti yanlış məcraya yönəltməyə, hadisənin mahiyyətini təhrif etməyə çalışır, ilk vaxtlar buna nail ola bilirdilər. Lakin zaman keçdikcə ortaya çıxan faktlar, prosesin gedişindən irəli gələn nəticələr, ən başlıcası isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində Azərbaycan dövlətinin və cəmiyyətinin səyləri bu məsələdə real vəziyyətin aşkarlanmasına şərait yaratmışdır.
Bir daha vurğulamaq istərdik ki, 20 Yanvar faciəsinin əsası xeyli əvvəl qoyulmuşdu. Hələ 1988-ci ildə Qarabağ münaqişəsinin təməli qoyulan zaman dağılmaqda olan Sovet dövlətinin Cənubi Qafqazı öz təsir zonasında saxlamaq, onları imperiyadan uzaqlaşmasına imkan verməmək üçün həyata keçirilən bir plan idi. 1988-ci ildən başlayaraq günümüzə qədər davam edən bu siyasi xəttin mərhələlərində biri olmaqla, 20 Yanvar faciəsi mühüm yer tutur.
Bu faciənin törədilməsi hətta daha qədim dövrün hadisə və proseslərinə gedib çıxır. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan ərazilərində Ermənistan dövlətinin və Qarabağda erməni muxtariyyətinin yaradılması kimi, bütün sovet tarixi boyu yarımleqal şəkildə dünyanın müxtəlif yerlərindən Cənubi Qafqaza erməni əhalisinin fasiləsiz olaraq köçürülməsinə, proletar həmrəyliyi pərdəsi altında ermənilərin türklərə və azərbaycanlılara düşmənçilik təlqin edən, nifrət doğuran təbliğatın aparılması qədər bu sahədə hər cür addım atılmış, hər cür cinayət edilmişdi. Lakin 20 Yanvar qırğını bu siyasətin ən yüksək nöqtəsi idi və imperiya hökumərinin əsl mahiyyətini ifşa edən aşkar bir hadisə oldu.
Bu siyasətdə iştirakçıların hər birinin yeri məlum idi. Bu siyasəti işləyib hazırlayan və həyata keçirən Rusiya imperiyasının aldadıcı şüarlar altında yeridən Kommunist partiyası və sovet dövləti idisə, bu işlərdə ən çirkli və ləyaqıtsiz işləri görən ermənilər oldular. Həmin hadisələrdə zorakılığa məruz qalan, məhv edilən dinc əhali isə imperiya planlarının qurbanları idi. Bu günə qədər hələ də qəti şəkildə milli mənsubiyyətindən asılı olmayaraq bu insanların öldürülməsində əli olanlar ortalığa qoyulmamışdır.
SSRİ-nin dağılması ərəfəsində sovet siyasi rəhbərliyinin bütün sovet əhalisinə, o cümlədən Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin yolunu asanlaşdırmaq üçün ölkədə konstruktiv qüvvələrin sıradan çıxarılması, ictimai həyatın bütün sahələrində dağıdıcılıq tendensiyasına təkan verilməsi, dövlətdə möhkəm mövqedə dayanan güclü siyasətçilərin hakimiyyətdən uzaqlaşdırılması oldu. 1987-ci ilin o dövrdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə təzyiqlərin edilməsi və son məqamda hakimiyyətdən uzaqlaşdırılaraq təqaüdə göndərilməsi hazırlanan məkrli planların, o cümlədən Azərbaycana qarşı hazırlanan cinayət planının tərkib hissəsi idi.
Daha dəqiq desək, Azərbaycana qarşı aparılan qərəzli siyasət bir neçə istiqamətdə və fərqli formalarda aparılırdı. Onlardan biri də bu xalqın liderinə qarşı haqsız təzyiqlərin edilməsi, əsassız ittihamların irəli sürülməsi, iftira və böhtan kampaniyasının aparılması idi. Təsadüfi deyildir ki, Azərbaycana qarşı açıq təxribatlar onun tutduğu vəzifədən uzaqlaşdırılmasından sonra başlandı. M.Qorbaçov və onun komandası başa düşürdü ki, Heydər Əliyevin öz siyasi postunda olduğu şəraitdə planlaşdırdıqları cinayətləri reallaşdırmaq mümkün deyildir. Bu, onların təkcə Azərbaycana, Cənubi Qafqaza münasibətdə yeritdikləri xəyanətkar siyasətə aid deyildi. Onlar bütövlükdə sovet dövlətinə və cəmiyyətinə qarşı yeritdikləri siyasət üçün Heydər Əliyevi başlıca maneələrdən biri hesab edirdilər. Buna görə də o, hakimiyyətdən uzaqlaşdırılsa da, ona qarşı olan hücumlar daha da intensiv xarakter aldı. Onun Azərbaycana rəhbərlik etdiyi dövrü araşdırmağa, onun əleyhinə faktlar axtarmağa başladılar. O cümlədən, Qarabağda özlərinin təkan verdikləri münaqişənin günahlarını da onun üzərinə qoymağa çalışırdılar. Lakin onlar öz istəklərinə nail ola bilmirdilər. Heydər Əliyev bütün ittihamlara imkanı çərçivəsində cavab verir, onları ifşa edirdi. Baxmayaraq ki, mətbuatda onun çıxışlarına son dərəcə ciddi məhdudiyyətlər qoyulmuşdu, Heydər Əliyev öz sözünü çətin də olsa, ölkə ictimaiyyətinə çatdırırdı. Bu mənada onun 1989-cu ilin aprel plenumunda çıxışı gözəl bir nümunə idi.(3.v.64) Heydər Əliyevə soz vezrmək istəməsəllər də, o, söz almağa nail olmuş, bu mötəbər tribunadan Qarabağ münaqişəsinin səbəbləri barəsində uydurulmuş əfsanələri ifşa edərək, əsl həqiqəti ortaya qoymuşdur. Öz çıxışında qeyd etmişdir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişaf cəhətdən Azərbaycanın ümumi inkişafından geri qalması, hazırkı narazılıqların əhalinin yaşayışının aşağı səviyyəsindən irəli gəlməsi fikrinin həqiqətdən uzaq olmasını faktlarla ortaya qoydu. Rəqəmlərin və faktların dili ilə sübut etdi ki, DQMV əhalisinin yaşayış səviyyəsi nəinki Azərbaycandan və Ermənistandan, hətta ümumittifaq səviyyəsindən yuxarı olmuşdur. Uyğun olaraq bu yanlış faktların qəsdən irəli sürülməsinin məkrli məqsədlərə xidmət etdiyini sübut etmişdir. Onun Plenumdakı çıxışı sükutla qarşılansa da, bir qədər sonra M.Qorbaçovun Dağlıq Qarabağda siyasi xəttini həyata keçirən, DQMV-nin Xüsusi İdarə Komitəsinin sədri Arkadi Volski “Sosialistiçeskaya industriya” qəzetinin 30 aprel sayında çıxış edərək Qarabağın problemlərinin səbəbkarı kimi H.Əliyevi, onun Azərbaycana rəhbərlik etdiyi dövrdəki problemləri göstərmişdi. Bununla onlar bir tərəfdən M.Qorbaçov hakimiyyətinin cinayətlərini ört-basdır edirdilərsə, digər tərəfdən Heydər Əliyevi susdurmaq, onu Azərbaycandan təcrid etmək istəyirdilər. (4)
Heydər Əliyev vəzifədən uzaqlaşdırıldığı dövrdə aktiv şəkildə mövcud fitnəkarlıqlara qarşı çıxış edir, mətbuata can atır,dovlətin yüksək vəzifəli şəxsləri ilə görüşərək Azərbaycana qarşı yönəldilən haqsızlıqların qarşısını almağa çalışırdı.
1990-сi ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıda sovet hərbçiləri tərəfindən SSSİ dövlət başçıları və Kommunist rəhbərliyinin əmri ilə dinc əhaliyə divan tutması hadisəsini böyük ağrı və həyəcanla qarşıladı. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlir, orada mətbuat konfransı keçirərək sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətmiş olduğu bu cinayəti ifşa edir, ilk dəfə olaraq ona siyasi qiymət verir. Öz hərəkətlərinə qanuni don geyindirməyə çalışan, törətdiyi cinayəti sabitlik yaratmaq, demokratiyanı qorumaq, qarışıqlığın qarşısını almaq adı altında ört-basdır eləmək cəhdini öz adı ilə adlandırır. (5, 409-410)
Heydər Əliyevin yanvar hadisələri ilə bağlığ bu düzgün addımı faktik olaraq xalqı bir mövqe, bir məqsəd ətrafında birləşdirdi. Dövlət vəzifəsi tutmasa da onun fikirləri bütün dünya tərəfində rəsmi versiya kimi qəbul olundu. Bu hadisə ilə Heydər Əliyevin Azərbaycan xalqının fəal siyasi həyatına qayıdışı baş verdi.
Təsadüfi deyildi ki, bu hadisədən sonra Heydər Əliyevə qarşı təzyiqlər yeni güclə başlandı. 1990-cı ilin fevralın 4-də tamamilə şər və böhtandan ibarət yazılmış bir yazıda yeni təzyiqlərə start verildi. Lakin çox tezliklə həmin məqalənin saxta olduğu, sifarişlə yazıldığı aşkar oldu. Məqalənin müəllifi kimi təqdim edilən şəxs onun bu yazıdan xəbəri olmadığını bəyan etdi. Bütün bu faktlar, habelə Azərbaycanda gedən proseslər və onlara aid atılan addımlar onların əsl mahiyyətini nümayiş etdirirdi.
1990-cı ilin fevralın 11-də Azərbaycan SSR-in Ali Sovetinin Komissiyasının bəyanatında yanvar hadisələrinə isti izlərlə verilən qiymətdə bütün qanun və normaların kobud şəkildə pozulmasından danışılır. Lakin bu sənəddə hadisələrin əsl səbəb və məqsədləri axıra qədər öz əksini tapa bilmir. Onun rəsmi şəkildə araşdırılması və dəyərləndirilməsi üçün hərtərəfli təhqiqatın aparılmasına ehtiyac var idi. O zaman hələ də mövcud olan kommunist hakimiyyəti şəraitində onun cinayətlərini görmək və qiymətləndirmək çox çətin idi. Digər tərəfdən kommunist hakimiyyətinin Azərbaycan xalqına vurduğu bu zərbə və etdiyi xəyanət gözlənilməz idi. İnsanlar bu hakimiyyətə inamlarını hələ də itirməmişdilər və ondan ədalətli qərar, prinsipial mövqe gözləyirdilər. Lakin proseslər davam etdikcə, SSRİ-nin “yenidənqurma” rəhbərliyinin əsl siması aşkar olur və onların dağıdıcılıq planları üzə çıxır. İlk vaxtlarda sovet və partiya rəhbərlərinin təəccüb doğuran mövqeləri, atdıqları addımların əsl mənası aydın oldu. (6. s. 9-11)
Azərbaycanın müasir müstəqillik erasının başlanması anında Heydər Əliyevin 1991-ci ilin yayında Kommunist partiyasının üzvlüyündən çıxmaq haqqında yazdığı müraciət dəyərli bir sənəddir. (7) Bu qısa müraciətində Heydər Əliyev faktik olaraq dağılma ərəfəsində Sovet dövləti və Kommunist partiyasının, onun rəhbərliyinin cinayətkar siyasətinin mahiyyətini ortaya qoymuş, onların insanların istəklərinə zidd olan məqsədlərini açıb göstərmişdir. “Əminəm ki, partiya rəhbərliyi istəsə idi, 1987-88-ci illərdə Dağlıq Qarabağ məsələsi ilə bağlı qalxmış millətlərarası münaqişənin elə başlanğıcda qarşısını ala, həm Azərbaycan, həm də erməni xalqlarına ağır bəlalar və iztirablar gətirmiş qarşıdurmanın güclənməsinə imkan verməyə bilərdi. Deməli siyasi mərkəzə bu münaqişə lazım idi”.
Həmin sənəddə Heydər Əliyev dağılmaqda olan Sovet rejiminin təkcə 1990-cı ilin yanvarında Bakıda törətdiyi cinayətə, onların bu məsələdə güddükləri məqsədlərini deyil, bütövlükdə bütün ittifaq xalqlarına, bəşəriyyətə qarşı törətdiyi cinayətlərin siyasi qiymətini verir. Konkret olaraq isə həmin müraciətdə yanvar qırğını – “mərkəzin siyasi rəhbərliyinin və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Azərbaycan xalqına qarşı hərbi təcavüzü” kimi dəyərləndirmişdir. Zaman keçdikcə tarix bu qiymətin dəqiqliyini təkrar-təkrar sübut edir. Belə bir nəticə Azərbaycan Respublikasının Milli Məclisinin 1994-cü il martın 29-da qəbul olunmuş qərarında öz əksini tapmışdır. (8. s.22-26)
Müasir dövrdə, üzə çıxmış yeni-yeni faktlar və sənədlər aparılmış xəyanətkar siyasətin mahiyyəti daha aydın olur. Yanvar qırğını Azərbaycan xalqına qarşı müstəqilliyin bərpası dönəmində törədilən sonuncu cinayət deyildi. Azərbaycana qarşı başlanmış bu avantüra növbəti faciələrə təkan vermişdi. Bu siyasət hazırkı dövrdə də davam edir.
ƏDƏBİYYAT
1. Sov.İKP MK Siyasi Bürosunun 29 fevral 1988-ci il iclasının protokolu. RQANİ, f.89,siy.42,iş 18
2. Sov.İKP MK Siyasi Bürosunun 21 mart 1988-ci il iclasının protokolu). RQANİ, f.89,siy.42,iş 19
3. РГАНИ,ф.2,оп.5,д.245
4. Социалистическая индустрия, 1989, 30 апреля
5. Heydər Əliyev, iki cilddə, I cild, Bakı,2013
6. Təcavüz 1990.1990-cı il yanvarın 19-20-də Bakı şəhərində baş vermiş hadisələrin ilkin təhqiqi haqqında Azərbaycan SSR Ali Soveti istintaq komissiyasının bəyanatı (11 fevral 1990) Təcavüz 1990. http://files.preslib.az/projects/aggression/m3_az.pdf
7. Независимая газета,1991,23 июля; http://lib.aliyevheritage.org/ru/4022682.html
8. Təcavüz 1990.1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı (29 mart 1994) http://files.preslib.az/projects/aggression/m3_az.pdf
Açar sözlər: 1990-cı il yanvar qırğını; SSRİ-nin süqutu; sovet ordusunun təcavüzü; Yenidənqurma; müstəqillik mübarizəsi
Ключевые слова: январская 1990 года бойня; pаспад СССР; агрессия советской армии; перестройка; борьба за независимость
Keywords: January 1990 massacre; The collapse of the USSR; aggression of the Soviet army; restructuring; struggle for independence
Резюме
И.З.Алиев
Размышленя о январских событиях 1990 г в Азербайджане
Статья посвящена январским событиям 1990 года, одной из кровавых страниц современной истории Азербайджана. Это событие просмотрено с учетом современных реалий в свете новых фактов и документов. В статье подчеркивается, что события января 1990 года являются вехой в процессе враждебной политики, направленной против восстановления независимости Азербайджана накануне распада СССР. Подлинную сущность, причины и последствия этих событий и процессав можно понять при подходе им как часть общего процесса. Это важно для современного Азербайджана, так как эта враждебная политика в отношении Азербайджана продолжается и сегодня.
Summary
İ.Z.Aliyev
Discussion of the January events of 1990 in Azerbaijan
The article is devoted to the January events of 1990, one of the bloody pages of the modern history of Azerbaijan. This event is revisited by taking into account the modern realities in the light of new facts and documents. The article emphasizes that the events of January 1990 are a milestone in the process of a hostile policy aimed against restoring the independence of Azerbaijan on the eve of the collapse of the USSR. To understand the true nature, causes and consequences of these events and processes, one needs to approach them as a part of the bigger process. This is important for modern Azerbaijan, as this hostile policy towards Azerbaijan continues today.
"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018
Strategiya.az
Azərbaycanda 1990-cı ilin yanvar faciəsi haqqında mülahizələr
Xəzərin hüquqi statusunun təsdiqi və onun regionda əhəmiyyəti
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM