Tarix üzrə fəlsəfə doktoru, dosent
Müstəqilliyini bərpa etmiş Azərbaycanın qarşısında ölkənin iqtisadi əsaslarının yaradılması vəzifəsi dururdu. SSRİ iflasa uğrayarkən bu böyük imperiyanın vahid iqtisadi məkanı parçalandı. Hər bir yeni yaranmış dövlətin payına ümumi iqtisadi potensialın müvafdiq hissəsi düşsə də, bütün sahələrdə hökm sürən hərc-mərclik, təsərrüfat dağınıqlığı, böhran həyatı iflic vəziyyətinə salmışdı. Bu zaman, bir tərəfdən müstəqilliyə qovuşmaqla əlaqədar müstəqil ölkənin iqtisadiyyatını formalaşdırmaq, dağıntılar içində talan edilmiş təsərrüfatı ayağa qaldırmaq lazım idi. Digər tərəfdən isə sosialist ictimai-iqtisadi sistemindən imtina edildiyindən yaranmaqda olan ölkə iqtisadiyyatını yeni münasibətlər sistemi əsasında qurmaq tələb olunurdu. Müstəqillik təkcə onun bəyan edilməsi deyildi. Onun ən vacib şərti bu müstəqilliyin bütün sahələrdə təminatına nail olunması idi.
Əlverişli təbiəti, böyük təbii ehtiyatları və əmək resursları, zəngin mədəniyyəti olan Azərbaycan iqtisadiyyatı böyük potensiala malik idi. Lakin yaranmış böhran vəziyyətində onun düzgün istifadəsi, istiqamətləndirilməsi, idarə edilməsi xüsusi yanaşma tələb edirdi. Azərbaycanın iqtisadi potensialında karbohidrogen ehtiyatları əsas yer tuturdu. Lakin bu ehtiyatlar əbədi deyildir və müəyyən müddətdən sonra tükənməsi labüddür. Buna görə də yalnız bu potensiala güvənərək iqtisadiyyatın birtərəfli inkişafına rəvac vermək, ölkənin bu ehtiyatlardan asılılığı ilə barışmaq gələcəkdə problemlər üçün zəmin yaradır. Azərbaycan Respublikasında iqtisadiyyatın perspektivli sahələrindən biri də turizm idi.
Azərbaycanda turizm hələ Sovetlər dövründə müəyyən qədər inkişaf etmişdi. Burada SSRİ turizm idarəçiliyi sisteminə daxil olan müəyyən qurumlar da yaranmış və
inkişaf etmişdilər. Respublikada sanatoriya kurort müəssisələri, istirahət zonaları fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan SSR-də turizm sənayesinin təməlinin yaranması işində Heydər Əliyevin hələ müstəqilliyə qədərki fəaliyyəti dövründə gördüyü işləri qeyd etmək lazımdır. XX əsrin 70-80-ci illərində sanatoriya-kurort müəssisələrinin şəbəkəsi xeyli genişləndirilmişdi. 1984-cü ildə Azərbaycanda Xəzərsahili zonada ümumittifaq əhəmiyyətli kurortun yaradılması haqqında qərarın vevilməsində o zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu tutan Heydər Əliyevin səyləri mühüm rol oynamışdır.
Lakin 1980-ci illərin axırlarında SSRİ məkanında baş verən dramatik hadisələr və ziddiyyətli proseslərin başlaması ilə təkcə Azərbaycanda deyil, bütün ittifaq ərazisində turizm sənayesinə də ağır zərbə vurulur. SSRİ-nin parçalanması və müstəqil dövlətlərin yaranması dövründə isə turizm sənayesi son dərəcə ağır vəziyyətə düşür. Müstəqil Azərbaycanda turizmin inkişafı Sovet dövründən qalma cüzi təməl üzərindən start götürməli idi.
Müstəqilliyin ilk illərində turizmin köhnə dövrdən qalma potensialından istifadə etməkdən söhbət gedə bilməzdi. Sosial –iqtisadi sıxıntılar içində boğulan, hərbi təcavüzə məruz qalmış bir olkədə turizmdən danışmaq, ölkəyə turist cəlb etmək, bir sözlə, turizm sənayesinin az-çox fəaliyyətini təmin etmək üçün şərait yox idi. Bu mənada Azərbaycanın malik olduğu sovet dövründən qalma cüzi infrastruktur, bir də onun yaradılması və inkişaf etdirilməsi üçün dəyərli ola biləcək təbii və mədəni ehtiyatlar idi.
Onun tədricən dirçəldilməsi və inkişaf etdirilməsi yalnız ölkə iqtisadiyyatının dirçəldilməsi, ölkədə əmin-amanlığın təmin edilməsi, əhalinin maddi rifahının yüksəldilməsi, müharibə və təxribatların qarşısının alınması şəraitində mümkün idi. Turizm sahəsinin gənc Azərbaycan Respublikası üçün vacib olması təkcə onun özünün bu sahədə malik olduğu potensialından irəli gəlmir. Müasir dövrdə turizm dünya ölkələrinin böyük əksəriyyətində aparıcı sahələrdən birini təşkil edir.
Dünya iqtisadiyyatında turizm nisbətən cavan sahədir. O, qədim tarixə malik olsa da, ölkələrin iqtisadiyyatında yalnız son yüzillik ərzində daha böyük aktuallıq kəsb etmiş, daha çox gəlir gətirən sahələrdən birinə çevrilmişdir. Xüsusilə İkinci Dünya Müharibəsindən sonra inkişaf etmiş ölkələrin əksəriyyətində bir iqtisadiyyat sahəsi kimi ona böyük maraq göstərilir. Turizmin belə aktuallaşmasının səbəbi bir tərəfdən insanların səyahətlərə, maraqlı istirahətə meylinin artması idisə, digər tərəfdən elm və texnologiyaların inkişafı sayəsində nəqliyyatın və kommunikasiyanın güclənməsi, müxtəlif səbəblərdən gediş-gəliş imkanlarının genişlənməsi idi. Qloballaşma şəraitində dünya bütövləşdikcə insanların əlaqəyə girmək, birgə müzakirələr keçirmək, dünyanın maraqlı yerlərində olmaq, yeni-yeni ərazilər və orada yaşayan insanlarla, onların mədəniyyəti ilə tanış olmaq ehtiyacı da güclənir.
Turizmin iqtisadiyyatın gəlirli və maraqlı istiqamətlərindən birinə çevrilməsi ilə onun beynəlxalq aləmdə təşkilatlanması prosesi də başlayır. Onun günbəgün daha çox regionları və dövlətləri əhatə etməsi bu prosesi şərtləndirirdi. Qeyd olunduğu kimi, artıq XX əstin II yarısında turizm dünya ölkələrinin iqtisadiyyatının ən mühüm sahələrindən birinə çevrilir. 1947-ci ildə “Rəsmi Turist Təşkilatlarının Beynəlxalq Birliyi” yaranır. 1975-ci ildə bu təşkilat Ümumdünya Turizm Təşkilatı (ÜTT) kimi fəaliyyətini davam etdirir. Azərbaycan 2001- ci il sentyabr ayında Ümumdünya Turizm Təşkilatına üzv qəbul edilmişdir. (1)
Müasir dövrdə beynəlxalq turizm bazarı struktur baxımından sürətlə inkişaf edir. Beynəlxalq turizm dünyada ÜDM-in 9.5%-ni təşkil edir. Bu sahədə dünya üzrə rəsmi olaraq 266 milyon nəfər çalışır. Son 10 ildə turizmin ümumi ÜDM-də payı hər il üzrə 4% artmışdır. 2012 – ci ildə dünyada turistlərin sayı 1 milyardlıq həddi aşır. Həmin il onların sayı 1 035 milyon nəfərə çatır. 2013 – cü ildə dünyada turistlərin sayı 5% artaraq növbəti rekord həddə – 1087 milyon nəfərə çatmışdır.(2, s.5-6)
Belə bir şəraitdə müstəqilliyə qədəm qoymuş Azərbaycan bu proseslərdən kənarda qala bilməzdi. Turizmin həm dünya iqtisadiyyatında yeri, həm də Azərbaycanın malik olduğu potensial onun qeyri-neft sektoruna alternativ sahə kimi önəm verməsini zəruri edirdi. Buna görə də bu sahənin inkişafı üçün şərait olmadığı ilk dövrlərdə belə Azərbaycanda zəruri addımlar atılmağa başlamışdı. 1991-ci ildə Nazirlər Kabineti nəzdində Turizm Şöbəsi yaradıldı. O zaman iqtisadiyyatın digər sahələri kimi turizmin inkişafı üçün ilk addımlar atılsa da onun yenidən dirçəldilməsi üçün zaman tələb olunurdu.Onun maddi-texniki bazasının dağılması, ölkə daxilində mövcud olan pərakəndəlik, ermənilərin Azərbaycana etdiyi hərbi təcavüz, təhlükəsizlik probleminin kəskinliyi turizmə ağır zərbə vururdu.
Turizm sahəsinin inkişafında əsaslı dirçəliş 1990-cı illərin axırı – yeni əsrin əvvəllərində müşahidə edilməyə başladı. 1999-cu ildə “Turizm haqqında” qanun qəbul edilir. Bu hadisə turizm sahəsinə böyük irəliləyişin başlamasının göstəricisi oldu. Qeyd olunduğu kimi, Azərbaycanın 2001-ci ildə Ümumdünya Turizm Təşkilatına qoşulması onun beynəlxalq miqyasda ciddi fəaliyyəti üçün şərait yaradır.
Yeni əsrin əvvəllərində Azərbaycan Respublikasının həyatında yeni bir mərhələ başlayır. Əgər bundan əvvəlki dövrü ölkənin ictimai həyatının bütün sahələrində müstəqil dövlətçiliyin bərqərar olması, gələcək inkişafın startının verilməsi dövrü kimi xarakterizə etmək olursa, bundan sonrakı dövr həmin işlərin öz bəhrəsini verməsi dövrü kimi səciyyəvidir. Əvvəlki illər ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaradılmış fundament Azərbaycanın yeni mərhələdə öz potensialını tam şəkildə göstərməsi və həyatın bütün sahələrində əhəmiyyətli nəticələr əldə edərək özünü regional lider dövlət kimi təsdiq etməsini təmin etdi.
Azərbaycanın iqtisadi inkişafında neft amilinin əvəzsiz yeri vardır. Müstəqillik dövründə Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və reallaşdırılmağa başlamış neft strategiyası bu dövlətin iqtisadi əsaslarının formalaşmasında fundamental rol oynayır. Lakin elə həmin dövrdə də neft strategiyasını işə salmaqla yanaşı Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasında qeyri-neft sektorunun dirçəldilməsi və ölkə iqtisadiyyatında onun öz yerini tutması vacib məqamlardan biri kimi diqqəti cəlb edir. Qeyri-neft sektorunun ən perspektivli və cəzbedici sahələri içərisində turizmin payı kifayət qədər böyükdür. Bu sahənin inkişafı üçün Azərbaycanın malik olduğu potensial dövlətin ona münasibətdə həyata keçirdiyi proqramların düzgünlüyünü bir daha təsdiq edir.
Turizm iqtisadiyyatın digər sahələrindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. O, ictimai-iqtisadi həyatın demək olar ki, bütün sahələri ilə sıx bağlıdır. Onun normal inkişafı isə cəmiyyətin müəyyən səviyyədə minimum rifahının təmin edilməsini tələb edir. Buna görə cəmiyyətdə olan müsbət və mənfi amillər turizm sahəsində öz müvafiq təsirini göstərir.
2000-ci illərin ortalarında iqtisadi inkişafda əldə olunmuş nailiyyətlər, transmilli layihələrin işə düşməsi sosial-iqtisadi həyatın bütün sahələrində geniş fəaliyyət üçün şərait yaratdı. Ölkədə aparıcı neft sektoruna alternativ ola biləcək sahələrdən biri kimi turizmə də xüsusi diqqət yetirilir, onun güçlü maddi-texniki bazasının yaradılması, idarəedilməsi sisteminin təkmilləşdirilməsi, informasiya bazasının yaradılması, bu sahədə xidmətin müvafiq səviyyəyə qaldırılması, onun üçün peşəkar kadrların hazırlanması istiqamətində işlərə təkan verildi.
2001-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin fəaliyyətinə tutizm xüsusi bir istiqamət kimi əlavə edildi. Bu nazirlik Cənclər, İdman və Turizm Hazirliyi adlanmağa başladı. 2006-cı ildən etibarən isə turizm sahəsinin idarə edilməsi funksiyası yenidən yaradılmış Mədəniyyət və turizm nazirliyinin səlahiyyətinə daxil edildi. Elə həmin vaxtlardan başlayaraq turizm sahəsində işlər əhəmiyyətli dərəcədə genişləndirildi. Bir-birinin ardınca “Turizmin inkişafı üzrə dövlət proqramlarının” qəbulu və həyata keçirilməsi dövlətin bu sahəyə ayırdığı diqqəti nümayiş etdirirdi. İlk belə proqram 2002-2005-ci illərdə turizmin inkişafını nəzərdə tutan dövlət proqramı oldu. Dövlətin bu sahəyə xüsusi diqqət ayırması sayəsində burada böyük irəliləyiş müşahidə olunmaqa başlayır.
Ölkədə turizm sferasına diqqətin artırılması artıq 2000-ci illərin əvəllərindən bu sahənin göstəricilərində özünü büruzə verir. Ölkəyə gələn və xarici ölkələrə gedən turist axını günbəgün güclənir. Turizm industriyasının ehtiyaclarının tədricən ödənilməsi onun inkişafının yeni hədlərini açır.
Azərbaycan Respublikasına həm turist kimi, həm də müxtəlif məqsədlərlə səfər edən xarici vətəndaşların sayı ildən-ilə artır. Bütovlükdə onların qarşılanması, yerləşdirilməsi və digər xidmətlərlə əhatə edilməsi turizm sektoruna aid olan strukturların üzərinə düşür. Buna görə də ölkəyə gələnlər arasında qəti fərq qoymaq o qədər də düzgün deyildir.
Dövlətin turizm sahəsində işləri bir neçə istiqamətdə aparılırdı. Onların sırasına turizm qanunvericiliyinin gücləndirilməsi, turizm infrastrukturunun yaradılması, turizm kadrlarının hazırlanması, turizm sferasının idarə edilməsində işlərin təkmilləşdirilməsi, turizm sahəsində biznes strukturlarına dəstək verilməsi və s. daxil idi.
Ölkənin turizm sənayesini peşəkar kadrlarla təmin etmək üçün dövlət təhsil müəssisələrində bu ixtisas yönümlü istiqaməti genişləndirir. 2006-cı ildə isə prezidentin fərmanı ilə Azərbaycan Turizm İnstitutu təsis edilir. Yarandığı gündən turizm institutu sahənin kadr problemini həll etmək üçün geniş fəaliyyət proqramını həyata keçirir. Yeni standartlarla tədris prosesinə başlayan ATİ elə ilk gündən Avropanın qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq edir, birgə proqramlar əsasında tədrisi həyata keçirir. Avstriyanın, Almaniyanın, Fransanın, İspaniyanın, Yunanıstanın universitetləri ilə tələbə mübadiləsi çərçivəsində müasir tələblərə cavab verən hazırlıq prosesini qurmağa çalışır. 2014-cü ildən ATİ Azərbaycan Turizm və Menecment Universiteti kimi fəaliyyətini davam etdirir və onu daha da genişləndirir. 2006-cı ildə fəaliyyətə başlayan bu ali təhsil müəssisəsində 10 il ərzində yüzlərlə mütəxəssis yetişdirilmişdir. Onlar hazırda günbəgün genişlənməkdə olan turizm sferasının müxtəlif istiqamətlərində fəaliyyət göstərirlər. (3)
Elə həmin dövrdən etibarən turizmin statistik göstəricilərində ciddi irəliləyiş müşahidə olunmağa başlayır. İnfrastrukturun güclənməsində nailiyyətlər əldə edilir. Azərbaycana gələn turistlərin sayı da ilbəil artır. 2008-ci ildə ölkəyə gələn turistlərin sayı 1 milyon nəfəri keçir. xarici 2011-ci ildə buraya gələn xarici vətəndaşların böyük hissəsini turizm məqsədi ilə gələnlər təşkil edir. Artıq 2013-cü ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 2508,9 min nəfər olmuşdur. Ölkəmizə gələn xarici vətəndaşlar arasında aparılmış sorğunun nəticələrinə əsasən əcnəbi vətəndaşların 2129,5 min nəfəri (84,9 faizi) ölkəmizə turizm məqsədilə səfər etmişdir. (4)
2014-cü ildə turizm məqsədilə ölkəmizə gələn xarici vətəndaşların sayı 2013-cü illə müqayisədə 1,4 % artaraq 2159,7 min nəfər olmuşdur.(5)
Azərbaycana turist axınının güclənməsi, onun dünya turizm sisteminə inteqrasiyasında bütün başqa amillərlə yanaşı ölkədə sabitliyin təmin edilməsi, tolerantlıq mühitinin dəstəklənməsi və təlqin edilməsi istiqamətində Azərbaycan hakimiyyətinin yeritdiyi siyasətin əhəmiyyətini qeyd etmək vacibdir.
Azərbaycandan xarici ölkələrə turistlərin getməsi işinin təşkili də onun mühüm istiqamətlərindən biridir. Bu istiqamətdə də turistlərin sayında artım müşahidə edilməkdədir.
Otellərin sayının və keyfiyyətinin yüksəldilməsi, nəqliyyat sahəsində yeniliklər, istirahət zonalarının yaradılması, informasiya – reklam işlərinin gücləndirilməsi, ilbəil öz müsbət nəticələrini göstərir. 2004-cü ildə otellərin sayı 238-dən 2013-cü ildə 530-a çatır. Regionlarda olan aeroportların yenidən qurulması, turizm üçün əhəmiyyətli regionlarda aeroportların inşası nəqliyyat problemini həll etməyə imkan verir.
2004 – 2013-cü illər üçün mehmanxanalar haqqında məlumat (6)
2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013
Mehmanxana, mehmanxana tipli müəssisələrin sayı (vahid) 238 262 285 320 370 452 499 508 514 530
Nömrələrin (otaqların) sayı (vahid) 9827 10661 11403 11829 12789 13964 14158 14815 15898 16559
Son 10 ildə ölkədə yüksək kateqoriyalı otellərin sayı 2 dəfə artırılmışdır. Yeni otellərin içərisində çox məhşur dünya brendləri də vardır. Onlardan Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Grand Hotel Europe, Hilton Baku, Kempinski Hotel Badamdarı və s. göstərmək olar. Artıq regionlarda xeyli “5 ulduzlu” otellər istifadəyə verilmişdir.
2010-cu ildə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət Proqramı qəbul olundu. Bu proqramda regionlarda turizmin inkişaf etdirilməsi, orada turizm in-frastrukturunun gücləndirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi, məsələlərinə xüsusi diqqət ayrılır.
Dövlət Proqramının qəbul edilməsi turizmin inkişafına güclü təkan verdi. Bu vaxta kimi proqramın icrası çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müvafiq layihələr həyata keçirilmişdir. Yerlərdə turizm informasiya mərkəzləri şəbəkəsi genişləndirilir.(7)
2010 - 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində “Azərbaycanda palçıq vulkanları” turizm növü üzrə turların təşkili məqsədilə 2012-ci ilin 04 may tarixində Qaradağ rayonu ərazilərində Lökbatan, Daşgil və Qoturdağda “Palçıq vulkanı” ekoturizm marşrutu üzrə infotur keçirilmişdir. Şəki rayonu ərazisindəki atüstü turizm marşrutu üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü turist yürüşü keçirilmişdir. Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ilə bağlı şəhərimizə gələn qonaqların müxtəlif çeşidli ekskursiya proqramlarının təmin edilməsi ilə bağlı Bakı şəhəri üzrə 3 şəhər turu proqramı və region üzrə 1 ekskursiya proqramı hazırlanaraq həyata keçirilmişdir. (8, s.78)
Azərbaycana turistlərin gəlməsində sənədləşməni sadələşdirmək üçün yeni bir ciddi addım atılır. Azərbaycan Respublikası Prezidenti 20 noyabr 2012-ci ildə «Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında» 2577 nömrəli Sərəncam imzalayır. Onun icrasının təmin edilməsi məqsədilə 15 mart tarixindən elektron viza sisteminin tətbiqinə başlanılmışdir.(9, s. 60)
Regionların inkişafı üzrə dövlət proqramlarının qəbulu və reallaşdırılmasında turizmin payı çox böyük idi. Bu istiqamətdə həyata keçirilən sonuncu dövlət proqramı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionlarda iqtisadiyyatın mühim sahələrinin inkişafında, makroiqtisadi stabilliyin təmin edilməsində, sahibkarlıq fəaliyyətlərinin genişləndirilməsində, yeni müsəssisələrin yaradılması və iş yerlərinin açılmasında xeyli nailiyyətlər əldə edilir. Regionlarda əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin minimuma endidirlməsində turizm sənayesinin öz yeri və rolu vardır.
Azərbaycanda turizmə xüsusi diqqət yetirilməsini 2011-ci ilin “Turizm ili” elan edilməsi özündə təcəssüm etdirir. Azərbaycan Respublikası ilbəil xarici dövlətlərlə turizm sahəsində əməkdaşlığını genişləndirir. Bu sahədə beynəlxalq əməkdaşlığı artırmaq üçün Azərbaycan Respublikası Turizm və Mədəniyyət Nazirliyi Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi Turizm şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və.s. kimi beynəlxaq təşkilatlarla əlaqələrini gücləndirir. (10)
2002-ci ildən etibarən hər il Azərbaycanda “AITF” Beynəlxalq turizm sərgisi keçirilir. Həmin sərgilərdə müxtəlif ölkələrdən iştirak edən turizm şirkətlərinin sayının artması Azərbaycan turizminin artan inkişaf dinamikasını və genişlənən əlaqə miqyasını nümayiş etdirir. Bu sərgidə həm yerli, həm də xarici turizm şirkətlərinin nümayənləri iştirak edir. 2002-ci ildə 5 ölkədən 26 şirkət var idisə, artıq 2007-ci ildə 18 ölkədən 60 turizm şirəti iştirak etmişdir. Ondan sonrakı illərdə həmin sərgilərin miqyası və əhatə etdiyi ölkələrin və şirkətlərinin sayı artır. Qeyd etmək vacibdir ki, keçirilən sərgilər ölkə turizminin dünyada reklam edilməsinə xidmət edir. Turizm bazarının genişlənməsində və Azərbaycan turizm şirkətlərinin bu bazara cəlb olunmasında onların müstəsna əhəmiyyəti vardır.
Xaricdə keçirilən sərgilərdə Azərbaycan mütəmadi olaraq iştirak edir. Onlardan Nyu-York, London, Moskva, Berlin, Pekin, Madrid, Milan, İstanbul, Tokio və.s. şəhərlərdə keçirilən beynəlxalq sərgiləri göstərmək olar. Ölkə turizminin xarici ölkələrdə tanıdılması üçün internetdə, məşhur televiziya kanallarında reklam kampaniyalarında Azərbaycan turizmi reklam edilir.“Euronews”, “CNN”. “Discovery Channel”, “National Geographic”, “Travel Channel” kimi kanallarda ölkənin tanıdım çarxları yayımlanır.
Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri də ölkədə müxtəlif beynəlxalq tədbirlərin, forumların, müsabiqələrin, idman yarışlarının keçirilməsi, onların sayəsində Azərbaycanın mədəniyyətinin, mənəvi ruhunun, qonaqpərvərliyinin tanıdılmasıdır. Azərbaycanın turizm cəhətdən cəlbediciliyini nümayiş etdirmək, ölkəyə kütləvi turist axınına təkan vermək baxımından 2010-cu ildə keçirilmiş “Avrovizion” mahnı müsabiqəsini, 2015-ci il Bakıda Avropa idman oyunlarının əhəmiyyətini qeyd etmək olar. (11, s. 78)
Azərbaycan dövləti turizmin inkişafına yönəlmiş daxili və xarici investisiyanın artırılmasına böyük əhəmiyyət verir. Qeyri-neft sektorunun gücləndirilməsi kursunda onun ən perspektivli sahəsi olan turizm sferası diqqət mərkəzindədir. Azərbaycan turizminin perspektiv inkişafı 2013-2020-ci illəri əhatə edəcək turizm planında öz əksini tapmışdır. Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin genişləndirilməsi, yeni mehmanxana, turizm komplekslərinin tikilməsi, tarixi abidələrin bərpası nəticəsində 2016-cı ilə qədər turizm sahəsində 21.9% artımı nəzərdə tutulmuşdur. Regionlarda turizmin inkişafına xüsusi diqqət ayrılır. Bu məqsədlə turizm sisteminin inkişaf strategiyası aşağıdakı istiqamətlər əsasında qurulur və idarə olunur: Azərbaycanda qeyri-neft sektoruna ayrılan yatırımların artırılmasına əvvəlki illərdə də xüsusu diqqət yetirilirdi. Aşağıdakı cədvəldə bu göstərici əyani şəkildə göstərilmişdir.
Ölkə turizminin inkişaf potensialının 50%-i regionların payına düşür.(12)
2010 2011 2012 2013 1995-2013
Neft sektoruna qoyulan xarici investisiyalar (mln. ABŞ dolları) 3624.9 4124.6 4584.8 5235.6 48700.2
Qeyri – neft sektoruna qoyulan xarici investisyalar (mln. ABŞ dolları) 4622.9 4549.3 5729.2 5305.3 35078.9
Azərbaycan hökuməti son dövrlərdə ölkə iqtisadiyyatına daha çox xarici investisiya cəlb edilməsi istiqamətində müəyyən addımlar atmışdır. Bu işi sürətləndirmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Göründüyü kimi, göstərilən 4 ildə xarici invetisiyalar daha çox qeyri – neft sektoruna yönəldilmişdir.
Yeridilən ardıcıl xətt sayəsində Azərbaycan iqtisadiyyatında turizmin təsiri ildən-ilə artmaqdadır. 2013-cü ildə ÜDM-ə 1,343.1 milyon manat birbaşa turizm və səyahətdən qazanılmışdır. Bu isə ÜDM-nin 2.4%-ni təşkil edir. Bu göstəricinin 2024-cü ilə qədər 5.5%-ə qədər artması gözlənilir. 2013-cü ildə sırf turizm sahəsində çalışan əhalinin sayı 95.000 nəfərə çatmışdır ki, bu da əməkqabiliyyətli əhalinin 2.2%-i deməkdir. (13)
Ötən illər ərzində Azərbaycan turizm sənayesi inkişaf etdikcə onun genişlənmə imkanları da artır, mövcud potensialı güclənir. Dövlətin həyata keçirdiyi proqramlar sayəsində Azərbaycanın gələcəkdə böyük və inkişaf etmiş turizm ölkəsinə çevrilməsi üçün güclü baza təşəkkül tapır. Günbəgün turizm üçün əhəmiyyəti olan obyektlərin sayı artır, təbiət, tarixi və mədəniyyət abidələrinin turizm obyekti kimi istifadəsi üçün şərait genişlənir.
Özü-özlüyündə ölkənin təbiətinin qorunması, tarixi və mədəni abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində görülən işlər həmin obyektlərin turizm üçün istifarəsi üçün də əlverişli şərait yaradır. Məsələn, hal-hazırda ölkədə 14 dövlət təbiət qoruğu (Qızılağac, Zaqatala, Türyançay, Pirqulu, Şirvan, Bəsitçay, Qarayazı, İsmayıllı, Qaragöl, İlisu, Şahbuz, Eldar şamı, Palçıq vulkanları qrupu və Korçay), 8 milli park (Ordubad, Şirvan, Ağ göl, Hirkan, Altıağac, Abşeron, Şahdağ və Göy-göl) və 22 qoruq (Qarayazı, Şəki, Laçın, İsmayıllı, Qusar, Qızılca, Qubadlı, Zuvand, Şəmkir, Bərdə, Korçay, Bəndovan, Gil adası, Kiçik Qızılağac, Daşaltı ,Qəbələ, Arazboyu, Qax, Ordubad, Hirkan və Zaqatala) fəaliyyət göstərir. Milli parklar ölkə ərazisinin 3,1%-ni təşkil edir.(14)
Azərbaycanda yerli, respublika və dünya əhəmiyyətli qorunan tarixi və mədəniyyət abidələrin sayı 6000-ə yaxındır. Bunlara İçərişəhər, Çıraqqala, Qobustan, Keşişdağ, Xınalıq, Nardaran Qalası, Şuşa, Şəki, Lahıc, Zaqatala, Basqal, Gəncə, Qazaxın «Avey», Qəbələ, İlisu, Ordubadın «Gəmiqaya», Şərurun «Arpaçay», Ordubad, Culfanın «Gülüstan», Dəvəçinin «Çıraqqala», Dəvəçinin «Şabran şəhəri», Hacıqabulun «Pir Hüseyn Xanəgahı» və s., dövlət mədəniyyət, etnoqrafiya qoruqlarını misal gətirmək olar. (15)
Azərbaycanın zəngin turizm ehtiyatları burada onun müxtəlif novlərini inkişaf etdirməyə imkan verir. Hazırda mədəni turizm, idman turizmi, ekoloji turizm, kənd turizmi, etnoqrafik turizm və s. istiqamətlərə diqqət ayrılır, onların genişləndirilməsi və inkişaf etdirilməsi üçün məqsədyönlü iş aparılır.
Çoxsaylı dini tikililər, məbədlər, ziyarətgahlar dövlət qayğısı ilə əhatə olunur. Milli mədəni irsin öyrənilməsi, təqdim və təbliğ edilməsi istiqamətində işlər görülür. Bu işlər ölkə turizminin müxtəlif istiqamətlərini inkişaf etdirmək üçün zəngin baza rolunu oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxiş” inkişaf konsepsiyasinda turizmə böyük önəm verilir. Konsepsiya çərçivəsində turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmət sahələrinin dairəsinin genişləndirilməsi, bu sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi və ÜDM-də xüsusi çəkisinin artırılması istiqamətində böyük tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.(16)
Göründüyü kimi, son dövrlərdə Azərbaycan iqtisadiyyatının inkişafının diversifikasiyası yönümündə aparılan dövlət siyasəti turizmə diqqəti daha da artırır. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyev öz nitqində turizmin inkişafını sürətləndirməyin vacibliyini bir daha vurğulamışdır. (17)
Qeyri-neft sektorunda özünəməxsus yüksək yer tutan turizmin yaxın gələcəkdə ölkə iqtisadiyyatının aparıcı sahələrdən biri olması gözlənilən reallıqdır və dövlətin bu sahədə apardığı siyasət bu reallığın həyata keçməsinə istiqamətlənmişdir. Son illərdə Azərbaycan turizminin dünyada təbliğatında əhəmiyyətli irəliləyiş müşahidə olunmaqdadır. (18, s. 82-88)
Dünya mətbuatında, elektron informasiya vasitələrində aparılan intensiv iş, sərgilərdə Azərbaycanın turizm imkanlarının və cəzbedici cəhətlərinin yerləşdirilməsi, bu sahədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi ölkədə turizmin genişlənməsində özünü göstərir. Belə bir inkişaf Azərbaycanı dünyanın aparıcı turizm ölkələrindən birinə çevrilməsi hədəfinə yaxınlaşdırır.
ƏDƏBİYYAT:
1. http://www2.unwto.org/content/history-0
2. UNWTO hightlights 2014, s. 5-6. http://www.e-unwto.org/doi/df/10.18111/9789284416226
3. http://tourism.edu.az/2015/index.php/haqq-m-zda/ati-r-q-ml-rd
4. http://www.stat.gov.az/source/tourism/az/Gelme-getme_turizm2013.pdf)
5. http://www.stat.gov.az/source/tourism/az/Gelme-getme_turizm.pdf)
6. http://www.stat.gov.az/source/tourism/
7. “Xalq qəzeti” 11 fevral 2014-cü il)
8. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin illik HESABATI 2012, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bakı 2013, səh 78)
9. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin illik HESABATI 2013, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bakı 2014, səh 60)
10. http://mct.gov.az/styles/doc/hesabat_2014.pdf
11. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin illik HESABATI 2012, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bakı 2013, səh 78)
12. http://www.stat.gov.az/source/tourism/
13. Production and Services Catalogue 2015 – ICAO, Databases)
14. http://mct.gov.az/about-tourism) ( http://ekoturizm.az/home.htm)
15. http://mct.gov.az/upload/1446100065mto.pdf)
16. “Azərbaycan 2020: Gələcəyə baxiş” inkişaf konsepsiyası. Bakı, 2012, səh 17)
17. http://president.az/articles/17442)
18. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin illik HESABATI 2014, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bakı 2015, səh 82-88)
Geostrategiya" jurnalı № 01 (31) YANVAR-FEVRAL 2015
Strategiya.az
Azərbaycanda 1990-cı ilin yanvar faciəsi haqqında mülahizələr
Xəzərin hüquqi statusunun təsdiqi və onun regionda əhəmiyyəti
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM