Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər

11:47 / 15.04.2014

İbrahim Əliyev

Tarix üzrə fəlsəfə doktoru, dosent

“Yenidənqurma” (Perestroyka) tarixdə Sovetlər İttifaqı  və dünya sosializm sisteminin həyatının həlledici və son mərhələsi kimi özünəməxsus yer tutur. XX əsrin 80-ci illərinin II yarısını əhatə edən bu dövrdən xeyli müddət keçməsinə baxmayaraq, o hələ də tədqiqatçıların diqqətini cəlb edən problemlər sırasındadır. Həmin dövrün çox  məqamları hələ də öz son qiymətini almamışdır və həmin məqamlara yekun qiymətinin verilməsi bu gün  gedən mürəkkəb proseslərin də dərk edilməsi üçün böyük əhəmiyyətə malikdir. Belə ki haqqında danışılan təzahürlər böyük bir prosesin tərkib hissəsi  olmaqla bütöv bir mərhələnin mərkəzi və çox əhəmiyyətli məqamlarından biridir.

“Yenidənqurma” dövrünün təzahürlərindən biri  SSRİ-də milli münasibətlər probleminin aktuallaşması,  ölkənin müxtəlif regionlarında  etnik zəmində çoxsaylı münaqişə ocaqlarının yaranması idi. Qısa müddət ərzində mərkəzi hakimiyyətin apardığı siyasət nəticəsində Kommunist ideologiyası öz təsirini itirir. Sosialist ideallarının dəyərdən düşməsi xalqların bir ictimai-iqtisadi, siyasi-ideoloji məkanda birləşməsinin zəruriliyini aradan qaldırır. Dərin sosial-iqtisadi böhran yaşayan, ideoloji boşluğa düşmüş Sovet cəmiyyəti parçalanmaq reallığı ilə üz-üzə qalır.

O zaman Sovet dövlətinin və cəmiyyətinin dağılmasını heç də hamı istəmirdi. Lakin bu gün tam inamla demək olar ki, bu prosesin getməsində maraqlı olan xeyli daxili və xarici qüvvələr mövcud idi.  Şübhəsiz, bütün Sovet tarixi dövründə bu dövlətin tərkibində olmaq məcburiyyətində olan xalqların əksəriyyətinin müstəqillik arzusunun olması reallıq idi. Lakin müstəqillik məsələsinin  qaldırılması və onun ətrafında xalq hərəkatının başlanması ilk əvvəldən ortaya çıxmamışdı. İlk vaxtlarda ölkənin parçalanması və milli ərazilərdə müstəqil dövlətlərin yaradılması məsələsi deyil, onun üzləşdiyi ictimai-iqtisadi və siyasi böhranın aradan qaldırılması bir məqsəd kimi qarşıya qoyulmuşdu. 1980-ci illərin sonlarına qədər bu məsələ açıq şəkildə qoyulmamışdı. Yalnız “Yenidənqurma” prosesinin son mərhələlərində sosialist ideallarından imtina edilməsi və yeni dəyərlər sisteminə keçidin dönməz olması reallığı cəmiyyət tərəfindən dərk ediləndə milli istiqlaliyyət məsələsi aparıcı istiqamətlərdən birinə çevrilir.

“Yenidənqurma”nın mahiyyəti, onun məqsədləri, bu ideyanı ortaya atanların və bu xətti yeridənlərin əsl niyyət və məqsədləri elmi ədəbiyyatda mübahisəli məqamlar kimi qalmaqdadır. Həmin hadisə və proseslərə münasibət birmənalı olmadığı kimi, onun sadalanan cəhətlərının müxtəlif dövlət xadimləri və tədqiqatçılar tərəfindən dəyərləndirilməsi də fərqlidir.  Onların sırasında  “Yenidənqurma”nın aparıcı şəxsiyyəti M.Qorbaçovun əvvəlcədən SSRİ-ni dağıtmaq və sosializm sistemini iflasa gətirib çıxarmaq məqsədinin olmasından tutmuş bu proseslərin tədricən nəzarətdən çıxması və arzuolunmaz nəticələrə gətirib çıxarması ideyasına qədər fərqli fikirlər politrası mövcuddur. Bu mürəkkəb suallara reallığı özündə əks etdirən cavabların tapılması hələ çox tədqiqatların aparılmasını tələb edir.

Haqqında danışılan problem çoxşaxəlidir. İctimai həyatın bütün sahələrində öz unikal təzahürləri ilə xarakterik olan  “Yenidənqurma” prosesinin ən maraqlı və ziddiyyətli məqamlarından biri milli problemlərlə bağlıdır. Düzdür, həmin dövrün ictimai həyatının müxtəlif sahələrinin problemlərini bir birindən təcrid olunmuş şəkildə təsəvvür etmək, onları ayrıca izah etmək mümkün deyildir. Həyatın bütün sahələrini əhatə edən bu prosesə yalnız kompleks şəkildə yanaşmaqla əsl mahiyyətini dərk etmək mümkündür.

1985-ci ildə M.Qorbaçovun hakimiyyətə gəlişi ilə əsası qoyulmuş “Yenidənqurma”   prosesi ilk vaxtlar sosializmin bu vaxta qədər əldə etdiyi nailiyyətlərin qorunub saxlanması, sosializm cəmiyyətinin  yad elementlərdən və neqativ meyllərdən azad edilməsi, iqtisadiyyatın sağlamlaşdırılması, geriləmə tendensiyalarının qarşısının alınması istiqamətində aparılan islahatlar kimi qəbul edilirdi. Onun əsasını qoyanların həqiqi niyyətlərindən asılı olmayaraq, başlanan islahatlar ən azı cəmiyyət tərəfindən belə dərk olunur və qəbul edilirdi. Ölkə əhalisinin gözləntiləri də məhz bu ümidlərlə bağlı idi. Lakin zaman keçdikcə nəinki deyilən istiqamətdə elə bir müsbət irəliləyiş hiss edilmədi, əksinə, bütün sahələrdə dağılma və geriləmə meylləri açıq-aşkar şəkildə artan yönümdə inkişaf etməyə başladı. Cəmiyyətin sosial, iqtisadi, siyasi və mədəni həyatında parçalanma, məcradan çıxma müşahidə edilməyə başladı. Mövcud cəmiyyətin həmin dayaqlarının sarsılması məntiqi olaraq onun parcalanmasına rəvac verdi. Çoxmillətli sovetlər ölkəsində yaşayan xalqların və millətlərin birliyinin maddi və mənəvi-ideoloji təməlinin sarsılması  ölkənin parçalanması və müstəqil milli dövlətlərin yaranması üçün zəmin formalaşdırdı. Həmin hadisələrdən xeyli müddət keçməsinə baxmayaraq, hələ də onların kökündə dayanan səbəblərin obyektiv və subyektiv cəhətləri nisbətini birmənalı şəkildə dəyərləndirilməmişdir. Çox güman ki, bu qeyri müəyyənlik həmin proseslərin hələ də tam başa çatmaması və müasir dövrdə təsir etməkdə davam etməsi ilə bağlıdır.

SSRİ-də sosializm ictimai-iqtisadi sisteminin iflasa uğraması, onun parçalanması soyuq müharibənin qarşı cəbhəsinin başlıca məqsədi idi. Onlar var gücləri ilə bu proseslərə təkan verir, gedən dağıdıcılıq meyllərini sürətləndirməyə çalışırdılar.  Şübhəsiz, ölkənin özündə də onların xeyli tərəfdarları və həmin planları reallaşdırmağa  çalışan  qüvvələri mövcud idi. Lakin mərkəzi hakimiyyətdə “Yenidənqurma” adı altında cəmiyyətin əsaslarını sarsıdan addımlar atan komandanın həmin planlarla bağlılığı  haqqında dəqiq fikir söyləmək çətindir. Lakin atılan addımların həmin məqsəd və planların mahiyyətinə uyğunluğu şübhəsizdir.

Sovet rəhbərliyinin  1980-ci illərin II yarısında apardığı siyasi xəttə dərindən diqqət yetirdikdə atılan addımların məqsədyönlülüyünə şübhə qalmır. İqtisadiyyatda, sosial sahədə həyata keçirilən islahatların bütün cəmiyyəti  təlatümə gətirəcəyi əvvəlcədən gözlənilən idi. Lakin köhnə qaydada yaşamaq, köhnə ictimai-iqtisadi sistemi nəyin bahasına olursa olsun qoruyub saxlamaq da yaxşı bir şey vəd etmirdi.  Artıq cəmiyyətin hər bir vətəndaşı üçün aydın idi ki, ictimai həyat dəyişməli, mövcud problemləri aradan qaldırmaq üçün radikal islahatlar keçirilməlidir. Belə bir şəraitdə atılan addımlar aparılan təbliğatın təsiri altında cəmiyyət tərəfindən səmimi qarşılanırdı. Məhz bu səbəbdən mövcud ictimai-iqtisadi sistemin əsaslarının dağılması, yeni dəyərlər sisteminə keçid, sosializm quruluşundan imtina, bazar münasibətləri təməlində yeni münasibətlərin qurulması prosesi son məqamlara qədər elə bir ciddi müqavimətə rast gəlmədi.  Həqiqət tam aşkarlığı ilə üzə çıxanda isə artıq gec idi: cəmiyyət parçalanmış, köhnə cəmiyyətin mənfur obrazı yaradılmış,  insanları birləşdirən dəyərlər qiymətdən salınmışdı. Ən başlıcası isə yeni cəmiyyətin daşıyıcıları olan elə bir təbəqə formalaşmışdı ki, onlar təşəbbüsü ələ keçirərək öz oyun qaydalarını cəmiyyətə sırıya bilirdilər. (1)

Hakimiyyətdə kök salmış həmin qüvvələr birdən-birə və təsadüfən ortaya çıxmamışdı. Onlar Sovet dövlətinin bütün tarixi ərzində həmişə  mövcud olmuş, həmişə  gurultulu təbliğatın  pərdəsi altında gizlənərək öz bildiklərini  yeritməyə nail olmuşdular. Xüsusən, qeyri-rus millətlərinə, müsəlman xalqlarına münasibətdə həmin qüvvələr zaman-zaman özlərini göstərirdilər. Ayrı-ayrı xalq və millətlərə münasibətdə tarixin müxtəlif  dövrlərində tətbiq edilən repressiyalar, onların tam və ya qismən deportasiyaya məruz qoyulması, iqtisadi resursların bölüşdürülməsində ayrı-seçkiliyə yol verilməsi, milli regionların inkişaf etdirilməsinə  ögey münasibət,  siyasi məsələlərdə, dövlət quruculuğunda, nomenklatura məsələlərində açıq-aşkar imperiya düşüncəsinin hakim olması bu dövlətin heç də şüarlarında və ideoloji təbliğatlarında təqdim olunduğu  kimi olmamasını hər addımda büruzə verirdi. Sovet dövlətinin milli münasibətlər məsələsində qərəzli siyasətinin göstəricilərindən biri də, konkret olaraq potensial mili münaqişə ocaqlarının qorunub saxlanması idi. Buna misal kimi ermənilərin türk xalqlarına nifrətini ifadə edən soyqırımı abidəsinin 1967-ci ildə inşa edilməsi, orada aparılan antitürk, antiazərbaycan  təbliğatını göstərmək olar(2).  İttifaq hakimiyyəti   bu məsələlərə nəinki göz yumurdu, eyni zamanda ona hərtərəfli şərait yaradırdı. Bütün Sover hakimiyyəti illərində dünyanın müxtəlif yerlərindən ermənilərin fasiləsiz olaraq müxtəlif  bəhanələrlə Cənubi Qafqaz respublikalarına köçürülməsi və məskunlaşdırılması də həmin məqsədlərə xidmət edirdi. Qeyd edək ki, ermənilərin xarici ölkələrdən Ermənistana və Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə köçürülməsi və yerləşdirilməsi “yenidənqurma” dövründə daha geniş vüsət almışdı.  Sonradan milli zəmində baş vermiş münaqişə zonalarının hər birində bu tipli məsələləri müşahidə etmək mümkün idi. Hər regionun öz xüsusiyyətinə uyğun potensial münaqişə  amilləri qorunub saxlanılırdı.(3)

“Yenidənqurma” dövründə alovlandırılan milli münaqişələrin ikili əsası – obyektiv və subyektiv əsası mövcud idi.  Birincisi, Sovet dövlətinin partiya və dövlət sənədlərində bəyan edildiyinin ziddinə olaraq milli məsələ nəinki həll edilməmişdi, həm də yeni dövrün ictimai-iqtisadi, siyasi-mənəvi həyatın böhranı şəraitində daha da dərinləşmiş,  partlayış həddinə gəlib çıxmışdı. Bu münaqişələrin başlaması üçün kifayət qədər obyektiv zəmin artıq çoxdan yaranmışdı. Uzun illər milli ucqarlara münasibətdə yeridilən ayrı-seçkilik siyasəti, bir çox məsələlərdə milli maraqların sıxışdırılması istənilən vaxt münaqişənin alovlanması üçün münbit şərait yaradırdı. İctimai-iqtisadi həyatın  milli mənşə ilə bağlı olmayan problemləri isə həmin sahədə formalaşmış  partlayıcı materialı daha da gücləndirirdi.

İkincisi, subyektiv amil bu məsələdə daha güclü təsirə malik idi. SSRİ-nin dağılması ərəfəsində  hərc-mərcliyin, özbaşınalığın törətdiyi hadisələr kimi təlqin edilən etnik münaqişələr əslində vahid mərkəzdən idarə edilir, vahid ssenari əsasında cərəyan etdirilir və konkret məqsədlərə xidmət edirdi.

Milli zəmində baş vermiş, əksəriyyətinin isə bu gün də davam etdiyi konfliktlərin siyahısı xeyli böyükdür. 1986-cı ildə baş vermiş Alma Ata hadisələri ilə  açıq münaqişələrin sırasını 1988-ci ilin fevralında başlamış Dağlıq Qarabağ münaqişəsi, (4), 1989-cu il Gürcüstan hadisələrinə təkan vermiş gürcü-abxaz və gürcü osetin münaqişələri, Moldovada Pridnestrovye münaqişəsi,  Tacikistanda,  Özbəkistanda, Qırğızıstanda, Şimali Qafqazda milli-etnik zəmində baş vermiş münaqişələr davam etdirir. Zaman və məkan cəhətdən bir-birindən fərqlənsə də, onların səbəbləri, davam etmə ardıcıllığı, törətdiyi nəticələrə və sairə əlamətlərinə görə vahid məntiq çərçivəsindən kənara çıxmamışdır.  Düzdür, onların hər birinin xidmət etdiyi konkret məqsəddən asılı olaraq fərqləri də var idi. Lakin onları birləşdirən ümumi cəhət milli-etnik zəmində baş versələr də münaqişə iştirakçısı olan xalq və millətlərin qayğı və problemlərindən uzaq, özgə maraqlara xidmət etməsində idi. Üzdə olan səbəblərin, həqiqətən, ciddi əsası olmasına baxmayaraq, onlar adətən diqqət kənarında qalırdı. Münaqişələr heç də həmin problemlərin həllinə deyil, kənar siyasi qüvvələrin məqsədlərinin təmin edilməsinə istiqamətləndirilirdi.   Bu,  münaqişənin alovlanması üçün həlledici olmuş amillərin əsas səbəb deyil vasitə olduğınu söyləməyə əsas verir.(5,6)

Milli münaqişə ocaqlarının yaradılmasında birinci məqsəd problemlər məngənəsində boğulan və polietnik dövlət olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Sovet imperiyasının  tərkibindən çıxmağa və müstəqilliyə can atan  xalqların  cəhdlərinin qarşısını almaq olmuşdur.  “Yenidənqurma” dövrünün  Sovet dövləti və partiya rəhbərliyi başa düşürdü ki, ittifaq miqyasında çoxsaylı xalq və millətləri vahid ictimai-iqtisadi, siyasi və mədəni məkanda birləşdirən  amillərin itirilməsindən sonra  onların müstəqilliyə doğru başlanan hərəkatının qarşısını yalnız güc yolu ilə almaq mümkündür.

Münaqişələr zamanı  hakimiyyət tərəfindən atılan addımlar normal məntiqə uyğun  gəlmirdi. Bu addımlar münaqişənin qarşısını almaq, onun səbəblərini aradan qaldırmaqdan çox onun daha da dərinləşməsinə təkan verirdi. Milli zəmində qarşıdurma üçün yaradılan şərait  münaqişələrin başlanmasını qaçılmaz edirdi. Həmin şəraiti yaradanlar  rəsmi strukturların rəsmi bəyanatlarının ziddinə olaraq münaqişənin başlayacağına əmin idilər. Onlar hadisə və proseslərin hansı istiqamətdə gedəcəyini, hansı nəticələrə gətirib çıxaracağını da əvvəlcədən görürdülər. Məhz bu səbəbdən partiya və dövlətin konkret situasiyalarda atdığı addımlar çox zaman sağlam düşüncəyə uyğun gəlmir, insanların təəccübünə və narazılığına səbəb olurdu.  Münaqişələrin hər birində saysız-hesabsız  qəribəliklər, məntiqsizliklər, müəmmalar onların görünən səbəblərindən çox gizli səbəblərlə bağlı olmasından xəbər verirdi.

1986-cü ildə Alma-Ata  hadisələri zamanı məsələləri qarışdıran gizli bir əlin hiss edilməsi, 1989-cu ildə Tbilisi hadisələrində müəmmalı məqamlar, 1988-ci ildə Sumqayıtda və 1990-cı ilin yanvarında Bakıda baş verən hadisələrdə müşahidə edilən gizli “təşkilatçılıq” işi bu münaqişələrin daha mürəkkəb məqamlarla bağlı olduğunu,  gizli planların tərkib hissəsi olduğunu sübut edir. Həmin hadisə və prosesləri ayrıca, elementar məntiqi nöqteyi nəzərdən izah etmək mümkün deyildir. Onların hamısı SSRİ-də gedən mürəkkəb proseslərin tərkib hissəsi idi. Onlara yalnız kompleks yanaşmaqla, bütün ətraf hadisə və proseslərlə hərtərəfli əlaqədə dərk etmək və dəyərləndirmək mümkündür. (7,8)

“Yenidənqurma”  dövründə sovet və partiya rəhbərliyinin həyata keçirdiyi işlər yarımçıqlıq, qeyri-ardıcıllıq, səriştəsizlik təəssüratı yaradırdı.  Lakin mövcud faktların sistemli analizi  belə bir nəticəyə gəlməyə  əsas verir ki, həyata keçirilən plan  dərindən düşünülmüş dəqiqliklə reallaşdırılmış və gözlənilən nəticələr əldə edilmişdir.  Sadəcə olaraq, bu nəticələr ölkədə əksər insanların gözlədiklərinə  uyğun olmadığından  atılan addımlar səhv dəyərləndirilir. Şübhəsiz, yenidənqurmanın aparıcıları üçün də əvvəlcədən gözləmədikləri, onlar üçün   arzuolunmaz nəticələr də var idi. Onların olması qaçılmaz idi. Çünki ictimai həyatda  hər şeyi planlaşdırmaq və 100 faizlik  nəticə əldə etmək mümkün deyildir. Tarixi inkişafın özünün obyektiv inkişafından doğan nəticələr gözləntilərlə tam şəkildə üst-üstə düşə bilməzdi. Münaqişələrin arxasında duran qüvvələrin istəyindən asılı olmayaraq bir sıra obyektiv  nəticələr də tarixi situasiyanın yaranmasında öz rolunu oynayır. İlk nəticə kimi hadisələri provokasiya edənlər istədikləri nəticələri əldə etsələr də, proseslərin sonrakı davamı onların iradəsindən kənar nəticələrin ortaya çıxmasına gətirib çıxarır. 

Qeyd olunduğu kimi, tədqiqatçıların çoxunun əsərlərində  “Yenidənqurma”  dövründə hakim Kommunist partiyası və Sovet dövləti rəhbərlərinin buraxdığı səhvlərdən danışılır. Zənn edirəm ki, burada səhvdən daha çox məqsədyönlü addımlardan danışmaq lazımdır.  Aparılan siyasi xəttin bəyan olunan məqsəd və vəzifələrə uyğun gəlməməsi  onun səhv olması qənaətinə gətirirdi. Onların əsl mahiyyətinin dərk edilməsi üçün isə reallıqların adekvat araşdırılması və dəyərləndirilməsi tələb olunur.

Qeyd olunduğu kimi, “Yenidənqurma” adı altında həyata keçirilən siyasi xəttin başlıca məqsədi kapitalizm dünyası ilə barışmaz soyuq müharibədə məğlub olan və öz süqutuna yaxınlaşan Sovetlər İttifaqınında millətlərin müstəqillik əldə etməsi deyildi.  Əksinə,  milli məsələ sahəsində qarşıya qoyulan vəzifə cəmiyyətin qlobal dəyişməsi məqamında millətlərin müstəqilləşməsinin qarşısının alınması idi. Başlıca məqsəd SSRİ-də mövcud ictimai-iqtisadi sistemin dəyişdirilməsi,  Qərb modelinə uyğun sistemə keçid, sosialım sistemindən imtina edilməsi idi. Düzdür, bu məqsədlər ilk vaxtlar cəmiyyət tərəfindən təsəvvür edilməsə də, artıq 1988-cil ildən sonra hadisə və proseslərin gedişindən son hədəfin konturları artıq aydın şəkildə müşahidə olunmağa başlamışdı.

Köhnə sistemin iflasının labüd nəticələrindən biri məhz çoxmillətli sovet dövlətində milli zəmində çoxsaylı   münaqişələrin baş verməsi idi. Hadisə və proseslərin idarə edilməsində geniş imkanlara malik olan siyasi qüvvələr üçün bu münaqişələr gözlənilməz deyildi,  onlar bu məsələlərdə dəqiq fəaliyyət proqramına malik idilər. Bunu ilk baxışda xaos təsiri bağışlayan münaqişələrin gedişində müşahidə edilən oxşarlıqlar, habelə faktlar sübut edir. 1986-cı ildə Qazaxıstanda əhalinin qəbul edə bilməyəcəyi kadr dəyişikliyi aparılanda(9), ayrı-ayrı respublika və digər milli ərazilərdə separatçı çıxışlara şərait yaradılanda, milli qırğınlar uşun təxribatlara yol verəndə və müvafiq hakimiyyət orqanlarının həmin məsələlərdə passivliyini qəsdən təşkil edəndə bunların nə ilə nəticələnəcəyini görmək üçün dərin siyasi savada da ehtiyac yox idi. Pis pərdələnmiş təxribatlar məkrli niyyətlərdən və kobud imperiya ambisiyalarından xəbər verirdi.

Sovet dövlətinin və hakim Kommunist partiyasının 1980-ci illərin son illərində milli münasibətlər sahəsində qəbul etdiyi sənədlər və atdığı konkret addımlar millətlər arasında yaranmış qarşıdurmanı aradan qaldırmaq, onları dinc yolla nizama salmaq əvəzinə vəziyyəti daha da gərginləşdirməyə aparırdı. 1986-cu ildə Sov.İKP-nin XXVII qurultayının sənədlərində SSRİ-də milli məsələnin həll edildiyini bəyan edən müddəanın özü inamdan çox şübhə yaradırdı(10).  Bir qədər sonra milli respublikalarda SSRİ konstitusiyasının “Millətlərin öz müqəddəratını təyin etməsi hüququnu” bəyan edən müddəasına istinadən açıq çıxışlar başlanır.

1990-91-ci illərdə ittifaq dövlətinin saxlanması üçün edilən cəhdlər, ittifaq prinsiplərinin dəyişdirilməsi istiqamətində edilən təkliflər, yeni ittifaq müqaviləsinin hazırlanması və imzalanması üçün hazırlıq işlərinin aparılması, ittifaqın taleyini hüquqi cəhətdən gücləndirmək üçün başdan ayağa kimi saxtalaşdırılmış referendumun keçirilməsi problemləri həll etmək əvəzinə vəziyyəti daha da mürəkkəbləşdirir, mövcud ittifaq dövlətinin iflasının yaxınlaşdığını əyani şəkildə nümayiş etdirirdi.(11)

Yeni ittifaq müqaviləsinin imzalanması üçün planlaşdırılan Novo-Oqaryovo görüşü baş tutmur. SSRİ-nin dağılmasının sonuncu təkanı olan 1991-ci il avqust qiyamı və bu məqsədlər tarix səhnəsinə çıxmış Fövqəladə Hadisələr  üzrə Dövlət Komissiyasının iflası bu ölkədə milli məsələdə də o vaxta kimi formalaşmış reallığı rəsmi şəkildə təsdiq etmiş oldu. “Yenidənqurma” siyasətinin əsl  mahiyyətini ört-basdır edən pərdələr götürüldü. Bu da, faktik olaraq, çoxmillətli sosialist imperiyasının parçalanması və müstəqil dövlətlərin yaranması prosesini sürətləndirdi.

Dağılma prosesi başa çatsa da,  “Yenidənqurma”  siyasətinin törəməsi olan milli münaqişələr başa çatmadı. Əslində imperiyanın dağılması və onun tərkibinə daxil olan millətlərin xeyli hissəsinin dövlət müstəqilliyinə qovuşması mütərəqqi bir reallıq idi.  Lakin yalançı vədlərlə maskalanmış  avantürist  siyasət sayəsində bu müstəqillik ağır qurbanlar hesabına başa gəldi. Eyni zamanda həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq,  o münaqişələrin heç biri həllini tapmayıb. Bunun əsas səbəbi isə onların həllində ciddi əngəl olan həlledici gücə malik kənar maraqların olmasıdr. Məsələnin həlli həmin maneələrin aradan qaldırılmasındadır.  

 

 

Qeydlər:

 

1.          Этно-национальные вооруженные конфликты на территории СССР в годы перестройки http://history4you.ru/lessons/ussr-crisis/show-lesson/-/asset_publisher/sqcu6oPUQ1B7/content/id/22015

2.          http://www.armenia.orexca.com/rus/museum_genocide.shtml

3.          Российский Государственный Архив Новейшей Истории  (РГАНИ),  ф.89, оп.11, д.40, л.1-3   

4.          РГАНИ ф.89, оп.42, д.19 л.1-8 

5.          Независимая газета,23 июля 1991 г.

6.          А.Г.ОСИПОВ. Опубликовано: Ферганская долина: этничность, этнические процессы, этнические конфликты. М.: «Наука», 2004.

7.          М. Калишевский Загадки «Желтоксана». К 25-летию алма-атинских событий 16–18 декабря 1986 года http://www.fergananews.com/articles/7210

8.          http://history4you.ru/lessons/ussr-crisis/show-lesson/-/asset_publisher/sqcu6oPUQ1B7/content/id/22015

9.          http://www.turkist.org/2011/12/jeltoksan-1986-ekspert.html. Независимое издание "Тюркист"

10.        Sov.İKP Proqramı(Yeni redaksiya). Bakı, 1986

11.        «О порядке решения вопросов, связанных с выходом союзной республики из СССР»).http://sevkrimrus.narod.ru/ZAKON/1990.htm    

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM